Türk dövlətləri arasında ticarət əlaqələrinin enişləndirilməsi üçün Azərbaycanın “ASAN xidmət” modelinin əsasında “ASAN ticarət” modeli yaradılacaq
Bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Azərbaycanda fəaliyyət göstərən Türk Ticarət Mərkəzinin həmtəsisçisi Ramazan Karaşahin bildirib. Sözügedən yeniliyin elə Türk Ticarət Mərkəzində tətbiqinin nəzərdə tutulduğunu diqqətə çatdıran həmtəsisçi bu istiqamətdə lazımi addımlar atacaqlarını və iş adamlarına bütün istiqamətlərdə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Xatırladaq ki, Türk Ticarət Sərgisi bu il noyabrın 7–9-da qardaş ölkənin Ticarət Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının Ticarət və Sənaye Palataları Birliyi ilə əməkdaşlığı çərçivəsində İstanbulda keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək, bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyır. Dövlət səviyyəsində dəstəklənən sərgi çərçivəsində B2B görüşləri və konfranslar keçiriləcək.