İctimai nəqliyyatda qadın sürücülərin iştirakının artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən reallaşdırılan layihə çərçivəsində qadınlar avtobus sürücüsü kimi peşəkar fəaliyyət göstərmək üçün nəzəri və praktiki təlimlərə qoşuldu.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı AYNA-nın mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, təlim müddətində yerüstü nəqliyyat agentliyinin tədris-təlim mərkəzinin mütəxəssisləri tərəfindən onlara nəinki sürücülük vərdişləri, eləcə də davranış qaydaları, ünsiyyət bacarığı və təhlükəsizlik mövzuları aşılanıb.
“Sürücülər, həmçinin dayanıb-durma qaydaları, manevretmə, müxtəlif yol qəza-riskinin minimuma endirilməsi barədə xüsusi tapşırıqları yerinə yetiriblər. Bundan başqa, onlar üçün tərtib olunmuş marşrut üzrə sınaq yürüşləri də həyata keçirilib, peşəkar sürücülər kimi “BakuBus” MMC-yə müraciət edərək işlə təmin olunublar. İki xanım artıq bu gündən fəaliyyətə başlayıb. Yaxın zamanda isə daha bir sürücü qadın “BakuBus”un əməkdaşı kimi işə başlayacaq”, - deyə T.Orucov bildirib.

