Bakı – İrəvan sülh layihəsinin 10-cu redaktəsində anti-sülh ritorikası

post-img

İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsində səfərdə olan lüksemburqlu həmkarı Xaviyer Bettel ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Daha doğrusu, o, faktiki olaraq, Ermənistanın bir neçə gün əvvəlki mövqeyini yenidən təkrarlayıb. Əlbəttə ki, bəzi əlavələrlə. 

A.Mirzoyan bildirib ki, Azər­baycanın və Ermənistanın yekun sülh sənədini ən qısa müddətdə im­zalaması üçün imkan yaranıb. Sülh sazişinə sayca 10-cu redaktənin edildiyini və baxılmaq üçün Bakıya göndərildiyini vurğulayan Mirzo­yan onun tam razılaşdırılmış mətn olduğunu diqqətə çatdırıb. Daha dəqiq desək, o, 10-cu redaktədə əv­vəllər tam razılaşdırılmış maddələ­rin və ya məqamların hissələrinin yer aldığını qeyd edib. 

“Biz Azərbaycanın reaksiyasını gözləyirik”, – deyən Mirzoyanın sözlərinə görə, Ermənistanın kom­munikasiyaların blokdan çıxarıl­masına yanaşması da dəyişməzdir və ölkə prosesin “Dünyanın kəsiş­məsi” təşəbbüsünün prinsiplərinə uyğun olaraq, mümkün qədər tez reallaşdırmağa hazırdır. O zaman sual olunur: əgər sülh sazişi özün­də regional kommunikasiyaların açılması müddəasını birləşdirirsə, məsələ “Dünyanın kəsişməsi” egi­dası altında gerçəkləşə bilərmi?

Məlumdur ki, “Dünyanın kəsişməsi” avantürası Azərbaycanın “Zəngəzur dəhlizi” təşəbbüsünə zidd olaraq irəli sürülmüş məntiqdir və rəsmi Bakı heç vaxt belə bir iddia ilə ra­zılaşa bilməz. Elə ən böyük məqam da budur. O zaman düşünmək müm­kündür ki, sülh müqaviləsində regi­onal kommunikasiyaların açılması seqmenti ümumiyyətlə yer almır. Yer almırsa, deməli, Ermənistan, həm də Azərbaycanın Naxçıvana maneəsiz yol tələbini yerinə yetir­mir. Belə olduqda, “Dünyanın kə­sişməsi”ndən heç danışmağa dəy­məz. Çünki Naxçıvan əvvəlki kimi blokadada qalırsa, Ermənistan üçün də dalan perspektivi qaçılmazdır.

Digər tərəfdən, Mirzoyan bir yandan sülhlə bağlı nikbin ab-havanın olduğu təəs­süratını yaradır, başqa bir yandan isə həmin ab-havaya zidd fikirlər səsləndirir. Onun dilə gətirdikləri “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəli ilə assosiasiya oluna bilər. Məsələn, erməni XİN rəhbəri deyir ki, sülh sazişinə yalnız imza atmaq qalıb: “Digər sual ondan ibarətdir ki, Azərbaycan, bildiyiniz kimi, vaxtaşırı başqa ilkin şərtlər irəli sürməyə başlayır və ya başqa məsələlər ortaya qoymağa çalışır”. 

Məlumdur ki, Ermənistan rəsmiləri bütün platformaları an­ti-Azərbaycan təbliğatının plasdar­mına çevirmək üzrə, belə demək mümkünsə, ixtisaslaşıblar. Lüksem­burqun xarici işlər naziri ilə birgə mətbuat konfransı da A.Mirzoyan üçün bu baxımdan istisna olmadı. Nəticəyə gəlirik ki, erməni nazir nəyin rəsmi Bakı tərəfindən məqbul qarşılanmayacağını yaxşı dərk edir. Sadəcə, o, həyasızlığa güc verir və çalışır ki, qarşıdakı müddətdə ölkə­mizin, guya, sülhdən yayındığını id­dia etmək üçün əsas olsun. 

Hərçənd Mirzoyan belə bir fikri də səsləndirir: “La­kin bu mətni imzalamaqla, digər mübahisəli məsələlərin həlli yollarını taparaq irəli getmək müm­kün olacaq”. 

A.Mirzoyanın üzərində dayan­dığı başlıca detallardan biri də kom­munikasiyaların açılması məsələ­sində özəl mühafizə şirkətinin yola, yəni Naxçıvana yola nəzarəti real­laşdırmasına dair tezisdir. Məlum olduğu kimi, məsələ Ermənistan­dakı bəzi qüvvələr tərəfindən rəsmi İrəvanın prinsiplərindən geri çəkil­məsi kimi təqdim olunur.

Mirzoyan isə deyir ki, özəl şirkət cəlb etmək heç də kommunikasiyaların keçəcəyi ərazidə suverenlikdən imtina demək deyil. Erməni XİN rəhbəri mövcud xüsusda daha nələri vurğulayıb, bu barədə söz açacağıq. 

Hələlik isə qeyd edək ki, Azərbaycanın Naxçıvana yolla əlaqədar irəli sürdüyü tələb heç də Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhdid deyil. Yəni, ölkəmizin “Azərbaycandan Azərbaycana yol” məntiqi sözügedən ali prinsipləri məhdudlaşdırmır. Təəssüf ki, erməni tərəfi bunu nəzərə al­mır, özünün ənənəvi klişesini gündəmdə saxlayaraq anti-Azərbaycan mövqe tutur. Halbuki, bütün çıxılmaz durumlardan çıxış yolu tapmaq mümkündür və məsələ iradəyə sahib olmaqdadır. Ermənistan rəhbərliyi isə heç vaxt belə bir iradə nümayiş etdir­mir, əksinə, özünün destruktiv mövqeyi ilə sülhdən yayınmaq yolunu tutur. İstisna deyil ki, sülh sazişi layihəsinin 10-cu redaktəsin­də də anti-sülh ritorikasının motivləri var. 

A.Mirzoyan onu da bildirir ki, dəh­liz yaradılması və nəzarətin hansısa tərəfə verilməsi ilə bağlı heç bir şey müzakirə olunmur. “Artıq üçüncü qüvvələrin möv­cudluğunun qəbuledilməz olduğunu bili­rik. Bizim mövqeyimizdə heç nə dəyiş­məyib”, – deyən erməni XİN başçısının “özəl şirkət” məntiqi maraqlıdır. Aydındır ki, indiki halda “üçüncü qüvvə” Rusiyadır. Yəni, Ermənistan həmişəki kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini saymazdan gəlir. O bəndi ki, orada Naxçıvana yolda Rusiya Federal Təhlükə­sizlik Xidmətinin sərhədçilərinin nəzarət tədbirlərini həyata keçirəcəkləri bildirilir. Ermənistan nəinki 9-cu bənddən, ümumən, üçtərəfli bəyanatdan imtina edir, sözügedən sənədi heçə sayır. 

Yeri gəlmişkən, baş nazir Nikol Paşin­yan və komandasının üzvləri həm üçtərəf­li bəyanatı saymır, həm də özlərinə sərf edəndə ona istinad edirlər. Məsələn, dünən Azərbaycanla sülh kontekstindən söz açan Ermənistan parlamentinin spikeri Alen Si­monyan saxlanılan ermənilərin qaytarılma­sının İrəvanla Bakı arasında sülh müqavilə­si layihəsinə daxil edilmədiyini bildirməklə yanaşı, əlavə edir ki, sözügedən məsələ üçtərəfli bəyanatda əksini tapıb: “Rusiya və Azərbaycan saxlanılanların qaytarılmasını həll etməyə söz veriblər”.

Qeyd edək ki, rəsmi İrəvan vaxtilə sülh gündəminə “Azərbaycanda saxlanılan er­məni hərbi əsir və girovlar” məsələsini də daxil etmək istəyirdi. Bu yolla ölkəmiz barədə mənfi beynəlxalq rəy yaratmağa çalışırdı. Ancaq məlumdur ki, Azərbaycan­da saxlanılan ermənilər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra ələ keçənlərdir və onlar ərazilərilərimizdə kəşfiyyat-diversiya fəaliyyəti gerçəkləşdir­məyə cəhd göstəriblər. Yəni, onsuz da sülh gündəminə nə onlar, nə də Qarabağdakı keçmiş separatçı qurumun rəhbərləri daxil edilə bilərdi... 

Əlqərəz, A.Mirzoyan özəl mühafizə şirkətinin cəlb edilməsindəki məqsədin insanların təhlükəsizlik hissini artırmaq məramına söykəndiyini açıqlayır və bildi­rir ki, sözügedən şirkət müvafiq lisenziyalı olacaq. Görəsən, onun haqqında söz açdığı necə bir qurumdur? Lisenziyanı verən kim­dir? Həmin qurumun müstəqillik parametri necə müəyyənləşir? Suallar çoxdur və on­lara cavab tapılmır. Ancaq Mirzoyan əmin edir ki, özünün də təmsil olunduğu haki­miyyətin qərarında erməni cəmiyyəti üçün hansısa xoşagəlməz sürpriz istisnadır. 

Mirzoyan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycandakı və Ermənistandakı komissiyaların birgə işi haqqında imzalanmış əsasnamə konteks­tində olan fəaliyyət üzərində də dayanıb. O bildirib ki, sənədə əsasən, tərəflər delimita­siya prosesində 1991-ci ilin Alma-Ata Bə­yannaməsinə söykənəcəklər. Erməni nazir, eyni zamanda, əmin edib ki, başqa prinsip­lər müzakirə olunmur: “Sizi əmin edirəm ki, bizim cəmiyyətimiz üçün heç bir xoşa­gəlməz sürpriz yoxdur. Alma-Ata Bəyan­naməsini dəyişdirə biləcək digər prinsiplər müzakirə olunmur”.

Sonda onu da qeyd edək ki, ümumən Alma-Ata Bəyannaməsi istinad nöqtəsi kimi götürülə bilər. Ancaq sənədin ehkam­laşdırılması düzgün deyil. Həm də ona görə düzgün deyil ki, bəyannamə müttəfiq res­publikaların keçmiş SSRİ-dən ayrılarkən malik olduqları ərazilərin bir-biri tərəfindən tanınmasını əsas götürür. Ermənistan otuz il torpaqlarımızı işğalda saxlayıb. Yəni, fakti­ki olaraq, Alma-Ata Bəyannaməsinə əməl etməyib. Digər tərəfdən, sual yaranır: nə üçün SSRİ-dən ayrılma üzərində dayanılır. Axı SSRİ-yə qoşulma da var. Bir halda ki, rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib Azərbaycanın Naxçıvana yol məsələsindəki tələbini, daha doğrusu, üç­tərəfli bəyanatla üzərinə düşən öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. O zaman ölkəmiz də Alma-Ata Bəyannaməsi mən­tiqini mübahisələndirmək haqqını özündə saxlayır. 

Ə.RÜSTƏMOV
XQ



Siyasət