Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının (Cənubi Koreya) paytaxtı Seula səfər edib. Bu barədə ölkənin müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda səfərin işgüzar xarakter daşıdığı qeyd edilib.
O, səfər çərçivəsində sentyabrın 9-da “Hərbi sferada məsul süni intellekt” sammitinin açılış mərasimində iştirak edib. Tədbir Koreya Respublikası, Niderland, Böyük Britaniya, Sinqapur və Keniyanın müdafiə və xarici işlər nazirlikləri tərəfindən hərbi texnologiyaların daha yaxşı mənimsənilməsi və döyüş əməliyyatları zamanı süni intellektdən istifadəyə nəzarət üzrə beynəlxalq mexanizmlərin yaradılmasının təşəbbüskarı olmaq məqsədilə təşkil olunub.
Qeyd edək ki, Ermənistanla Cənubi Koreya arasında diplomatik münasibətlərin qurulması haqqında protokol 1992-ci il fevralın 21-də imzalansa da, iki ölkənin əlaqələrində inkişaf meyilləri son illərdə müşahidə olunur. Bir müddət öncə Ermənistan hökuməti və Cənubi Koreya hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələblərinin aradan qaldırılması, həmçinin iki ölkənin mədəniyyət, idman və təhsil sahələrində əməkdaşlığı haqqında saziş imzalanıb. 2018-ci il martın 6-da Ermənistan hökuməti Cənubi Koreya vətəndaşlarına 180 gün müddətinə viza verilməsi barədə qərar qəbul edib ki, bunun da məqsədi iki ölkə arasında münasibətləri gücləndirmək və turizmi inkişaf etdirməkdir. Ermənistan vətəndaşları üçün isə vizanın liberallaşdırılması 30 gün ərzində tətbiq edilir. Ermənistanda yaşayan Cənubi Koreya vətəndaşlarının sayı 373 nəfərdir. Hayastanın Tokiodakı səfirliyi Cənubi Koreyada da akkreditasiya olunub. Cənubi Koreya 2024-cü ildə səfirlik açmaq istədiyi ölkələrin siyahısına Ermənistanı da daxil edib. Yeri gəlmişkən qeyd edək ki, digər ölkələr Gürcüstan, Estoniya və Litvadır.
Cənubi Koreya Sənaye Nazirliyinin ticarət danışıqları departamentinin rəhbəri An Dok Kın bu yaxınlarda İrəvana səfəri zamanı Ermənistanın Cənubi Koreyanın ixracı üçün “strateji regiona” çevrildiyini bildirib. İki ölkə arasında son beş ildə ticarət dövriyyəsi 4,6 dəfə artaraq, bu ilin 9 ayında 90 milyon ABŞ dollarına çatıb. Seul İrəvanla atom elektrik stansiyaları, inkişafa rəsmi yardım, ticarət və investisiya sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Cənubi Koreya Sənaye Nazirliyinin bəyanatına görə, Ermənistanla “körpülərin qurulması” Seul üçün son vaxtlar böyüyən tammiqyaslı bazara nüfuz etmək və MDB ölkələri ilə praktiki iqtisadi əməkdaşlığı gücləndirmək üçün zəruridir.
Hayastanın bəzi vəzifəli şəxsləri müxtəlif illərdə Seula səfərlər ediblər. Sonuncu dəfə bir neçə gün öncə – sentyabrın 6-da Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Cənubi Koreyaya işgüzar səfərə getmişdi. Qriqoryan orada bir sıra görüşlər keçirmişdi.
Əlbəttə, Ermənistan rəsmilərinin hansı ölkəyə səfər etmələri ilə işimiz yoxdur. Sadəcə, burada bizim təhlükəsizlik qayğılarımız baş qaldırır. Çünki heç kəsə sirr deyil ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyib. Rəsmi İrəvan bunu şifahi şəkildə bəyan etsə də, əsas qanunundan, yəni konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın yer aldığı bəndi çıxarmayıb. Onlar ölkəmizin çoxsaylı iradlarına cavab olaraq, hələ bu yaxınlarda konstitusiya dəyişikliyi üzrə referendumun 2027-ci ildə keçiriləcəyini bəyan etdilər. Buna paralel olaraq, Ermənistan Fransadan, Hindistandan silah-sursat alır, Yunanıstan və Kipr Respublikası ilə hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirir. Avropa Sülh Fondu vasitəsilə Ermənistana silahlı qüvvələrini inkişaf etdirmək üçün ilkin olaraq 10 milyon avro vəsait ayrılıb. İndi isə bu ölkələrin siyahısına Cənubi Koreyanın da qoşula biləcəyi arzuolunmazdır. Ərazi iddiasından rəsmi imza ilə əl çəkməyən ölkənin ordusunu sürətlə silahlandırması, təbii ki, bizim narahatlığımıza səbəb olur. Biz bölgədə yeni hərbi toqquşmanın, yenidən gərginliyin yaşanmasını arzu etmirik. Buna görə də Ermənistan müdafiə nazirinin Seula səfərinə və Hayastanın Cənubi Koreya ilə hərbi əməkdaşlığı inkişaf etdirmək niyyətinə həssaslıqla yanaşırıq.
Mövzu ilə bağlı “XQ”yə açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, Ermənistan müdafiə nazirinin Cənubi Koreyaya rəhbərlik etdiyi nazirlik, habelə ordunun silahlandırılması ilə bağlı səfər etməsi mümkündür. Onun sözlərinə görə, digər tərəfdən biz bu gün süni intellektin silahlandırmada getdikcə böyük rol oynadığını görürük: “Məsələn, Rusiya–Ukrayna müharibəsi fonunda – gedən döyüşlərdə süni intellektin əhəmiyyəti və onun gələcəkdə daha böyük rol oynayacağı barədə çox şey demək olar. Cənubi Koreya da bu baxımdan inkişaf etmiş ölkədir. Onların ordusunda süni intellektin imkanlarından geniş istifadə edilir. Düşünürəm ki, Papikyanın hərbi və hərbi-texniki əməkdaşlıq məqsədilə Cənubi Koreyaya getməsi prinsip etibarilə, təəccüb doğurmamalıdır. Hər bir ölkə öz siyasətini, ordusunu özünün görmək istədiyi kimi qurur”.
Ş.Ramaldanovun sözlərinə görə, Qərb dünyası, o cümlədən ABŞ və Cənubi Koreya, demək olar ki, eyni blokun nümayəndələridir. Biz burada bir daha görürük ki, Ermənistanın müdafiə naziri də məhz bu məsələlərlə bağlı həmin blokun nümayəndələri ilə bilavasitə sıx əlaqəlidir. Rəsmi İrəvan gələcək perspektiv istiqamətini də bu yolda görür.
Ermənistanın silahlandırılması prosesinin sürətləndirildiyini qeyd edən ehiyatda olan polkovnik bildirdi ki, bəlkə də İrəvanın havadarları hazırda Cənubi Koreya ilə Hayastan arasında müasir silah-sursat alqı-satqısına dair yeni müqavilələrin axtarışındadırlar: “Hər halda düşünürəm ki, Cənubi Koreya ilə sıx əlaqələr qurmağa Ermənistanı havadarları sövq ediblər. İrəvan Cənubi Koreyanın timsalında özünə yeni havadar tapdığını düşünür. Ona görə də hesab edirəm ki, biz yaxın zamanlarda Ermənistan ordusunun silahlanmasına Cənubi Koreyada istehsal edilmiş hərbi təyinatlı məhsulların və silahların da daxil ediləcəyinin şahidi ola bilərik. Ümumiyyətlə, Ermənistan hazırda çox sürətlə silahlandırılır. Bu, açıq-aydın görünür. Mən deyərdim ki, onlar bu silahlanmanı həm də nümayişkəranə həyata keçirirlər. Bunun da bir neçə məqsədi var. Bu, həm daxili auditoriyaya hesablanmış gedişdir, həm də xaricə müəyyən mesajlar verirlər. Prinsip etibarilə Azərbaycana da bir mesajdır ki, biz silahlanırıq, daha doğrusu, bizi silahlandırırlar. Müəyyən şəkildə xarici havadarlarının olduğunu göstərmək istəyirlər. Ermənistan uzun illərdir tutduğu mövqeyindən və regionda sabitliyi pozan ölkə olmaqdan əl çəkmir. Onun havadarları da müəyyən bir şəkildə İrəvanı buna istiqamətləndirirlər”.
Müsahibimiz qeyd etdi ki, Azərbaycan Ordusunun hər cəhətdən inkişaf etməsinə, o cümlədən süni intellektin tətbiqi məsələsinə böyük diqqət yetirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, onun diqqəti və səyləri nəticəsində ordumuz bu gün ən müasir silahlarla silahlanır, son istehsal olan avadanlıqlar alınır. Ordumuz bu istiqamətdə inkişaf edir. 44 günlük Vətən müharibəsində də ölkəmiz məhz yeni yanaşmalar tətbiq etməklə, süni intellektin imkanlarından yararlanmaqla, müasir silah və avadanlıqların tətbiqi ilə, təbii ki, onlardan mükəmməl şəkildə istifadə etməyi bacaran peşəkar hərbçilərimizin sayəsində qələbə çaldı. Azərbaycan Ordusu bu sahədəki inkişafı ilə də torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamış ölkənin ordusunu qabaqlayır. Ordumuzda intellektual potensialı yüksək olan, rəqəmsallaşmış və süni intellektin tətbiq edildiyi silah və texnikanın idarə olunmasında bacarığa malik yetərincə zabit kadrları var. Bu gün də ölkəmizdə istər təlimlərdə, istərsə də məşğələlərdə ən müasir silah-sursat və texnikaya üstünlük verilir. Azərbaycan bu sahədə də Ermənistandan qat-qat irəlidədir.
Erməni nazirin səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə açıqlamasında bildirdi ki, bir ölkənin müdafiə naziri başqa ölkəyə səfər edirsə, bunun ən azı iki səbəbi olur. Birinci səbəb odur ki, həmin nazir səfər etdiyi ölkə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək istəyir və ya getdiyi ölkənin hərbi texnikasına maraq göstərir. Onun sözlərinə görə, Ermənistan müdafiə nazirinin uzaq Cənubi Koreyaya səfərinin hərbi əməkdaşlıqla əlaqəsi azdır, deməli, İrəvan bu ölkənin hərbi texnikasına maraq göstərir: “Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyadan da hərbi texnika almaq istəyir. Cənubi Koreyanın illik müdafiə məhsulları ixracatı 15 milyard dollara yaxındır. Bu ölkə dünyanın ən böyük səkkizinci müdafiə məhsulları ixracatçısıdır. Cənubi Koreya tanklar, artilleriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir. Ölkənin müdafiə sənayesi sahəsində 80 şirkət fəaliyyət göstərir və bu şirkətlərdə təxminən 45 min nəfər çalışır. Mütəxəssislər Cənubi Koreyanın istehsal etdiyi bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədirlər. Məsələn, Cənubi Koreya 2023-cü ildə Polşaya 13 milyard dollar dəyərində hərbi texnika tədarük edib”.
Onun sözlərinə görə, Ermənistan Cənubi Koreyadan Azərbaycana təhlükə yarada biləcək hərbi texnika almamış Bakı Seulla dialoqa keçməlidir. Əslində, Azərbaycan da Cənubi Koreyanın hərbi texnikasına maraq göstərib. Ötən il Cənubi Koreyada keçirilən hərbi sərgidə Azərbaycanın müdafiə sənayesi naziri koreyalı həmkarı ilə görüşərək geniş fikir mübadiləsi aparmışdı. Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmişdi. Ermənistan Azərbaycandan əvvəl Cənubi Koreyadan hərbi texnika alarsa, rəsmi Bakı gələcək bəyanatlarında bu ölkəni də tənqid etmək məcburiyyətində qalacaq. Bunun baş verməməsi üçün Cənubi Koreya ilə hərbi əməkdaşlıq məsələsində Ermənistanı qabaqlamaq lazımdır”.
Səxavət HƏMİD
XQ