İqtisadi yüksəliş xarici ticarətə geniş meydan açıb

post-img

Azərbaycanın dünya ölkələri ilə mal dövriyyəsi  26 milyard 239 milyon dollara çatıb 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, uğurlu siyasət nəticəsində hazırda Azərbaycan dünyada baş verən iqtisadi təlatümlər fonunda dünyanın sürətli inkişaf tempinə çatan ölkələrindən birinə çevrilib. Bu, özünü daha çox çevik və səmərəli iqtisadi idarəetmə hesabına, köklü struktur-institusional islahatların reallaşdırılması nəticəsində qeyri-neft sektorunun payının yüksəlməsində büruzə verib. 

Qeyri-neft sənayesinin inkişafı ölkəmizin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlər hesabına sürətlənib, eyni zamanda, bunun nəticəsində daxili istehsalın və istehlak bazarının idxaldan asılılığı azalıb, ixracın şaxələnməsi reallaşıb. Respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması isə yerli məhsulların payının əhəmiyyətli dərəcədə artmasını şərtləndirməklə yanaşı, ixrac imkanlarının genişlənməsində önəmli rol oynayıb. 

Təbii ki, ixrac imkanlarının genişləməsi üçün respublikada müxtəlif sahələri əhatə edən istehsalat sahələrinin, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin və siyasi sabitliyin yaradılması diqqət mərkəzində saxlanılıb. Yeri gəlmişkən, ölkədə  əlverişli biznes mühiti dedikdə, şübhəsiz ki, sahibkarlar, iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühitinin mövcudluğu, bu sahədə dövlət tərəfindən müxtəlif dəstək tədbirlərinin, həmçinin vergi və gömrük güzəştlərinin reallaşdırılması nəzərdə tutulur və bunlar hazırda iqtisadi inkişafın dinamikasını şərtləndirir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, Azərbaycan cari ilin yanvar–iyul aylarında  169 ölkə ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövrdə respublikamızın xarici ticarət dövriyyəsi 26 milyard 239 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 15 milyard 446  milyon dollarını (58,9 faiz)  ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 793  milyon dollarını (41,1 faiz) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4 milyard 653  milyon dollar məbləğində müsbət saldo yaranıb.  

Dövlət Gömrük Komitəsinin məlumatlna görə, 2024-cü ilin yanvar–iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin 23,1 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,3 faizi Çin, 4,3 faizi İsrail, 3,2 faizi Almaniya, 2,7 faizi ABŞ, 2,6 faizi Hindistan, 2,4 faizi Çexiya, 2,2 faizi Avstraliya, hər biri 2 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Portuqaliya və Yunanıstan, hər biri 1,3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1,2 faizi Rumıniya, hər biri 1 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Müsbət göstəricilərin əldə edilməsində özəl sektorun fəaliyyəti xüsusilə fərqlənib. Çünki son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələrin  həyata keçirilməsi nəticəsində bu bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə  respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.  

Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də  istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb. 

Yuxarıdakı göstəricilərin əldə olunmasında, təbii ki, sadalanan amillərlə yanaşı, digər səbəblər də mühüm rol oynayıb. Məsələn, respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulandan sonra ixrac potensialı nəzərəçarpacaq dərəcədə  güclənib, ixrac mallarının çeşidi artıb. Bu,  ölkəmizə Avropa İttifaqı (Aİ) bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir tədbirin gerçəkləşdirilməsi həm də ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib.  Bütün  bunlarla bərabər, ixrac potensialının güclənməsini  son illər Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların,  azad iqtisadi zonaların genişləndirilməsi də sürətləndirib. 

Azərbaycanın ixrac potensialının gücləndirilməsindən danışarkən bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. Bu gün yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir.    

Hazırda da bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanaraq  aidiyyəti dövlət orqanları ilə müzakirə olunur.

Yeri gəlmişkən, ölkədə ixrac potensialının gücləndirilməsi Prezident İlham ­Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya mühüm vəzifə kimi qoyulub. Belə bir vəzifənin gerçəkləşdirilməsinin əsas şərti kimi davamlı və yüksək iqtisadi artıma nail olunması göstərilib.  

Buna görə də Milli Prioritetlərə əsaslanaraq hazırda milli iqtisadiyyat şaxələndirilir, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının inkişafı diqqət mərkəzində saxlanılır. İqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməsi,  dövlət və özəl əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr gerçəkləşdirilir. Bütün bunlarla bərabər, yeniliyə meyilli özəl sektorda aktivlik daha da canlandırılır, qeyri-neft sektorunun maliyyələşməsində bu sahənin payı artırılır.  

Beləliklə, respublikamızda xarici ticarət dövriyyəsi və ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdən biridir. Bununla bağlı rəqəmlərə diqqət yetirəndə həm də aydın görünür ki, ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisi getdikcə artır. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri–neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu sahədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli artıb. Bu gün həmin məhsullara dünya bazarlarında getdikcə böyük maraq yaranır. 

Azərbaycan hazırda ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı görüşləri bu işə güclü təkan verib.  

İqtisadiyyat