Ekipajsız eniş: Starliner Yerə qayıtdı

post-img

Starliner kosmik gəmisi Uayt Sands poliqonuna uğurla eniş edib. Gəmidə heç kim olmayıb. Gəminin Butç Uilmor və Sunya Uilliamsdan ibarət ekipajı Beynəlxalq Kosmik Stansiyada (BKS) qalıb və gələn ilə qədər Yerə qayıtmayacaq.

Statliner iyunun 5-də kosmosa göndərilmişdi. Uçuşun əsas məqsədi gəmi sistemlərinin göyərtədəki insanlarla necə davranacağını yoxlamaq idi. Plana görə, Starliner BKS ilə birləşməli, ekipaj üzvləri stansiyada səkkiz gün qalmalı və bundan sonra astronavtlar Yerə qayıtmalı idilər.

Ancaq BKS ilə birləşmə zamanı istiqamətə nəzarət sisteminin bir neçə mühərriki sıradan çıxıb. Sonradan onların əksəriyyətinin işi bərpa olunub, lakin bu, Starliner-in təhlükəsizliyi ilə bağlı suallar doğurub.

Bundan sonra, NASA və Boeing nümayəndələri mühərriklərdə nə baş verdiyini və Starlinerin Yerə qayıtması zamanı oxşar vəziyyətin təkrarlana biləcəyini anlamaq üçün fəal işləməyə başlayıblar. Buna görə də Uilmor və Uilyamsın “işgüzar səfəri”nin müddəti bir neçə dəfə uzadılıb.

Nəticədə NASA risk etməmək qərarına gəlib və gəminin Yerə ekipajsız dönəcəyini bildirib. Uilmor və Uilyams BKS-də qalacaqlar və ekipajı bu səbəbdən dörd nəfərdən iki nəfərə endirilən "Crew-9" ekspedisiyasının bir hissəsi olaraq Yerə qayıdacaqlar.

NASA-nın Boeing-dən başqa bir Starliner sınaq uçuşu təşkil etməsini tələb edib-etməyəcəyi və bunun nə vaxt baş verəcəyi hələlik məlum deyil. Bundan əvvəl Starliner-in ilk əməliyyat missiyası 2025-ci ilin fevralından avqust ayına təxirə salınmışdı. Boeing-in də şirkətə 1,6 milyard dollar zərər gətirən layihəni davam etdirəcəyi də məlum deyil. Əvvəllər NASA rəhbərliyi bildirmişdi ki, Starliner-ə etibar edirlər. Bununla belə, Boeing nümayəndələri gəminin enişi ilə bağlı brifinqdə iştirak etməyiblər, baxmayaraq ki, onların iştirakı daha əvvəl elan edilmişdi. Bu da belə ehtimal etməyə əsas verir ki, Boing Starliner barədə yeni qərar qəbul etməyə tələsmir.

S.ELAY

XQ

 

 

 

 

Maraqlı