“Qeyrətdən səngərli, qalalı dağlar” yağmaçı yağıya gözdağıdır

post-img

Doğma yurda qayıdışın öyüncü və sevinci

Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan mühüm günlərdən biri də 2020-ci il noyabrın 25-dir. Bu tarix Kəlbəcərin 27 illik işğaldan azad edilməsi ilə respublikamızın ərazi bütövlüyünün bərpası prosesində dönüş nöqtələrindən biri oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən əldə edilən tarixi Zəfərdən sonra Kəlbəcərin düşməndən geri alınması diplomatik və hərbi üstünlüyün parlaq göstəricisi idi. Dövlətimizin başçısı məhz həmin şərəfli tarixin əbədiləşdirilməsi məqsədilə “Kəlbəcər Şəhəri Günü”nün təsis edilməsi haqqında 2023-cü il iyulun 31-də sərəncam imzaladı.

1930-cu il avqustun 8-də Kəlbəcərin inzibati rayon statusu alması bölgənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olub. Qafqazın ən mürəkkəb relyefinə malik rayonlarından biri kimi tanınan Kəlbəcər həm strateji, həm də təbii resurslar baxımından böyük potensialı ilə fərqlənib. Rayon daha çox mineral sularla zənginliyi ilə seçilib. “İstisu” kimi dünya şöhrətli sanatoriya kompleksinin fəaliyyəti sovet dövründə Kəlbəcərin iqtisadi cəlbediciliyini artırıb. Burada ötən əsrin ortalarında sənaye infrastrukturu formalaşmağa, kənd təsərrüfatı inkişaf etməyə başlayıb.

1960–1980-ci illərdə Kəlbəcər mədəniyyət, təhsil, səhiyyə və sosial xidmət sahələrində də bölgənin dinamik inkişaf edən rayonlarından biri idi. Yeni məktəblər, kitabxanalar, klublar açılır, kəndlər genişləndirilirdi. Həmçinin Kəlbəcərin folkloru, aşıq sənəti və el dəyərləri Azərbaycanın mədəni xəzinəsində mühüm yer tuturdu.

Kəlbəcərin əsas strateji üstünlüyü onu dağ silsilələri vasitəsilə Qarabağ, Naxçıvan və Qərbi Azərbaycandakı tarixi yurd yerləri ilə birləşdirən təbii “qapı” funksiyasını yerinə yetirməsində idi. Bu amil regionun hərbi-strateji dəyərini dəfələrlə artırırdı.

Bu məqamda onu da qeyd edək ki, 1993-cü il aprelin 2-si Azərbaycan tarixinin ən acı səhifələrindən biri kimi xatırlanır. Həmin gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi minlərlə dinc sakinin həyatını alt-üst etdi və beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu. Rayonun düşmən əlinə keçməsi ilə yüzlərlə dinc sakin qətlə yetirildi, əsir və girov götürüldü. Qarlı dağ aşırımlarından, çətin relyefdən keçərək əhalinin böyük hissəsi mühasirədən çıxmağa çalışdı. Onların çoxu soyuqdan və atəşə tutulma nəticəsində həlak oldu.

Ermənistanın işğalı dövründə Kəlbəcərdə sistemli dağıntı siyasəti həyata keçirildi, kəndlər tamamilə yandırıldı, məscidlər və tarixi abidələr vandalizmə məruz qaldı, meşələr qırıldı, təbii sərvətlər talandı, “İstisu” kimi milli sərvətlər qeyri-qanuni istismar edildi. Bu dağıntılar yalnız fiziki məhv deyildi, həm də Azərbaycanın tarixi izlərinin silinməsi üçün məqsədli şəkildə aparılan etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər bölgədə yeni siyasi reallıq yaratdı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın tələblərinə əsasən, Ermənistanın işğalçı ordusu Kəlbəcəri döyüşsüz tərk etməyə məcbur oldu. 25 noyabr 2020-ci il isə Kəlbəcərin tam azad edildiyi gün kimi tarixə düşdü. Bu, həm də Azərbaycanın diplomatik və hərbi gücünün, beynəlxalq legitimliyinin və dövlətçilik iradəsinin təntənəsi idi. Kəlbəcərin azad edilməsi ilə ölkəmizin təhlükəsizlik arxitekturası strateji cəhətdən daha da möhkəmləndi.

İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq proqramları həyata keçirilməyə başlandı. Bu, rayonun yenidən qurulması ilə bərabər, həm də “ağıllı” bölgə konsepsiyasının tətbiq olunması demək idi. İşğal zamanı tamamilə dağıdılmış Kəlbəcərdə yüz kilometrlərlə yeni avtomobil yolları salındı, çoxsaylı tunel və körpülər inşa edildi, elektrik enerjisi xətləri çəkildi, su təchizatı sistemləri bərpa olundu, strateji yüksəkliklərə hərbi və təhlükəsizlik infrastrukturu yerləşdirildi. Göygöl–Kəlbəcər, Toğanalı–Kəlbəcər–İstisu magistral yolları və Murovdağ tuneli isə regionun sürətli inkişafında hərəkətverici qüvvəyə çevrildi.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda inşa olunan ən mühüm layihələrdən biri olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu təkcə Kəlbəcər rayonunu əsas magistral şəbəkəyə bağlamır, eyni zamanda, bölgənin təbii resurslara, turizm obyektlərinə və sərhəd infrastrukturuna çıxışını gerçəkləşdirir. Magistralın 56 kilometrini Toğanalı–Kəlbəcər 26 kilometrini isə Kəlbəcər–İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır.

Müasir texnologiyalar əsasında inşa edilən bu magistral xəttin əsas xüsusiyyəti onun sosial-iqtisadi və turistik təsirinin çoxşaxəli olmasıdır. Kəlbəcərin zəngin mineral su mənbələrinin, o cümlədən məşhur İstisu sanatoriyasının yenidən fəaliyyətə başlaması üçün bu yol həyati əhəmiyyət daşıyır. Yol, eyni zamanda, regionun ekoturizm, dağ turizmi və sağlamlıq istirahəti potensialını reallaşdırmaqla yanaşı, yerli əhalinin məhsullarını bazarlara çıxarma imkanlarını da genişləndirir.

Xatırladaq ki, dövlətimizin başçısının iştirakı ilə 2021-ci ilin avqustunda Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun təməlqoyma mərasimi keçirilib. Bu il avqustun 21-də isə yolun 13,5-ci kilometrliyində inşa edilən və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı gerçəkləşdirilib.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun mühüm tərkib hissəsi kimi inşa olunan Murovdağ tuneli Azərbaycan mühəndisliyinin simvoluna çevrilməkdədir. Dünyanın ən uzun avtomobil tunellərindən biri olan bu infrastrukturun iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacağı planlaşdırılır. Tuneldə sağ və sol hissələri birləşdirən 38 keçid artıq istismara hazırdır. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir.

Uzunluğuna görə Murovdağ tuneli dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə 1-ci olacaq. Murovdağ silsiləsini keçən bu nəhəng infrastruktur, eyni zamanda, Azərbaycanı Şərqi Zəngəzurla birləşdirən strateji qovşaqlardan biri kimi çıxış edəcək, mühəndislik baxımından çətinliyinə və strateji əhəmiyyətinə görə isə misilsiz layihə olaraq tarixə düşəcək. Bu tunel vasitəsilə qış aylarında da fasiləsiz nəqliyyat əlaqəsi təmin olunacaq, dağlıq relyefin yaratdığı maneələr aradan qaldırılacaq. Beləliklə, Azərbaycanın qərb rayonları ilə Kəlbəcər və Laçın istiqamətində hərəkət ilboyu sabit və təhlükəsiz şəkildə gerçəkləşəcək.

Bu gün Kəlbəcərdə kəndlərin yeni konseptlə yenidən qurulması həyata keçirilir. “Ağıllı” enerji, “ağıllı” su idarəetməsi, “yaşıl” texnologiyalar və ekoloji dayanıqlı planlaşdırma tətbiq olunur. Gələcəkdə Cənubi Qafqazın ən nüfuzlu sağlamlıq turizm mərkəzlərindən birinə çevriləcək “İstisu” sanatoriyası yenidən qurulur. Rayonda kənd təsərrüfatının dirçəlişi diqqətdə saxlanılır. Dövlət proqramları çərçivəsində yem bazası, heyvandarlıq təsərrüfatları, arıçılıq klasterləri formalaşdırılır.

Kəlbəcərdə yuxarıda sadalananlarla bərabər, milli yaddaşın qorunması prosesi də diqqətdə saxlanılır, tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların bərpası aparılır. Məsələn, Ermənistan silahlı qüvvələri tərəfindən barbarcasına dağıdılaraq talan edilən “Daş dirəkli dam”da bərpa və yenidənqurma layihələri həyata keçirilir.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiqlənib. 30 illik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib.

Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçədə sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri yerləşəcək. Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox (290 hektara yaxın ərazi, 17000 nəfər əhali) artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Kəlbəcər 1930–1993-cü illərdə böyük inkişaf yolu keçmiş, lakin 27 illik işğal dövründə dəhşətli vandalizmə məruz qalmış bir regiondur. Bu faciənin ardından 2020-ci ildə Kəlbəcərin azad edilməsi Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik hadisə oldu. Bu gün isə Kəlbəcər müasir quruculuğun, dövlətçilik iradəsinin, iqtisadi yüksəlişin və milli həmrəyliyin simvoluna çevrilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma proqramı Kəlbəcərin təkcə bərpası deyil, həm də tamamilə yeni konseptlə gələcəyə hazırlanması deməkdir. Bu coğrafiyada artıq yeni həyatın təməli qoyulub və qarşıdan gələn illər Kəlbəcərin Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini göstərir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat