Türkiyə XİN: ABŞ-nin bu ilki hesabatı da qərəzlidir

post-img

Türkiyə XİN ABŞ Dövlət Departamentinin açıqladığı 2023-cü il İnsan Haqları Hesabatı ilə bağlı yazılı açıqlama yayıb.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin dərc etdiyi 2023-cü il insan haqları hesabatında Türkiyəyə qarşı əsassız ittihamlara cavab olaraq bildirib: “Biz bir daha ABŞ-ni özünün insan haqları vəziyyətinə diqqət yetirməyə və insan haqlarından danışaraq terror təşkilatları ilə tərəfdaşlıq mövzusunda ikili standartlar siyasətinə son qoymağa çağırırıq”.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 22-də ABŞ Dövlət Departamentinin dərc etdiyi və 200-ə yaxın ölkə ilə bağlı fəsillərin yer aldığı 2023-cü il üzrə İnsan Haqları Hesabatında, əvvəlki illərdə olduğu kimi, Türkiyə ilə bağlı əsassız ittihamlar, real olmayan məlumatlar və qərəzli şərhlər yer alıb.

Xarici İşlər Nazirliyi “terror təşkilatları ilə əlaqəli dairələrin mənşəyi qeyri-müəyyən olan ittihamlar və ritorika əsasında hazırlanmış” builki hesabatın nəzərə alınmadığını vurğulayır: “Ölkəmiz üzləşdiyi çoxşaxəli və ciddi terror təhlükələrinə baxmayaraq, demokratiya, insan haqları, qanunun aliliyi və hüquq prinsiplərinə qətiyyətlə sadiq qalır”

XİN qeyd edir ki, bu hesabat qərəzsizlik və obyektivlikdən uzaq siyasi məqsədlərlə hazırlanıb.

P.ƏMİRCANOV
XQ

Dünya