Biləsuvar torpağında yetişdirilən hind quşu ləzizliyinə və bolluğuna görə rayonda aqrar istehsala məxsusi özəllik və məşhurluq gətirib. Elə bu səbəbdən 5-ci ildir ki, məhsul bayramı “Hind quşu” festivalı adı ilə keçirilir.
Festivalda fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar də iştirak edirdilər. Ümumrayon şənliyi məzmun zənginliyi və tərtibat rəngarəngliyi, qonaq axını ilə diqqəti daha çox cəlb edirdi. Cənub bölgəsinin rayonları ilə yanaşı, Qaxdan, Balakəndən, Sumqayıt və Bakı şəhərlərindən gələnlər də əl işləri, hazırladıqları məhsullarla festivala qoşulmuşdular.
Bakının Bilgəh qəsəbəsindən Hüseyn Abdullayev ömür-gün yoldaşı Ülviyyə Abdullayeva ilə həyətlərində yetişdirdikləri zəfəranı, zeytun turşusunu, xurma doşabını, Sumqayıtdan Xanım Məmmədova uşaqlar üçün toxuduğu oyuncaqları, Salyandan Rauf İbrahimov ağacdan oyma üsulu ilə hazırladığı tətbiqi sənət nümunələrini, Bakıdan Aynurə Cəbrayılova təbii daşdan hazırladığı aksesuarları, Astaranın Kakalos kəndindən Rüfət Rzayev yerli, qurudulmuş pizədən toxuduğu zənbil, səbət, tərəzi, papaq və naxışlı həsirləri, Biləsuvar rayonunun Əsgərabad, İsmətli kənd, Biləsuvar şəhər uşaq incəsənət məktəblərinin şagirdləri əl işlərini və rəsm əsərlərini nümayiş etdirdilər.
Xalq artisti İlham Namiq Kamalın festival iştirakçılarını salamlaması əmək bayramına könül xoşluğu gətirdi, meydanda halal zəhmətin, ruzi-bərəkətin hikmətini ucalara yüksəltdi. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov el şənliyinin bu formatda təşkilinin regionda turizmin inkişafı, xalqımızın milli adət-ənənələrinin, mədəni irsinin, zəngin mətbəxinin təbliği baxımından mühüm rol oynayacağını diqqətə çatdırdı. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov rəngarəng təqdimatların ölkədə quşçuluğun və turizmin inkişafına, bölgənin iqtisadi potensialının tanıdılmasına töhfə verəcəyini vurğuladı.
Ayrı-ayrı guşələrdə fermerlərin istehsal etdikləri məhsullardan ibarət satış yarmarkası, milli-mənəvi dəyərlərimizi əks etdirən toy adətləri və xına mərasimi bayrama yüksək təntənə gətirdi. Festivalda Çin, özbək mətbəxindən nümunələr, amerikansayağı hind quşu ləvəngisi, hind quşundan hazırlanmış müxtəlif növ milli təamlar nümayiş olundu. Məharəti ilə fərqlənən aşpazlar mükafatlandırıldılar.
Dağlıq Şirvanın aşıqlarının, Lerikin “Rəfti” rərs qruplarının, Şirvan-Salyan və Lənkəran-Astara Regional Mədəniyyət idarələri musiqi kollektivlərinin çal-çağırları bir-birini əvəzləyərək ölkəmizdə tərəqqi, bolluq və yüksələn rifahın simfoniyası kimi səsləndi.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri


