İlin əvvəlindən müəssisələrdə 42,4 milyard manatlıq məhsul istehsal olunub
Cari ilin yanvar–avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalsa da, qeyri neft-qaz sektorunda 7,8 faizlik artım qeydə alınıb.
Hesabat dövründə sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bu ilin 8 ayında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4 faiz azalıb, əmtəəlik qaz istehsalı isə 4,1 faiz artıb.
Yanvar–avqust aylarında emal sektorunun kompüterlərin, elektron və optik məhsulların, əczaçılıq mallarının, elektrik avadanlıqlarının, avtomobil, qoşqu və yarımqoşquların, mebellərin, metallurgiya, kimya sənayesi və neft məhsullarının, rezin və plastik kütlə, habelə hazır metal məmulatlarının, tikinti materiallarının, içkilərin, tütün məmulatlarının, kağız və kartonun, qida məhsullarının, ağacın emalı və ağacdan məmulatların istehsalı sahələrində əhəmiyyətli artım qeydə alınıb. Geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, toxuculuq sənayesi və poliqrafiya məhsullarının, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin istehsalı, eləcə də maşın və avadanlıqların quraşdırılması və təmiri işləri sahələrində isə əksinə, azalma baş verib.
Hesabat dövründə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda da artım qeydə alınıb.