BMT-nin Azərbaycandakı daimi koordinatoru Vladanka Andreyeva Bakıdakı Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forumdakı çıxışında qeyd edib ki, əgər biz indi ekosistemə həssas münasibət bəsləməsək, gələcəyimizi də qoruya bilməyəcəyik.
Diplomat əlavə edib ki, dünya qarşıdan gələn qlobal “Net Zero” hədəfinə çatmaq və təcili iqlim problemlərini həll etmək üçün ən yeni innovasiyalara və maliyyə vasitələrinə ehtiyac duyur. O, emissiyaların azaldılmasının iqtisadiyyatın əsas sahələrində, o cümlədən sənaye, nəqliyyat və tikintidə vacib olduğunu vurğulayıb: “BMT bu məqsədlərə nail olmaq üçün kollektiv səyləri və layihələri dəstəkləyir. İqlim dəyişmələri hamını əhatə edir və təsir göstərir, buna görə də qlobal dialoq və innovativ həllərin tapılması zəruridir”.
Xatırladaq ki, Bakıda Böyük Britaniya səfirliyinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, eləcə də “Great Challenge Fund”, “John Patterson Events” şirkətlərinin dəstəyi ilə Britaniya Ticarət Palatasının təşkil etdiyi Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forumda da qeyd edilən məsələ diqqət mərkəzində olub.