AYİB Azərbaycanla əməkdaşlığı genişləndirir

post-img

Bank dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirak edəcək

İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə,  nazir Mikayıl Cabbarov Avropa Yenidənqurma  və İnkişaf  Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşündə  ölkəmizin   bankla müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri müzakirə edilib.

Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə bankla enerji, xüsusilə, bərpaolunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Tərəflər AYİB-in Azərbaycanda dövlət–özəl tərəfdaşlığı, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihələrinə, eləcə də COP29 çərçivəsində bank ekspertlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində ölkəmizdə  pilot layihə həyata keçirilməsi qərara alınıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu layihənin icrası ilə əlaqədar Nazirlər Kabinetinə, eləcə də aidiyyəti dövlət qurumlarına zəruri tədbirlər görülməsi tapşırılıb.

Dövlətimizin başçısının  dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı imzaladığı sərəncam əhalinin suya olan tələbatının ödənilməsinin, hər zaman  olduğu kimi, yenə də diqqət mərkəzində saxlanmasından xəbər verir. Ölkə rəhbərinin alternativ su mənbələrinin işlənilməsi, o cümlədən dəniz suyunun şirinləşdirilməsi ilə bağlı imzaladığı sənədlər, bu sahədə qəbul olunmuş qərarlar ölkədə su qıtlığının aradan qaldırılmasına, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsinə yönəlib.  

İqtisadiyyat