Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir platformada toplaşıb. Noyabrın 24-də Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun açılışı olub.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Vətən müharibəsində qazanılan Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının uğurudur və bu Qələbə ortaq birliyin və həmrəyliyin təntənəsidir. O, səkkiz ölkədən 500-ə yaxın nümayəndənin Bakıda qəbul edilməsindən məmnunluq ifadə edərək forumun yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına və ortaq layihələrin sistemli icrasına töhfə verəcəyini vurğulayıb.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçelik isə qeyd edib ki, qurumun əsas vizyonu ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır. O bildirib ki, Bakı ofisi bu istiqamətdə 2 minə yaxın layihə həyata keçirərək Türk dünyasında əməkdaşlığın genişlənməsinə töhfə verir.
Açılış nitqlərindən sonra iki panel müzakirəsi keçirilib.
“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda keçirilən panel müzakirəsində regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri əsas müzakirə mövzusu olub. Paneldə Türkiyənin Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsi sədrinin müavini Zhanargül Alzhanova, Türkmənistanın “CAER” Layihə Ofisinin direktoru Mergen Kepbanov, Macarıstanın “Danube” İnstitutunun icraçı direktoru İstvan Kiss, eləcə də Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun çıxış ediblər.
Çıxışçılar Zəngəzur dəhlizinin Türk dünyası üçün strateji əhəmiyyətindən, bu marşrutun regiondaxili inteqrasiyanı gücləndirən mühüm nəqliyyat və əməkdaşlıq xətti kimi rolundan danışıb, vətəndaş cəmiyyəti institutlarının bu prosesə verdiyi töhfələri vurğulayıblar.
“Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan panel müzakirələrində iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Paneldə “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov, Qazaxıstanın “Sənin Gələcək” Respublika İctimai Birliyinin sədri Zhansaya İsmagulova, “Community Hub” İctimai Fondunun direktorları Asiya Tiryakova və Assiya Tikeyeva, “İkinci Respublika” İctimai Fondunun rəhbəri Ayan Turekulov, Azərbaycanın “Ortaq dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova və Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin üzvü Hacıbəy Heydərli çıxış ediblər.
Çıxış edənlər Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinin regionda vətəndaş cəmiyyətinin inkişafına, sosial layihələrin daha effektiv icrasına və ictimai təşəbbüslərin koordinasiyasına mühüm töhfə verəcəyini bildiriblər.
Tədbir bədii-mədəni proqramla yekunlaşıb, forum isə işini Naxçıvanda davam etdirəcək.
Forum iştirakçıları 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna dəvət olunacaq. Tədbir birgə bəyanatın qəbul edilməsi ilə başa çatacaq.
XQ


