Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin binasında və ətraf ərazidə təmir işləri aparılacaq. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muzeyin təmiri ilə bağlı mədəniyyət nazirinə Xızı şəhərində vətəndaş qəbulu zamanı müraciət olunub.
Xatırladaq ki, Mikayıl Müşfiqin xatirə muzeyi Xızıda yağan leysan yağışları nəticəsində yararsız hala düşüb, sel suları muzeyə keçid körpüsünü uçurub.
Artıq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən muzeyin binasına və ətraf əraziyə texniki baxış keçirilib. Baxış zamanı bina və ərazidə təmir və bərpa işlərinin yerinə yetirilməsi, səkilərin yenidən qurulması, piyada körpüsünün yenidən inşa edilməsi, Tıxlı çayının məcrasının təmizlənməsi, sahil bərkidilmə işlərinin aparılması və yerüstü suların idarə olunması üçün hazırlanacaq layihə sənədləri əsasında sözügedən işlərin yerinə yetirilməsinin zəruriliyi müəyyən edilib.

