“Ruh molekulu”–DMT

post-img

Alimlər dünyanı “dərk etmək üçün” var gücləri ilə çalışsalar da, bütün sirləri öyrənmək mümkünsüzdür. Məsələn, beynimizdə baş verənləri hələ də tam anlaya bilmirik. Buna misal olaraq, beynimizin məhsulu olan DMT (dimetiltriptamin)  hormonunu göstərmək olar. Bəs bu hormon nədir? Nə üçün beynimiz onu ifraz edir?
 DMT hormonu əsasən yuxu, doğum və ölüm zamanı beynimizdəki epifiz tərəfindən ifraz olunan bir növ halüsinogen kimyəvi maddədir. Bu hormon təbiətdə həmin iki mütləq anda meydana gəldiyi üçün sirli və hətta müqəddəs sayılır. İnsanlar onun ruh-bədən əlaqəsini təmin etdiyini düşünür və  onu “ruh molekulu” da adlandırırlar. Bu inanclara görə, doğulduğumuz zaman ifraz olunan maddə ruhumuzun bədənimizə üfürülməsinə, ölərkən isə ruhumuzun bədənimizdən çıxmasına kömək edir. Hətta, ölüm anında işıq görülməsinin səbəbi kimi də bu hormon düşünülür. DMT hormonu məhz yuxu gördüyümüz zaman da ifraz olunur. Bəzi inanclara görə isə yuxu gördüyümüz zaman ruhumuz bədənimizi tərk edir. Bütün bunlar da bu maddəni daha da müəmmalı edir.
Alimlər ölən bir insanın beyin fəaliyyətini araşdıraraq belə nəticəyə gəliblər ki, ölüm anında beynimiz keçmişi xatırlayır, sanki  meditasiya, yuxu kimi ölüm zamanı bizi rahatlaşdırır və bunu DMT hormonu sayəsində edir. Yəni, bu hormon həm də bizi ən böyük ağrıdan xilas edir.
Öləcəyimizi bilən yeganə canlılar olaraq ölümdən qorxuruq. Ölüm dediyimiz o naməlum səyahətə çıxdığımız zaman yanımızda kimsə olmayacaq, amma beynimiz bu böyük travmanın öhdəsindən gəlmək üçün əlindən gələni edir.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

Maraqlı