Türkiyə 1915-ci il hadisələri ilə bağlı qərəzli bəyanatları rədd edir

post-img

Ankara bir sıra rəsmilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı müəyyən radikal dairələri sevindirmək üçün səsləndirdiyi  birtərəfli bəyanatları rədd edir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Məlumatı “Anadolu” verib. 

Tarixi faktları təhrif edən bu cür bəyanatların beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanır. XİN xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə predmeti olduğunu açıq şəkildə bəyan edib.

Bəyanatda deyilir: “Tarixlə bağlı bu cür qərəzli bəyanatlar təkcə iki icma arasında barışıq səylərinə xələl gətirmir, həm də nifrət cinayətləri törətməyə meylli radikal qruplara göz yumur”.

Türkiyə Xarici İşlər Nazirliyi bütün tərəfləri Ankaranın Birgə Tarix Komissiyasının yaradılması təklifini, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya