Moskvada dərk etməlidirlər ki, hərbə-zorbalıq dövrü geridə qalıb
Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda bir araya gəlmələri və imzaladıqları sənədlər Moskvada soyuq duş effekti yaratmaqla yanaşı, Ermənistandakı revanşist-şovinist kəsimi də möhkəm qəzəbləndirib. Rusiyada Kremlin dirijor çubuğu ilə hərəkətə gələnlər müxtəlif məqamları qabardıb Bakıda səhv axtarmağa girişirlərsə, ölkəmizin, az qala, işğalına ciddi əsasın yarandığını vurğulayırlarsa, erməni revanşistlərin hədəfi baş nazir Nikol Paşinyan iqtidarıdır. Daha doğrusu, onlar ənənəvi anti-Paşinyan tezislərini daha da gücləndirirlər. Revanşistlərin də məhz Kremlin direktivlərinə uyğun hərəkət etdikləri məlumdur.
Əslində, erməni müxaliflər hər zaman Kremlə yaxın çevrələr tərəfindən idarə olunublar və mövcud trayektoriyada təəccüblü heç nə yoxdur. Nisbətən fərqli olan həmin müxaliflərin hazırda bildirdikləri fikirlər, irəli sürdükləri yanaşmalardır. Məsələn, Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyanın dediklərini götürək. Azərbaycanın, guya, sülhdən yayınacağını, habelə “erməni hərbi əsirləri saxladığını”, “Artsaxın mədəni irsini məhvə məruz qoyduğunu”, Qarabağ ermənilərinin geri qayıdış hüququnu tanımadığını deyən Zurabyan çox sərsəmlədikdən sonra nəticəyə gəlir ki, rəsmi Bakı Ermənistanın işğalına cəhd göstərsə, ikincini qorxunc aqibətdən ABŞ yox, məhz Rusiya qurtaracaq.
Heç şübhəsiz, sülhü əngəlləmək, erməni cəmiyyətində ajiotaj yaratmaq, türk düşmənçiliyini qızışdırmaq məqsədi daşıyan belə deyimlər Moskvanın siyasi sifarişidir. Rusiyada çox yaxşı görürlər ki, Azərbaycan və Ermənistan yekun barışa doğru gedir. Vaşinqtonda yaşananlar, eyni zamanda, yolun dönməzlik trayektoriyasını müəyyənləşdirib. Ayrıca onu da bildirək ki, ölkəmiz heç vaxt işğalçılıq niyyətinə düşməyib. Vaxtilə erməni təcavüzünə qol qoyanın da Rusiya olduğu sirr deyil. Eləcə də Moskvanın işğalın davamına şərait yaratdığı şübhəsizdir.
Mütləq zəfər qazandığı 44 günlük müharibədən sonra Ermənistana barış əlini uzadan da, sülh sazişinin şərtləri üzrə prinsipləri müəyyənləşdirən də məhz rəsmi Bakı olub. Azərbaycan hakimiyyəti dəfələrlə ədalətli sülhün faydalarından söz açıb. Yəni, ümumən, ölkəmiz xoş niyyətli davranıb. Hazırda isə heç deyilə bilməz ki, Vaşinqton təması ölkəmizə təcavüz niyyəti üçün şans qazandırıb. Çünki ortada yazılı saziş, Ağ ev kimi mötəbər məkanda imzalanmış üçtərəfli Birgə Bəyannamə var. Ən başlıcası isə sözümüzdür. Prezident İlham Əliyevin erməni həmkarı və Birləşmiş Ştatlar Prezidenti Donald Trampla mətbuata birgə bəyanatı əsnasında səsləndirdiyi fikirlərdən tam aydındır ki, Azərbaycan əldə edilmiş razılaşmaların həyata keçməsində maraqlıdır və bu səbəbdən Vaşinqton görüşünü mühüm təminat qismində qiymətləndirməklə, bir növ, barış üçün immunitet formalaşdırır: “İlk növbədə, qeyd etmək istərdim ki, bu gün biz artıq neçə vaxtdır danışıqlar prosesində olan sülh sazişini parafladıq. Onun burada, dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Birləşmiş Ştatların hörmətli Prezidenti qarşısında paraflanması faktı göstərir ki, tərəflərdən heç biri geri çəkilməyəcək. Bununla bağlı heç bir şübhə yoxdur. Əgər bizlərdən kimsə, Baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, buraya gəlməzdik. Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək”.
Bəli, elə bu fikirlərdən də aşkardır ki, Azərbaycanın niyyəti işğalçılıq yox, sülhdür. Ancaq Rusiyada eşidilən mesajların başqa tərəfi var. Ölkənin Dövlət Dumasının ayrı-ayrı deputatlarının bildirdikləri təxminən budur ki, Paşinyan Qərbin tələbi ilə bir çox erməni nəsillərinin uğrunda mübarizə apardıqları hər şeydən əl çəkib, ölkəni topdan və pərakəndə üsullarla satışa çıxarıb. Diqqət edək, bu sözləri otuz il ərzində Ermənistanda hər sahəyə nəzarəti həyata keçirən, ölkəni forposta çevirən ölkənin qanunverici orqanının təmsilçiləri bildirirlər. Necə deyərlər, utanmayasan, oynamağa nə var ki?
Heç şübhəsiz, Dövlət Duması üzvlərinin sərsəm iddiaları digər məsələlərlə yanaşı, həm də Azərbaycanın qərb rayonlarını Ermənistan vasitəsilə Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasından duyulan əndişənin nəticəsidir. Axı bu mühüm nəqliyyat arteriyasına nəzarətin 99 il müddətinə icarə əsasında ABŞ-a verilməsinə dair konkret razılıq var. Elə isə erməni nəsillərin mübarizə məntiqi sərsəmliyi üzərində dayanaq. Bu məntiqdəki həqiqət yükü diqqətdən yayınmır. Çünki həmin nəsillərin Cənubi Qafqazda hansı məqsədlə yerləşdirildikləri və nə kimi məkrli işlər gördükləri məlumdur. O da məlumdur ki, bölgədə məskunlaşdırılmış hayların iki yüz il ərzində, faktiki olaraq, rahat yaşayışları olmayıb. Həmişə Rusiyanın direktivləri əsasında hərəkət edərək, təxribatlar, qətllər, işğallar törədiblər. Əlbəttə, cavablarını da alıblar. Amma…
Digər tərəfdən, hayları avantürizm xəstəliyinə yoluxduran da məhz Rusiya olub. Baxın, ölkənin hazırkı bir nömrəli təbliğat ruporu, jurnalistikaya həqarət nümunəsinə çevrilmiş Vladimir Solovyov kimi zombi məxluq erməni xalqının qəhrəmanlığından, cəsurluğundan, mübarizliyindən dəm vurur. Belə təriflər elə-belədən deyil. Yəni, o təhrikçi mövqe tutur, keçmişi yada salaraq, hayları Azərbaycana qarşı qızışdırmaq məqsədi güdür. İsəyir ki, onlar qızışıb, ilk növbədə, Ermənistandakı hakimiyyəti devirsinlər. Sonrası asandır. Çünki baş nazir Paşinyan administrasiyasını iqtidar kürsüsündən uzaqlaşdıracaq qüvvə yalnız Rusiyaya bağlı ola bilər. İndi Ermənistanda qara-qışqırıq qaldıranların davranışları mahiyyətcə Rusiyanın sancısıdır. Halbuki, ölkə sancı çəkməyə, konstruktiv mövqe tuta bilər.
Əlbəttə, zamanında hayların avantürizm xəstəliyinə yoluxmaları Osmanlı əleyhinə köklənmiş Qərbin də maraq və mənafelərinə uyğun olub və buna görə də prosesə dinməz-söyləməz yanaşıb. Ancaq hazırda maraqlar dəyişib. Daha doğrusu, yeni maraqlar yaranıb və artıq hədəf Rusiyadır. İndi Cənubi Qafqaz müstəvisində yaşananlar həm də erməni amilinin anti-Rusiya köklənişinin təzahürüdür. Bu köklənişdə Ermənistanın ölkəmizlə sülhə gəlməsi isə qaçılmaz reallıqdır. Mövcud reallığı formalaşdıran isə Azərbaycandır. Dünya dərk edir ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil.
Əlqərəz, Ermənistandakı rusbaşlılar Rusiya Dövlət Duması üzvlərinin bu fikrini də təkrarlayırlar: İrəvan nə Bakıdan, nə də Vaşinqtondan nə isə əldə edə bildi. Çox güman, əldə etmək dedikdə vaxtilə Rusiya rəsmilərinin Qarabağın statusu məsələsi fonunda səsləndirdikləri şirnikləndirici vədləri nəzərlərində tuturlar. Demək istəyirlər ki, Qarabağa status haylar üçün mühüm dividend idi. Amma…
Ən başlıcası, Dövlət Dumasında bildirilir ki, guya, Moskva uzun illər Azərbaycanla Ermənistan arasında ədalətli sülhü təmin etmək istəyib. Bu fikir Rusiyanın torpaqlarımızın işğalını leqallaşdırmaq üçün vaxtilə aparılmış üzücü danışıqlar prosesini uzatmaq manevrlərini qabartmağa hesablanıb. Belə çıxır ki, hazırkı sülh gündəliyi ədalətsizdir. Niyə? Çünki erməni avantürizmini sıradan çıxarır. Hər halda, Rusiyada belə düşünürlər. Ölkədə belə düşünənlərin Ermənistandakı həmfikirləri isə rəsmi İrəvan əleyhinə hədyanlar yağdırırlar.
Bəli, Cənubi Qafqaz tarixində görünməmiş olaylar yaşanır. Mövcud coğrafiyada ilk dəfədir ki, regionun sülhə gəlmək istəyən iki dövlətinə münasibətdə Rusiyanın siyasi istebleşmentində aşkar aqressiya var. Azərbaycandakı rusbaşlılar iflicdirlər, cəmiyyətimizin ümumi anti-Rusiya köklənişi fonunda səsləri çıxmır və çıxa da bilməz. Çünki dövlət hakimiyyətimiz güclüdür, xalq-iqtidar vəhdəti yüksək səviyyədədir.
Ermənistanda isə durum fərqlidir. Hay müxalifərinin hazırkı isteriyası fərqlilik və müəyyən mənada mərkəzi hakimiyyətin zəiflik təzahürüdür. Ancaq başa düşüləndir. Həmin müxalifətin baş nazir Paşinyanın Ermənistanla Azərbaycan arasında müharibənin olmayacağına, sülhün qərarlaşacağına dair söylədiklərinə isterik münasibətini isə əsla anlamaq olmaz. Bu münasibət əsl fazişm əlamətidir və güman edirik ki, rəsmi İrəvan sülhü təhdid edən mövcud meyli aradan qaldırmaq üçün əzm və iradə nümayiş etdirəcək. Həm də ona görə ki, başqa yol yoxdur. Əsası iki yüz il əvvələ söykənmiş nifaqı aradan qaldırmaq şansı kimlərəsə, hansısa qüvvələrəsə görə əldən verilə bilməz. Regiona sülh gəlməlidir, vəssalam!
Bir məqamı da vurğulayaq ki, Azərbaycan heç vaxt Rusiyanın Cənubi Qafqazdakı rolunu saymazdan gəlməyib. Elə indinin özündə də bununla əlaqədar dəyişən heç nə yoxdur. Bakı Moskva ilə soyuqluğun aradan qalxması üçün ötən ilin dekabrında Rusiya səmasında sərnişin təyyarəmizin vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılmalarını, müvafiq konpensasiyanın ödənilməsini tələb edir. Ölkəmiz tələblərinin yerinə yetiriləcəyi təqdirdə, hər şeyin əvvəlki axarına qayıdacağına eyham vurur. Amma görünür, Kreml üçün bunun önəmi yoxdur. Rusiya təyyarə olayı ilə bağlı gərginliyi saxlamaqla, özünün regional maraqlarını gerçəkləşdirmək üçün plasdarm axtarışındadır. Deməli, Azərbaycanın ədalətli tələblərinin yerinə yetiriləcəyini gözləmək əbəsdir.
Əslində, Ermənistan da indiki durumda Rusiya ilə ziddiyyətlərin artmasında maraqlı deyil. Çünki, böyük ölçüdə, yanaşsaq, Paşinyan hakimiyyəti istəyinə çatıb, Azərbaycanla sülhün Rusiyasız trayektoriyası var və ən əsası müstəqil erməni dövlətçiliyinin gələcək yaşamı təminatlıdır. Əlbəttə, Ermənistan üçün də sülhün, belə demək mümkünsə, Rusiyasızlığı o demək deyil ki, Moskva regiondan tamamilə sıxışdırılmalıdır.
Doğrudur, Qərbin bəzi dairələri Rusiyasız Cənubi Qafqaz modelində israrlı olsalar da, görünən odur ki, nə Azərbaycan, nə də Ermənistan üçün belə bir hədəf var. Yəni, hər iki ölkə Rusiyanın qlobal regional marşrutlardan bəhrələnməsi məntiqini qabardır. Rəsmi Bakı bu mövqeni hər zaman bölüşüb, yeni reallıqları region və regiona bağlı tərəflərin mənfəəti kontekstində vurğulayıb. Özü də son dərəcə konseptual əsaslandırmalarla.
İrəvana gəlincə, Paşinyan “Fox News” telekanalına müsahibəsində bildirdi ki, Vaşinqtonda imzalanmış sənədlərin icrası nəinki Rusiyaya, eyni zamanda, İrana da hiss olunan faydalar gətirəcək: “Bu saziş həyata keçirildikdə İran Fars körfəzindən Qara dənizə qədər olan dəmir yolu infrastrukturuna çıxış əldə edəcək. Rusiya və İran öz aralarında dəmir yolu əlaqəsi yarada biləcək”.
Sonda yekun nəticəyə gələrək bildirək ki, Rusiya pozitiv gündəliklərlə razılaşmır. Ölkənin imperiya xisləti rasional davranmağa, Cənubi Qafqaz dövlətlərinə münasibətdə normal yanaşma nümayişinə imkan tanımır. Beləliklə, Rusiya həm də güclü Azərbaycanın formalaşdırdığı sülh gündəmini əngəlləməyə qol çırmayır və buna görə erməni amilindən yararlanmağa cəhd göstərir. Hadisələr isə Moskvanın istəyinə müyəssər ola bilməyəcəyi istiqamətə doğru gedir. Elə bir istiqamətə ki, orada Rusiya üçün böyük rüsvayçılıq var. Hərbə-zorba, basıb keçmə dövrü geridə qalıb. Azərbaycan və Ermənistan Ukrayna ola bilməz. Ona görə ki, ölkəmiz heç zaman rupora çevrilmədiyi kimi, tələyə də çevriləcək deyil. Rusiyaya isə düşdüyü Ukrayna tələsi kifayətdir. Yaxşı olar ki, ölkənin başbilənləri mövcud məqamı yaxşı-yaxşı düşünsünlər və nə qədər gec deyil, tutduqları yoldan geri dönsünlər.
Ə.CAHANGİROĞLU
XQ