Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu

post-img

Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb. 

Tədbirdən əvvəl forum iştirakçıları Fəxri xiyabanını ziyarət edərək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə əklil qoyublar. Daha sonra soydaşlarımız ölkəmizin ərazi bü­tövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman şəhidlərimi­zin məzarlarını ziyarət edib, ruhlarına dua­lar oxuyublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan təd­birdə ölkəmizin ərazi bütövlüyü və suve­renliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Pre­zidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin forum iştirakçıla­rına təbrik məktubunu oxuyub.

Daha sonra “Heydər Əliyev və təhsil” mövzusunda videoçarx nümayiş olunub.

Tədbirin moderatoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muze­yinin direktoru akademik Rafael Hüseynov bu günü Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərin­də yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycanın gücünün və birliyinin ifadəsidir.

Tədbirdə çıxış edən ADA Universite­tinin rektoru Hafiz Paşayev vurğulayıb ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iş­tirakı ilə elmimizin səviyyəsinin artırılma­sı, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.

ADA Universitetinin fəaliyyətindən da­nışan rektor rəhbərlik etdiyi ali təhsil oca­ğının səmərəli yol keçərək yeniliklər yarat­dığını qeyd edib və bildirib ki, bu yol asan olmayıb. Onun sözlərinə görə, sovet döv­ründə ölkəmizdə elm və təhsil çox yaxşı inkişaf etdirilib. Bakı Dövlət Universitetinə xaricdən alim və mütəxəssislər cəlb edilib. Dəqiq elmlər sahəsində də mütəxəssislərə ehtiyac vardı və bu ehtiyac SSRİ-dən olan alimlərin hesabına yerinə yetirilirdi. Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi elm və təhsil sahəsində də yeniliklərin tətbiq edil­məsi zərurəti yarandı.

Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mü­kafatı alan ilk azərbaycanlı alim, fizika-ri­yaziyyat elmləri doktoru, dünya şöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev qeyd edib ki, forumun təşkilində məqsəd Azər­baycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü ya­ratmaqdır.

Alim Azərbaycanın beynəlxalq nüfu­zunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vur­ğulayıb. “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq”, – deyə azərbaycanlı alim qeyd edib.

Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müza­kirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrulla­yev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.

Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Elmi rəqəm­lərlə ölçməyin mümkün olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problem­lər var. Lakin son on il ərzində bu sahədə müsbət işlər görülüb. Nazir xaricdə yaşa­yan alimlərimizdən gözləntilərin çox oldu­ğunu da diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu­nun təşkili, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması mühüm hadisədir.

Təşkilatlanma işinin əhəmiyyətini qeyd edən F.Muradov komitənin fəaliyyətini dövlətin siyasətinə, “Yol xəritəsi”nə uyğun qurduğunu bildirib: “Məqsədimiz birliyə nail olmaq, həmrəyliyimizi daha da güclən­dirməkdir”. 

“Qadınlar nüvə sahəsində” Ümumdün­ya Assosiasiyasında Azərbaycanın rəsmi nümayəndəsi Dinara Abbasovanın (Avstri­ya) moderatorluğu ilə forum çərçivəsində “Azərbaycanda elm və ali təhsilin beynəl­miləlləşməsində alimlərin rolu” mövzusun­da panel müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən ADA Uni­versitetinin rektoru Hafiz Paşayev rəh­bərlik etdiyi ali təhsil ocağının özülünün beynəlmiləlçilik əsasında qoyulduğunu vurğulayıb. Beynəlmiləl təcrübənin əhə­miyyətindən danışan rektor xaricdən gələn alimlərin rolunu vurğulayıb və forumun bu istiqamətdə töhfə verəcəyindən əmin oldu­ğunu ifadə edib.

Mövzu ətrafında çıxış edən və təklif­lərini səsləndirən digər natiqlər tədbirin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 ərəfəsində təşkil edildiyini vurğu­layaraq kadrların hazırlanmasının qlobal əmək bazarının tələblərinə uyğunlaşdırıl­ması, rəqəmsallaşma, yeni model univer­sitet təhsili istiqamətində beynəlmilləşmə strategiyasının roluna toxunublar. 

Günün sonunda “Qlobal akademik şə­bəkənin qurulması: yerli universitet və elmi tədqiqat institutlarının inkişafı üçün yeni yanaşmalar” mövzusunda da panel mü­zakirələr aparılıb. Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professo­ru, Humboldt mükafatı alan ilk azərbay­canlı alim, fizika-riyaziyyat elmləri dok­toru Məsud Əfəndiyevin moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edənlər qlobal akademik şəbəkənin qurulması ilə bağlı mülahizələrini səsləndirib, təkliflərini bildiriblər. Paneldə Azərbaycanda fəaliy­yət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq akademik mü­hitlə əlaqələndirilməsində xaricdə yaşayan alimlərin rolunun inkişaf etdirilməsi barədə danışılıb. Natiqlər Çin diaspor alimlərinin fəaliyyətindən müsbət mənada faydalan­maq təcrübəsindən bəhs ediblər, Azərbay­can üçün bu modelin qurulmasının vacibli­yini vurğulayıblar.

Qeyd edək ki, Diasporla İş üzrə Döv­lət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dər­nəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.

Forumda 23 ölkədən 80-dən çox azər­baycanlı alim, ümumilikdə, 200-ə yaxın elm xadimi iştirak edir.

Forum çərçivəsində iştirakçılar işğal­dan azad edilmiş ərazilərin bərpası prose­sində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universiteti­nin müəllim heyəti ilə müzakirələr apara­caqlar.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bi­lik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələş­məsinə töhfələr verməkdir.

XQ







Son xəbərlər