Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Fövqəladə halların ətraf mühitə və insanlara olan təsirləri, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda maarifləndirici seminar keçirilib.
Bu haqda “Xalq” qəzetinə Bölmənin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, elmi ictimaiyyətin, təhsil və istehsalat müəssisələrinin nümayəndələrinin iştirakı ilə gerçəkləşən seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müasir dövrdə fövqəladə halların təsirlərinin yalnız texnoloji və infrastruktur sahələri ilə məhdudlaşmadığını, ekologiyadan başlayaraq ictimai həyatı əhatə edən geniş spektrli nəticələr doğurduğunu bildirib.
Qeyd edib ki, elm və istehsalat müəssisələri ilə dövlət qurumlarının birgə fəaliyyətinin gücləndirilməsi risklərin azaldılması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə seminarın təşkilini maarifləndirici tədbirlərin davamlılığının nümunəsi kimi qiymətləndirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hadisələr barədə geniş məlumat verib və bu hadisələrin xarakterik xüsusiyyətlərini şərh edib. Məruzədə fövqəladə halların ətraf mühitə vurduğu mənfi təsirlər, insan sağlamlığına gətirdiyi təhlükələr və bu hadisələrdən qorunma mexanizmləri haqqında zəruri izahlar təqdim olunub. Polkovnik-leytenant payız-qış mövsümü ilə əlaqədar məişət qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına xüsusi diqqət çəkib və dəm qazı təhlükəsinin qarşısının alınması üçün əsas profilaktiki tədbirləri sadalayıb. O, düzgün havalandırma sistemlərinin qurulmasının, qaz avadanlıqlarının texniki baxışdan keçirilməsinin və maariflənmənin həyati zərurət olduğunu vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov zəlzələ və yanğın halları zamanı davranış qaydalarının real nümunələr əsasında tətbiqi mexanizmlərini izah edib. O, fövqəladə hal baş verdiyi anda insanların qərarvermə prosesində psixoloji sabitliyin qorunmasının mühüm şərt olduğunu bildirib. Təhlükəli mühitin tərk edilmə ardıcıllığı, ilkin müdafiə davranışları və təxliyə zamanı kollektiv hərəkət koordinasiyasının vacibliyi diqqət mərkəzində olub. O, həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinin və Dövlət Yanğından Mühafizə Hissələrinin 101 xidməti nömrəsinin əhəmiyyətindən bəhs edib və bu xidmətlərin operativ müdaxilə imkanları haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Tədbirdə nazirliyin Dövlət Yanğın Nəzarəti İdarəsinin ümumi şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İsmət Əsgərov müəssisələrdə və şəxsi mülkiyyət obyektlərində yanğın təhlükəsizliyi sahəsində müəyyən edilmiş normativ tələblərdən danışıb və bu tələblərə əməl edilməməsinin doğuracağı fəsadları izah edib. O yanğın baş verdiyi halda düzgün davranış ardıcıllığını diqqətə çatdırıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını praktik nümunələrlə təqdim edib.
Seminarın sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbir, ümumilikdə, fövqəladə halların qarşısının alınması, əhalinin maarifləndirilməsi və təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi istiqamətində böyük əhəmiyyətə malik addım kimi qiymətləndirilib.
Səbuhi HƏSƏNOV


.jpeg)
.jpeg)