Bu film təkcə baxmaq üçün deyil…

post-img

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlmiş və Vətən müharibəsində qəhrəmancasına canından keçən Samux şəhidlərinə həsr olunmuş “Dəmir yumruğun əks-sədası” sənədli filminə baxdım. Film mənə yalnız hadisələri göstərmədi, həm qürurlandırdı, həm kövrəltdi, həm yaşadanlara bir daha baş əydirdi.

Filmin rəhbəri Hacı İlham Məmmədov, ssenari müəllifi Ramin Mehdi və rejissor Pərvin Məmmədov birgə əməklə elə bir ekran əsəri ərsəyə gətiriblər ki, hər kadrı təkcə yaddaşı deyil, ürəyi oyadır.

Hacı İlham Məmmədovun səlis, təskinlik dolu səsi sanki şəhid analarının könlünə sığal çəkir, “Övladınız Vətənin yaddaşındadır” deyir. Hər şəhid haqqında təqdim olunan qısa, amma dərin məna yüklü fraqmentlər, həyat hekayələri onların adlarını sadəcə daş kitabələrə yox, minlərlə könülə həkk edir. Hacı hər Şəhid haqqında özü danışır, maraqla danışır, səsindəki avaz istər-istəməz tamaşaçını düşünməyə cəlb edir.

Kadrlar bir-birini ardıcıl, təsirli şəkildə əvəzlədikcə, insanın içində təkrar-təkrar dirilən bir qürur hissi yaranır. Film boyu şəhidlərin baxışlarında, sükutlarında, məktub misralarında görünən Vətən sevgisi, sonda bizə bir mesaj verir:

“Bu torpaq bizim üçün yaşanacaq, çünki onlar bizim üçün öldülər.”

Bu film təkcə baxmaq üçün deyil, düşünmək, dərk etmək və unutmaq istəməmək üçündür. Ona görə də bu sənədli ekran əsəri rayonun bütün məktəblərində, mədəniyyət evlərində, hətta qəsəbə və kəndlərin hər guşəsində nümayiş olunmalıdır. Çünki bu film təkcə şəhidlərin xatirəsinə yox, gələcək nəsillərin yaddaşına ünvanlanmış bir vəfa andıdır.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Samux.





Mədəniyyət