İrəvan, Aİ, Moskva və Tehranın “düyün” əməliyyatı

post-img

Zəngəzur dəhlizini kəsişmə nöqtəsindən qarşıdurma platformasına çevirmək cəhdləri 

Cənubi Qafqazda qlobal maraqları olan kənar aktorlar qitələrarası nəqliyyat kommunikasiyalarının işə düşməsi ilə bağlı ortaq məxrəcə gələcəkləri nöqtələri aradıqları indiki məqamda Tehrandan bu layihəyə kəskin etirazlar eşidilməkdədir. Baxmayaraq ki, rəsmi Bakı məhz “böyük güclər”in diqqətlə izlədiyi Zəngəzur dəhlizi məsələsini sülh danışıqlarının gündəliyindən çıxarılması və bu mövzunu ikinci mərhələdə daha detallı şəkildə müzakirəsi ilə razılaşıb. Fəqət, Azərbaycan və Ermənistan arasında sülhə qapı açmağa hesablanmış bu xoş niyyət, nədənsə, cənub qonşumuzun narazılığına, hətta qəzəbinə səbəb olub. Belə görünür ki, İran İslam Respublikasının rəhbərliyi Zəngəzur mövzusunu əlində bayraq edərək sülh prosesinə aparan xoş niyyətli addımları özünəməxsus şəkildə “düyün nöqtəsinə” çevirməyə çalışır. Tehrandakı teokratik rejimin bölgəyə sülh və əməkdaşlıq vəd edən addımları boykot etmək siyasəti ilə prosesləri dalana dirəməkdə məqsədi nədir? Bu və digər suallarımıza tanınmış siyasi icmalçı Orxan Amaşov aydınlıq gətirir:

– Zəngəzur dəhlizi Ermənistanla Azər­baycan arasında kommunikasiyaların açıl­ması zəncirinin bir halqasıdır. Həm də ol­duqca vacib, bizim üçün ən fundamental halqadır. Konkret deyək: əgər Zəngəzur dəhlizi açılmasa, bu halda Azərbaycanla Ermənistan arasında heç bir kommunika­siya xətti işə düşməyəcək. Təbii ki, İran bundan çox narahatdır. Narahatlıq ondan­dır ki, Azərbaycan ərazisinin əsas hissəsin­dən Naxçıvana, İrana ehtiyac duymadan gediş-gəliş olacaq. Bəli, Tehran buraya təsir gücünü itirir. Axı, bundan əvvəl biz Naxçıvana quru yolla həmişə İrandan ke­çib getmişik. Yeni variantda Azərbayca­nın İrana ehtiyacı, həm də ondan asılılığı azalmış olur. Bununla yanaşı, Ermənistan Azərbaycanın qurduğu ticari-iqtisadi kom­munikasiya habına daxil olur. Ən vacibi isə bunun sayəsində Ermənistanla Azərbaycan arasında qarşılıqlı inam yaranır. Çünki biz Ermənistan ərazisindən keçəcəyiksə, deməli, ona müəyyən mənada güvənirik. Bu da İranın maraqlarına heç cür uyğun deyil. Ümumiyyətlə, Tehran həmişə çalışıb ki, iki ölkə arasında münaqişə olsun. Bu zaman İran düşünür ki, həm Azərbaycan, həm də Ermənistan üzərində təsirini daha da gücləndirir. 

İkinci Qarabağ müharibəsindən sonra İran çox böyük “siyasi sarsıntı” keçirdi. Azərbaycan Qarabağı işğalçılardan azad edəndə Tehran ciddi narahat idi. Bu səbəb­dən onların bizə dediklərinin, təbriklərinin heç biri səmimi deyildi. Rəsmi Tehran istəyirdi ki, torpaqlarımız həmişəlik Er­mənistanın işğalı altında qalsın. Onun irəli sürdüyü “Cənubi Qafqazda sərhədlərin dəyişilməsinə heç vaxt imkan verməyə­cəyik”, “Zəngəzur dəhlizi bizim “qırmzı xəttimizdir”, “buna imkan verə bilmərik” tezisləri nə deməkdir? Azərbaycanın tarixi torpaqları işğal olunanda artıq mövcud sər­hədlər, faktiki olaraq, dəyişmişdi. Ermə­nistan kimi, İran da Azərbaycanın suveren ərazisinə daxil olur, işğal altındakı torpaq­larımızda qeyri-qanuni, şübhəli fəaliyyət göstərirdi. Yəni, sərhədlərin dəyişdirilmə­si yerlərdə bu cür baş verirdi. Tehran isə bütün bunlara göz yumurdu. Maraqlıdır ki, indi İran rəhbərliyi Azərbaycanın əsas his­səsindən Naxçıvana Zəngəzur dəhlizi va­sitəsilə gediş-gəlişi sərhədlərin dəyişməsi kimi qəbul edir. Bizə gün kimi aydındır ki, hazırda Bakı və İrəvan arasında həmin ərazinin Azərbaycana transferi müzakirə mövzusu deyil. Burada söhbət kommuni­kasiya xəttindən gedir. Azərbaycan ümumi şəkildə Ermənistanın ərazi bütövlüyünü tanıyır. Doğrudur, bunu rəqəmlər vasitəsilə anlatmağa ehtiyac yoxdur. Artıq konkret ərazidə sərhəd delimitasiya olunub. 

– Sizcə, Tehranı narahat edən əsas məqam Ermənistanla sərhədinin aradan qalxması perspektividir, yoxsa başqa sə­bəb var?

– Biz müasir dünyada yaşayırıq. Azər­baycanlılar Zəngilandan Naxçıvana ge­dəndə məgər İran ərazisindən Ermənistana daxil olmaq çətinləşəcək? Məgər o yollar kəsişə bilməz? Müasir texnologiya, yeni infrastruktur imkan vermirmi ki, dəhliz və yollar kəsişsin? Bəziləri Zəngəzur dəhli­zini İranın Ermənistana girişini bloklayan beton divar kimi təsəvvür edirlər. Bu, mən­tiqsiz və normal düçüncədən məhrum bir mülahizədir. Şəxsən bizə həmin məntiq aydındır. Yəni, Tehran bizim ona ehtiyacı­mız olmayacağını düşünür: “Azərbaycan mənim nəzarətimdən kənar ürəyi istədiyi vaxt Naxçıvana gedə biləcək. Ermənis­tanın məndən asılılığı daha da azalacaq. Ermənistan İkinci Qarabağ müharibəsin­dən sonra Azərbaycanın qurduğu geosiyasi konfiqurasiyanın bir üzvü olacaq. Və əgər bunların arasında ikitərəfli sülh müqavilə­si, yaxud hər hansı çərçivə sazişi olarsa, İranın bölgədə mövqeləri zəifləyəcək”. Tehran bunu çox gözəl anlayır. Bəli, İran Ermənistanla Azərbaycan arasında normal münasibətlərin olmasını istəmir. Ona görə də normallaşmaya ən müxtəlif addımlarla, hərəkətlərlə mane olmağa çalışır. 

Əslində, Tehranın bu davranışı rasional sayıla bilər, çünki öz maraqlarından çıxış edir. Amma məsələnin kökü ondan ibarət­dir ki, Azərbaycan İkinci Qarabağ müha­ribəsindən sonra İranı nəzərə aldı. Düşün­dü ki, Tehran onsuz da müharibədən çox sarsılıb, ondan nəsə istəmək doğru olmaz. Xatırlayırsınızsa, 2022-ci ilin martında biz qarşılıqlı memorandum, dəmir yolunun çə­kilişi ilə bağlı anlaşma imzaladıq. Məqsəd İran vastəsilə Naxçıvanla birləşməyi təmin etmək idi. Həmin layihə Tehranın maraq­ları nəzərə alınmaqla “3+3” formatı çərçi­vəsində İranın da postmüharibə dövrünün konfiqurasiyasında mövqeyinin möhkəm­lənməsinə hesablanmışdı. Təəssüf ki, bun­lar İran üçün kifayət deyil. O, Azərbaycanı güclü dövlət kimi görmək istəmir. Bu sə­bəbdən də indi bu cür davranır. 2022-ci ilin sonlarında Laçın yolu ətrafında baş verən olaylarda İranın sərgilədiyi siyasəti yadı­nıza salın. İran TIR-ları, sürücüləri orada idilər. Onların Qarabağda, Laçında nə iş­ləri vardı? 

– Bununla Tehran nəyə nail oldu?

– Heç nəyə! Azərbaycan tarixinin ən böhranlı mərhələlərində İran destruktiv qüvvə kimi çıxış edib. Bizim insanların bir çoxunda belə bir sadəlövh təsəvvür yaran­mışdı ki, İranın yeni seçilmiş prezidenti Azərbaycan türküdür, ana dilində danışır, gözəl şeirlər deyir. Guya, bu adam İranın siyasi kursunu dəyişəcək və sair. Əlbəttə, olduqca aldadıcı təsəvvür idi. Çünki İran çox fundamental və elə-belə dəyişən döv­lət deyil. Bu dövlətin mahiyyətində Azər­baycana qarşı çox vacib bir element durur. Bu elementin sabah, o biri gün dəyişməsi mümkün deyil. İntəhası, biz ikitərəfli mü­nasibətləri tənzimləyə bilərik. Bəli, aramız­da dərin ziddiyyət mövcuddur. Məsələnin kökü budur. Buna baxmayaraq, müəyyən sahələr var ki, yaxından əməkdaşlıq edə bilərik. Misal üçün, böyük potensiala malik Şimal–Cənub layihəsində. Eyni zamanda, Bakı xarici qüvvələrin bölgədə güclənmə­sini heç arzulamır. Bunda İran da maraqlı olmalıdır. Əməkdaşlıq üçün imkanlar var. İndi isə olduqca maraqlı bir məqam ortaya çıxıb. Rəsmi Tehran Rusiyanın Zəngəzur dəhlizini dəstəkləməsindən narazıdır. Prin­sip etibarilə 2020-ci ildən sonra Rusiyanın mövqeyi buna hesablanmışdı. 

– Amma indiki məqamda tarixi müttə­fiqlər – İran və Rusiya fərqli mövqelərdən çıxış edirlər. Bunu necə izah edərdiniz? 

– Hazırda İran Rusiyadan narazı­dır. Əslinə qalsa, bu, bizim üçün yaxşı əlamətdir. Çünki Tehran və Moskva eyni maraqlardan çıxış edəndə və Ermənistanı dəstəkləyəndə Azərbaycanı çətin vəziyyət­də qoyurlar. Bunun tarixi kökləri də var. Bizim milli məfkurəmizdə İran və Rusi­yanın hansı yerlərdə olduğu məlumdur. Bu barədə danışmağa ehtiyac yoxdur. Doğru­dur, bugünkü reallıqda onların ikisinin də bölgədə rolu müəyyən qədər qalmaqdadır. 

Postmüharibə dövründə Moskva Zən­gəzur dəhlizi kimi kommunikasiya xəttinin reallaşmasında maraqlı idi. İstər Lavrov, istərsə də Zaxarova kommunikasiya xətlə­ri üzərində dövlətin suverenliyi prinsipini deyirdilər. Həmin ərazinin Ermənistana mənsubluğu heç kəsdə şübhə doğurmurdu. Əsas münasibət İran tərəfindən bildirilirdi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan tərəfi – Prezidentin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmir­bəyovun avqustun əvvəllərində kommuni­kasiya xətləri ilə bağlı müddəalar toplusu­nun sülh sazişinin mətnindən çıxarıldığını bəyan etməsindən sonra Rusiya fəallaşma­ğa başladı. 

Kreml hiss edirdi ki, Azərbaycan–Er­mənistan kontekstində onun rolu azal­mağa başlayıb. Sülh danışıqları ikitərəfli formatda aparılır və onlar artıq Moskvada keçirilmir. Danışıqların son platformaları Münxen, Berlin, Astana idi və yenə Asta­nanın olacağı gözlənilir. Moskva kənarda qalıb. 2021-ci ildə sərhədin delimitasiya və demarkasiyası prosesində Rusiyanın kons­truktiv iştirakı nəzərdə tutulurdu. İndi o da yoxdur. Yalnız xəritələr onlarda olduğuna görə belə hesab edirlər ki, bu məsələdə aparıcı rolu oynaya bilərlər. Prinsip eti­barilə Rusiyanın rolu nə Azərbaycana, nə də Ermənistana lazımdır. Proses ikitərəfli formatda davam edir. Yeganə kommuni­kasiyaların açılması məsələsidir ki, burada Moskvanın rolu qalmaqdadır. Ən azı, ona görə ki, üçtərəfli hökumətlərarası işçi qrup var və Rusiya da burada iştirakçıdır. 

2020-ci il 10 noyabr Bəyanatının 9-cu maddəsi prinsip etibarilə hələ qüvvədədir və dəhlizə Rusiyanın nəzarət funksiyasını heç kim ləğv etməyib. Eyni zamanda, Ru­siya indiki tarixi mərhələdə bu layihədəki rolunun minimallaşmasına da razıdır. Təbii ki, İran buna reaksiya verir. Zəngəzur dəh­lizinə Tehranın etiraz etməsində təəccüblü heç nə yoxdur. Dediyimiz kimi, Naxçı­vana getməkdən ötrü Azərbaycanın İrana ehtiyacı qalmayıb. Amma Bakı o imkanı da yaradır ki, Naxçıvana İran vasitəsilə də gedə bilərik. Fəqət Naxçıvana Araz dəhlizi ilə getməyi Zəngəzurdan keçib getməklə eyniləşdirmək olmaz. Çünki Tehran ma­neəsiz, Ermənistanın nəzarətindən kənar keçidə qarşıdır. Əgər Bakı və İrəvan öz ara­larında razılığa gəlsələr, sual yarana bilər ki, İran bu məsələdə niyə destruktiv rol oynamalıdır? Tehran bu rolunu sərhədə qo­şunlarını yığmaqla göstərdi. Amma hesab etmirik ki, indiki məqamda İran rəhbərliyi­nın atacağı hansısa addım Azərbaycanın bu istiqamətdəki fəaliyyətinə təsir göstərmək gücündə olsun. İran kəşfiyyatı güclüdür və İrəvan Tehrana müəyyən vədlər verib. Bu­nun qarşılığında nəsə etməlidir. 

– Gəlin, Avropa İttifaqı–Ermənistan –Rusiya münasibətlərinə toxunaq. İrəvan, eyni zamanda, həm Avropaya inteqrasi­ya yolunu tutub, həm də Rusiyanın üzvü olduğu bir neçə təşkilatda təmsil olunur. Bu, normaldırmı? 

– Əslinə qalsa, eyni vaxtda bir neçə təşkilatın üzvü olmaq normal sayılır. Əgər həmin təşkilatlara üzvlük bir-biri ilə hüquqi ziddiyyət təşkil etmirsə. Amma siz eyni vaxtda iki iqtisadi blokdə ola blməzsi­niz. Yəni, hər ikisində bənzər, preferensial rejimlər mövcuddursa. Ermənistan Avropa İttifaqının tamhüquqlu üzvü ola-ola Avra­siya İqtisadi İttifaqında qala bilməz. Bu, aydın məsələdir. Axı, burada söhbət Aİ-nin tamhüquqlu üzvü olmaqdan getmir. Məsələ üzvlüyə doğru mərhələli şəkildə irəliləməkdədir. 

Fikrimizcə, Paşinyan administrasiya­sının ətrafında olanlar, məslək və mənşə etibarilə avrofillərdir və ölkələrinin gələ­cəyini Qərblə təmasda görürlər. Burada qeyri-adi heç nə yoxdur. Söhbət bunun necə həyata keçirilməsindən gedir. Aİ ilə bağlı məsələnin bir maraqlı tərəfi də var. Ermənistan konstitusiyasının preambula­sında müstəqillik bəyannaməsinə, orada isə 1989-cu il qərarına istinadlar möv­cuddur. Bəli, bunları aradan qaldırmaq üçün referendum keçirilməlidir. Paşinyan komandasında belə bir yanaşma var ki, əgər biz bu referenduma Azərbaycana görə gediriksə, onda ölkəmizin Aİ-yə üzvlük məsələsini də həmin paketə daxil edək və bu iki məsələ bir yerdə həllini tapsın. Çox maraqlı texnologiyadır. Ola bilsin ki, İrəvan Aİ-yə üzvlüyü özünün strateji məqsədi kimi müəyyən edib. Bəs, reallıq­da Ermənistan nəyə nail ola bilər? Aİ-yə üzvlüyün hansı mərhələlərdən keçdiyini, qurumun verdiyi vədlərdən yayındığını da bilirik. Türkiyə nümunəsi göz qabağında­dır. Ermənistan isə Avropanın bu qurumu­na qəbul ediləcək səviyyədə bir ölkə deyil. Brüssel bu prosesdə Ermənistanı aktiv və konkret addımlar atana qədər dəstəkləyə­cək. Amma Aİ-yə üzvlüyün qapısı Ermə­nistanın üzünə bağlı qalacaq... 

Hazırladı:
İmran BƏDİRXANLI
XQ



Müsahibə