Bakıda “Xanədan” etno-restoranında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan Mətbəxi” adlı qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hazırlanmış eyniadlı kitabın təqdimat mərasimi keçirilib. 20 Oktyabr – Beynəlxalq Kulinariya Gününə həsr olunan mərasimdə 150 nəfərəə yaxın alim, mütəxəssis, tələbə və ictimai xadim iştirak edib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən tərtib edilən “XIX əsr İrəvan Mətbəxi” kitabı Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşmış milli kulinariya irsimizin bərpasına həsr olunub. Əsər, eyni zamanda, ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycan mətbəxinin tarixi köklərini elmi əsaslarla sübuta yetirir.
208 səhifəlik nəşr 85 mənbəyə istinadla, 1884-cü ildə İrəvanda doğulmuş, 1913–1922-ci illərdə orada yemək və şirniyyat dükanı işlətmiş usta Əliqulu Zeynalovun əlyazması əsasında hazırlanıb. Kitabda 97 adda xörək, şirniyyat və içki növünün hazırlanma qaydaları, fotoşəkilləri, miniatür və rəsmləri təqdim olunur. Eyni zamanda, əsərdə dövlət poçt markaları, etnoqrafik təsvirlər və mətbəx mədəniyyətinə dair elmi izahlar yer alır.
Təqdimatda Əməkdar Mədəniyyət İşçisi, t.ü.f.d. Tahir Əmiraslanov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru İlhamə Məmmədova, “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent Cəbi Bəhrəmov, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə, QHT rəhbərləri Xanoğlan Əhmədov, İradə Rzazadə, Rauf Zeyni, eləcə də təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.
Mərasimdə Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyası nəzdində fəaliyyət göstərən aşpazlıq və qənnadıçılıq kurslarının müdavimləri, həmçinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri tərəfindən İrəvan mətbəxinə məxsus xörəklər və şirniyyatlar sərgilənib. Ən fəal iştirakçılar sertifikatlarla təltif olunublar. Tədbirin sonunda kitabların imzalanma və paylanma mərasimi keçirilib.
Kitab həm də Azərbaycanın Qərbi bölgəsindəki tarixi varlığının, milli kimliyinin və mədəni irsinin mühüm sübutu kimi dəyərləndirilir. Bu alimlər,tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən geniş oxucu auditoriyası üçün əvəzsiz mənbədir.
XQ