Heydər Əliyev Fondu Xocalı harayını bütün dünyada qətiyyətlə səsləndirir

post-img

 “Soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Ermənistanın xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan ərazilərinin işğalı zamanı bir çox bölgələrdə xüsusi amansızlıqla baş vermişdir. Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı kimi yaşayış məntəqələrimizdə Qarabağ münaqişəsi və müharibəsi zamanı insanlıq əleyhinə törədilən qsoyqırımı cinayətləri Azərbaycan tarixinin qanı kəsilməyən yaralarıdır. Bu dəhşətli faciələrdən biri də 32 il əvvəl Xocalı sakinlərinə qarşı törədilən soyqırımı, 10 min nəfərlik bir şəhərin dinc əhalisi ilə birlikdə yer üzündən silinməsidir”. 

“Xocalı soyqırım”nı Tanıtma İctimai Birliyin sədr müavini Elnur Abasov XX əsrin bu dəhşətli insan qırğınının dünyada soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun illərdən bəri  apardığı davamlı və uğurlu kompaniyalar barədə redaksiyamaza ünvanladığı şərhin davamında bildirir:

– Xocalı soyqırımı Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş və son dərəcə ağır hərbi cinayətdir. Erməni işğalçılarının törətdiyi bu cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Azərbaycan həqiqətlərinin, xüsusən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasında  Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. 

1991-ci ilin noyabr ayından  Xocalı tam mühasirə şəraitində saxlanılmış və avtomobil əlaqəsi kəsilmişdi. 1992-ci ilin yanvarından isə enerji təchizatının şəhərə verilməsi dayandırılmışdı. Beləliklə də 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə SSRİ-yə məxsus 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən  artilleriyadan atəşə tutularaq Xocalı şəhəri işğal edildi. İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 155 nəfərin taleyi bu günədək naməlum olaraq qalır.

Bütün bu həqiqətləriDağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq məqsədi Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutmuşdur. 2005-ci ildə Fondun yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması fəaliyyəti ilə başlamışdır. Portalda Qarabağ müharibəsi zamanı  Ermənistanın Azərbaycana təcavüzü, düşmən tərəfindən ələ keçirilmiş ərazilərdə yerli sakinlərə qarşı törədilən azğınlıq, tarix-memarlıq mədəniyyətimizin vəhşicəsinə dağıdılması barədə faktlar işıqlandırılmışdır. Bununla yanaşı faciəni əks etdirən fotoşəkillər də bu portalda yerləşdirilmişdir.

2007-ci il Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar isə Heydər Əliyev Fondu xüsusi layihə həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçirilmişdir.

2008-ci ildə isə Xocalı soyqırımının ildönümünə həsr olunmuş anma mərasimlərinin keçiriləcəyi şəhərlərin sayı artmışdır. Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay və Kiyevdə silsilə tədbirlər keçirilmişdir. Eyni zamanda 2007-ci il Heydər Əliyev Fondunun anma mərasimləri keçirdiyi Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Tbilisi şəhərlərində bu il növbəti dəfə də Xocalı soyqırımının ildönümü qeyd edilmişdir.

Beləliklə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva  Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində böyük layihələr həyata keçirmişdir. 2007-ci ildən etibarən fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq, bir çox xarici ölkələrdə yayılmışdır. 

Ümumtəhsil məktəbləri və uşaq evlərində “Xocalı soyqırımını anma” layihəsində Heydər Əliyev  Fondunun keçirdiyi “ Xocalı - uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunub. Anma mərasimlərində Fondun hazırladığı “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının nümayişi və təqdimatı da keçirilib.

Müəllif daha sonra bildirir ki, Heydər Əliyev Fondu hər il Xocalı dəhşətlərinin tarixini genişləndirilmiş şəkildə ictimaiyyətə çatdıraraq erməni işğalçılarının törətdiyi insanlığa sığmayan vəhşilikləri geniş işıqlandırır və cinayətkarların cəzasız qalmayacağına, o cümlədən beynəlxalq səviyyədə qiymət verilməsini tələb edir:

– Ümumilikdə isə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində  həyata keçirilən tədbirlər hər bir soydaşımız üçün nümunə olmalıdır. Bu soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi bir məsələdir ki, bu məsələ üzərində də hüquqşünaslar  hərtərəfli araşdırmalar aparmalı və hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş hadisələr təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmiş bir plandır.

Xocalı qətliamını dünyaya tanıtdırmaq məqsədi ilə 2015-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq Məlumatlandırma kampaniyasının xüsusi əhəmiyyət kəsb edir.Eyni zamanda bu soyqırımı faktının dünyada tanınması prosesində xaricdəki diasporlarımızın rolu böyükdür. Diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının nümunəsidir.

2024-cü ilin fevral ayının 26- da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymasından, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündən bəhs edən ictimai fəal diqqəti dövlət başçısının aşağıdakı mülahizəsinə yönəldir: “ İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq... Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir”.

Dövlət başçısının Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırımı kimi tanıdılmasına nail olmaqla bağlı qarşıya qoyduğu vəzifənin önəmini və təxirəsalınmazlığını vurğulayan Elnur Abasov sonda bildirir: “Ümumi məqsədimiz Xocalı harayına davamlı olaraq səs vermək, bu harayı bütün dünyada erməni cəlladlarına qarşı qınaq, ittiham və cəza tələbinə çevirməkdir. Biz bununla yanaşı, faciənin qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmalıyıq”.

 

 

 

 

 

 

 

 







Sosial həyat