Bakıda “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib

post-img

Bu gün İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hazırda ölkəmizdə bizneslərin təxminən 99 faizini KOB subyektləri təşkil edir və “yaşıl artım”ın və yaşıl iqtisadiyyata keçidin təmin edilməsi böyük ölçüdə KOB-ların “yaşıl transformasiyası”ndan keçir.

Nazirin sözlərinə görə, istilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-lar enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır: “Dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olurlar. KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları mənimsəməyə imkan verir. Həmçinin KOB-lar bazardakı dəyişikliklərə və istehlakçı seçimlərinə çevik reaksiya verə bilir ki, bu da sürətlə trendə çevrilən yaşıl iqtisadiyyatda vacib amildir”.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxışında “Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılmasının KOB-ların daha dayanıqlı təcrübələrə keçidini asanlaşdıracağını və onları lazımi bilik, məsləhət və texnologiya ilə təmin edəcəyini deyib. Nazir qeyd edib ki, bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir: “COP29-un əsas prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda, danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən “İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir. Bu tədbir çərçivəsində Azərbaycanın COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir”.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Yaşıl konsepsiya”nın tətbiqi üzrə işlərin davam etdiyini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq “Yaşıl biznes standartı”nın hazırlanması üzərində iş getdiyini diqqətə çatdırıb: “KOBİA artıq bu ilin fevral ayından BMT-nin Qlobal Sazişinə üzv olub. Bu gün “ACWA Power” şirkəti ilə imzalayacağımız Anlaşma Memorandumu isə KOB-ların yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur. KOB-ların “yaşıl transformasiya” sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır. Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd preambula və operativ həll hissələrindən ibarətdir. İlk hissədə KOB-ların dünya iqtisadiyyatında mövcud rolu, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında əhəmiyyəti və müvafiq istiqamətdə qlobal resursların səfərbər edilməsinin vacibliyi məsələlərinə toxunulur. Operativ həll hissəsində isə yuxarıda sadalanan KOB-ların qarşılaşdığı 3 əsas problemli sahələr üzrə fəaliyyət istiqamətləri təklif olunur. Sənəddə həmçinin, qlobal səviyyədə şəbəkələşmənin təmin edilməsi və institusional əlaqələndirmə platformasının təmin edilməsi üçün “Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılması təşəbbüsü irəli sürülür”.

COP29 Azərbaycan üzrə BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29-un əsas mövzusunun iqlimin maliyyələşdirilməsi olduğunu bildirib. Onun fikrincə, bu məsələdə özəl sektorun rolu danılmazdır və illər keçdikcə də bu sektorun rolu böyüyür. Bu baxımdan dövlət və özəl maliyyə resursları arasında əməkdaşlığı təşviq etmək və bu yolla iqlim dəyişikliyinin təsirlərini səmərəli şəkildə azaltmaq önəmlidir. Eyni zamanda, özəl sektorun da bu istiqamətdə təşəbbüs göstərməsi, yeni texnoloji həlləri təqdim etməsi, dayanıqlı infrastruktur və iqlim layihələrinə sərmayə yatırmasına zərurət var. Qarşıda duran vəzifələr həm şəffaf öhdəliklər, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə hədəflərimizin aktuallığı ilə uyğunlaşan ciddi planların hazırlamağını tələb edir.

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bu gün dünyada emissiya olunan karbon vahidlərinin 24 faizinin hər hansı bir formada karbon qiyməti ilə əhatə olunduğunu nəzərə çatdırıb: “Bu gün bu rəqəm kiçik görünə bilər, amma 10 il əvvəl bu, bütün emissiya olunan karbon vahidlərinin cəmi 7 faizini əhatə edirdi. Hansısa ölkə “karbon vergisi” tətbiq edir, digər ölkə isə emissiya olunan hər bir karbon vahidinə görə sahibkardan ödəniş alır”.

Daha sonra çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev COP29 ərəfəsində bir sıra tədbirləri təşkil etməyi planlaşdırdıqlarını vurğulayıb. O bildirib ki, noyabrın 14-də COP29-un “Maliyyə, İnvestisiya və Ticarət günü” çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün maliyyə, investisiya və ticarətin inteqrasiyasını təşviq edən və COP29-un fəaliyyət gündəliyindəki 14 təşəbbüsdən biri olan İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı Təşəbbüsü - “BICFIT Dialoqu” keçiriləcək: “Tədbir çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün effektiv və bir-biri ilə uyğunlaşmış strategiyaların inkişafının müzakirəsi məqsədilə yüksək səviyyəli panellər və xüsusi mövzulara həsr olunmuş sessiyalar təşkil olunacaq. Eyni zamanda, COP29-un “Maliyyə, İnvestisiya və Ticarət günü" çərçivəsində AZPROMO-nun təşkilatçılığı ilə “Biznes, İnvestisiya və Filantropiya Platforması” adlı tədbirin keçirilməsi planlaşdırılır. Sözügedən platforma biznes və özəl sektor liderləri ilə vətəndaş cəmiyyəti nümayəndələrinə beynəlxalq iqlim danışıqları ilə yanaşı, öz öhdəliklərini ifadə etmək imkanı verəcək”.

Konfransda,həmçinin Dünya İqlim Fondunun İdarə Heyətinin sədri Cens Nilsenin də məruzələri maraqla dinlənilib.

Qeyd olunub ki, KOB-ların yaşıl transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu zərurətdən irəli gələrək KOBİA tərəfindən KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün qlobal təşəbbüs irəli sürülüb və bu, KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası Bəyannaməsində öz əksini tapıb. Tədbir çərçivəsində müvafiq bəyannamə COP29-un prezidentinə təqdim edilib.

Tədbirdə KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Səlim Güven tərəfindən imzalanmış sənəd kiçik və orta sahibkarlıq subyektlərinin yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.

Konfransda BMT-nin Qlobal Sazişi tərəfindən korporativ dayanıqlılıq mədəniyyətinin təşviqində fəal iştirakına görə KOBİA-ya sertifikat təqdim edilib.

Tədbir panel iclaslarla davam edib.

“KOB subyektlərinin yaşıl iqtisadiyyata keçidinin zərurəti” mövzusunda paneldə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, “SmartNation” Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova, “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin layihə direktoru Eşli Roulands, energetika üzrə ekspert Cahangir Əfəndiyev və “Sustainera Solutions” şirkətinin partnyoru İlkin Hacıyev yaşıl iqtisadiyyatın inkişafda rolunun artırılmasında dövlətin prioritetləri, karbon izi indikatorlarının ixraca təsiri, bərpa olunan enerji tərəfdaşlığı vasitəsilə KOB-ların potensialının artırılması, enerji səmərəliliyinin karbon emissiyasının azaldılmasında rolu, xalis sıfır hədəflərinə çatmaqda KOB-ların əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi üçün potensialın artırılması barədə məlumat veriblər.

“İqlim maliyyəsi və KOB-lar” mövzusunda paneldə isə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsi müdirinin müavini Eldar Əhmədov, Mərkəzi Bankın Dayanıqlı maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov, Azərbaycan Bank Tədris Mərkəzinin fəxri direktoru Cavanşir Abdullayev, strateji və idarəetmə məsələləri üzrə ekspert və “Caspian Group”un təsisçi partnyoru Mehman Abbas, Azərbaycan Beynəlxalq Bankının Strategiya ofisi direktorunun müavini Berk Öztürk yaşıl maliyyənin genişlənməsi sahəsində vizyona və strateji planlara, Enerji Fondunun yaşıl keçidin maliyyələşdirməsi üçün mexanizmlərinə, maliyyə bazarı iştirakçılarının yaşıl maliyyələşməyə hazırlığı barədə fikirlərini bölüşüblər.

Hər iki panel üzrə müzakirələr bitdikdən sonra sahibkarların sualları cavablandırılıb.







İqtisadiyyat