Yaxud “iranşünas” Vardan və Tehrandan eşidilən anti-rus səslər
İran İslam Respublikasının müxtəlif vəzifə tutan rəsmilərinin əvvəl regionda sərhədlərin dəyişməsinin yolverilməzliyi, Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüklərinin və suverenliklərinin toxunulmazlığı kimi meydana çıxmış, sonradan yalnız Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı və sərhədlərinin dəyişməzliyi məzmunlu fikirləri davam edir. Belə görünür ki, bu fikirlərdən Ermənistanda “ruhlananlar” tapılıb.
Onlardan biri də özünü “irançı” adlandıran Vardan Vaskanyandır. Əlbəttə, dar təfəkkürlü, avantürizmə köklənmiş bir ekspert qırığının dedikləri üzərində dayanmamaq da olardı. Ancaq dayanırıq. Ona görə ki, bu məxluqun sərsəmləmələrinə erməni mediası geniş yer verir. Voskanyan nə deyir, onun və erməni ictimai rəyinin məqsədi nədir, məsələ barədə söz açacağıq. Hələlik isə başqa bir məqamın üzərində dayanaq.
Ötən həftəni İranın regional aktivliyi baxımından məhsuldar zaman kəsiyi saymaq olar. Əlbəttə, buna məhsuldarlıq demək mümkündürsə. Əvvəlcə İslam respublikasının Xarici işlər nazirinin köməkçisi Mürtəca Dəmirçulu, sonra nazir Abbas Araqçi, ardınca isə İranın Ermənistandakı səfiri Mehdi Sobhani daha açıq formada Tehranın İrəvana dəstəyini ifadə etdilər. Sobhani, həmçinin Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşündə ölkəsinin mövqeyini bir daha ifadə etdi. Qriqoryan bundan ruhlanaraq dedi: “Ermənistan İslam respublikası ilə əlaqələrə böyük önəm verir və heç bir qüvvə İranla Ermənistan arasındakı ərazi bağını aradan qaldıra bilməz”.
Göründüyü kimi, Qriqoryanın “ərazi bağı” məntiqi ölkəsinin avantürizmini daha möhkəmləndirmək və ona saxta mənəvi sipər qazandırmaq cəhdidir. Aydındır ki, İranla Ermənistan arasındakı sərhədi aradan qaldırmaq kimi meyillər yoxdur. Azərbaycan Naxçıvana maneəssiz yol istəyir. Yəni, yolda heç bir sərhəd və gömrük nəzarəti tətbiq edilməsin. Dünya miqyasında da belə təcrübə var. Eyni zamanda, bir müddət əvvəl Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin təmsil olunduqları üçtərəfli görüşdə Naxçıvana yolla bağlı hüquqi dəyərləndirmələr aparılmış və elə formul seçilmişdi ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi hansısa şəkildə mübahisə predmetinə çevrilməsin.
Ancaq rəsmi İrəvan bundan boyun qaçırdı və faktiki olaraq, danışıqları dalana dirədi, özünün “Dünyanın kəsişməsi” ideyasına fokuslanmağa başladı. Məlumdur ki, bu fokuslanma Azərbaycanın Naxçıvana yol məsələsində irəli sürdüyü “Zəngəzur dəhlizi” təşəbbüsünə qarşı çıxmaq məramına söykənib. 44 günlük müharibəyə yekun vuran və Azərbaycan, Rusiya, Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda həmin yolda təhlükəsizliyin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin olunacağı göstərilir. İrəvan isə haqqında söz açdığımız üçtərəfli danışıqlarda belə tələb irəli sürmüşdü ki, rus sərhədçiləri Ermənistan tərəfində olduğu kimi, Azərbaycan tərəfində də keşik çəksinlər. Yəni, danışıqlar məhz bu tələbə görə dalana dirənmişdi.
Aydın idi ki, Azərbaycan məsələnin qoyuluşu ilə razılaşmayacaq. Bunu erməni tərəfi də bilməmiş deyildi. Deməli, İrəvanın sərsəm arqument gətirməsi danışıqları pozmaq üçün bəhanədən başqa bir şey deyildi. O da tam aydındır ki, Ermənistanın istəyi yerinə yetirilsəydi, İrəvan başqa bəhanə irəli sürəcəkdi. Çünki Qərbdən gələn direktivlər Ermənistanı Cənubi Qafqazın yol qovşağına çevirməyə, bununla da erməni avantürizmini Azərbaycana qarşı daim təzyiq vasitəsi kimi saxlamağa hesablanıb. Əlbəttə, Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxarmaq istəkləri də öz yerində.
Bəli, İran hazırda, faktiki olaraq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq məqsədi güdən Qərb əlinə oynayır. O Qərbin ki, hər an İranı parçalamağa hazır vəziyyətdə dayanıb. Deyəsən, Tehranda bu məqamı heç nəzərə almırlar. Nəzərə almır və anti-Rusiya tezisləri səsləndirirlər. Məsələn, İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Fədəhhüseyn Maliki ultimativ tonda bildirib ki, Moskva “Zəngəzur dəhlizi” məsələsində paradoksal addımlardan çəkinməlidir. Onun sözlərinə görə, İran diplomatiyası Rusiyanın addımlarına qarşı qəti cavaba hazırdır. “Rusiyanın “Zəngəzur dəhlizi”nə dəstəyi kürəyimizdən zərbədir”, – deyən deputat, həmçinin vurğulayıb ki, Kreml Fars körfəzində 3 ada məsələsinə görə Tehrandan sərt cavab alıb və eyni səhvi indi Zəngəzurda təkrarlayır.
Göründüyü kimi, İranda Ermənistana dəstək ritorikası xeyli güclənib. Erməni təəssübkeşliyinin Qərb cəbhəsində isə nisbi sakitlikdir. Belə təəssürat var ki, Qərb “təəssübkeşlik missiyasını” Tehrana təhvil verib. O da görünür ki, Qərb Rusiya ilə tarixi ədavətini gerçəkləşdirmək üçün, sanki, fürsət tapıbmış kimi davranır. Hesab edirik ki, belə bir düşüncənin özü regional sülh və sabitliyə ciddi zərbədir. Təəssüf ki, İranda məsələyə diqqət yetirməyən şovinistlər iş başındadırlar. Ən pisi də odur ki, bu kateqoriyadan olanlar dövlət təmsilçilərinin fikirlərindən ilhamlanırlar. Yəni, Sobhaninin, Əraqçının və digər rəsmilərin bildirdikləri onlar üçün, necə deyərlər, göydəndüşmədir.
Bəli, belə getsə, qarşıdakı müddətdə İranda anti-Rusiya ritorikasının daha da güclənəcəyini proqnozlaşdırmaq mümkündür. Ermənistanda da bunu gözləyənlər var. Onlar siyasi sərmayələrini region müstəvisində Tehran–Moskva ədavətinin qızışmasına yatırmaqdadırlar. Bu məsələdə anti-Azərbaycan xətt də götürülür. Söhbətimizin bu yerində əvvəldə adını çəkdiyimiz “iranşünas” Vardan Vaskanyanın nə dediyinə diqqət yetirək.
Bəli, “iranşünas” Vardan erməni məkrini, işğalçılıq niyyətini, Azərbaycana qarşı kin və hikkəni ortaya qoyur. Deyir ki, “Azərbaycan adlı süni varlıq real problemdir, onun mövcudluğu Ermənistanın və regionun sülhü və davamlı inkişafı üçün daimi təhlükədir”. Şübhə yoxdur ki, bu, İrandakı şovinist anti-Azərbaycan mövqeli dairələrin deyimidir. Söhbət ölkəmizin süni yaradılmış dövlət kimi göstərilməsindən gedirsə, məlumdur ki, həmin dairələr də Azərbaycanı İrandan qopma olaraq göstərir və onu “tarixi səhv” qismində qələmə verirlər. Belə dairələr üçün ölkəmizin ərazi bütövlüyü və suverenliyi amili tam mənasızdır. Görünür, bu səbəbdəndir ki, İran otuz ilə yaxın müddətdə torpaqlarımızın işğalı faktına göz yumub. Həmin müddətdə rəsmi Tehran regiondakı ölkələrin sərhədlərinin dəyişdirilməsi cəhdinin yolverilməzliyindən söz açmayıb...
Təxribatçı fikirlərini davam etdirən V.Voskanyan Qarabağ və Zəngəzur məsələsində erməni avantürizminə xas cəhətləri qabardır. Bu “məntiqə” onun “süni yaradılmış Azərbaycan” deyimini və Tehrandakı şovinist dairələrin anti-Azərbaycan düşüncələrini əlavə etsək, saxta iranşünas Vardanın, əslində, nəyə eyham vurduğunu təsəvvürə gətirmək çətinlik törətmir. Ekspert, İrana “süni yaradılmış”, “İrandan qopmuş Azərbaycanı” yenidən ələ keçirmək çağırışı səsləndirir. Yəqin, bu yolla avantürizmin Qarabağ mifinin reallaşacağına ümid bəsləyir. Ola bilər, İranın Azərbaycanı işğal etməsindən sonra onun Qarabağı Ermənistana təhvil verəcəyini düşünür. Ortada bu qədər böyük sərsəmlik, axmaq məntiq var və ən faciəlisi budur ki, Ermənistanda belə xəstə düşüncə daşıyıcılarının, vaskanyanların sayı yetərincə çoxdur. Yaxşı olar ki, İrandakı sağlam qüvvələr mövcud məqamı yaxşı-yaxşı düşünsünlər.
“İranşünas” Vardan daha nələrdən danışıb, başqa nə sərsəmləyib? Məsələ üzərində geniş dayanmağa ehtiyac duymuruq. Aydındır ki, “kor” Vaskanyanın tarixi reallığı görməsi mümkünsüzdür. Erməni millətçiliyinin tarix anlayışındakı dayazlığı faktdır. Bunu bilirik. Bilir və deyirik ki, regionda süni surətdə yaradılmış “vələdüzina” dövlət məhz Ermənistandır.
Tarixi Azərbaycan torpaqlarında yaranmış Ermənistanın hansı məqsədlə formalaşdırıldığı da hər kəsə bəllidir. 1826-1828-ci illərin Rus–İran müharibəsindən sonra, 1830-cu ildə ruslar tərəfindən Qafqaza həm də ikiyə bölünmüş Vətənimizin o tayından, indiki İran ərazisindən köçürülmüş ermənilər türk-müstəlman dünyasında xristian pazı oldular. Bu, həm Qərbin, həm də çar Rusiyasının maraqlarından irəli gəlirdi. 1828-ci il məğlubiyyətindən qeyzlənmiş İran da tədricən “erməni pazı”nın vacibliyini dərk etmişdi. Dərketmə fars şovinizminin ənənəvi anti-türk mahiyyəti şəklində özünü göstərmişdi.
Təəssüf ki, sözügedən mahiyyət günümüz üçün də aktuallığını saxlamaqdadır. Tehranın torpaqlarımızın işğalına seyrçi qalması və Ermənistanın, faktiki olaraq, regionda sərhədləri dəyişdirmək cəhdini sükutla qarşılamasına başqa ad tapmaq mümkünsüzdür. İran dairələri Vaskanyan kimilərinin bildirdiklərinə nəzərən düşünsünlər ki, Ermənistanda işğalçılıq niyyəti güdənlər, revanşist ideyalarla yaşayanlar indi də var və belələrinin mövcudluğu, o cümlədən, rəsmi İrəvanın onların düşüncə tərzlərinə uyğun siyasət yeritməsi regional sabitlik və təhlükəsizliyə ən böyük təhdiddir. Onu da düşünsünlər ki, bu xislətin daşıyıcıları regional məsələlərin həllində normal müzakirə apara bilməyəcək qədər cılızdırlar. Cılızlığa alət olaraq İran–Azərbaycan, İran–Rusiya, eləcə də İran–Türkiyə münasibətlərini korlamaq isə onlara heç bir fayda verməyəcək.
Ə.CAHANGİROĞLU
XQ