“Əyalət teatrlarının çətinlikləri ikiqat artıqdır”

post-img

Müsahibimiz Lənkəran Dövlət Dram Teatrının 75 yaşlı aktyoru, Xalq artisti Qabil Quliyevdir

– Qabil müəllim, gəlin söhbətimizə te­atra gəlməyinizdən başlayaq. Əvvəl neftçi olmaq istəmisiniz, sonra aktyorluq təhsili almısınız. Neft hara, səhnə hara?

– Neft Sənayesi Məktəbini bitirəndən sonra bir il Sabunçu rayonunda 8-ci neft mədənində operator işlədim. Sonra ali təhsil üçün indiki Azərbaycan Dövlət Neft və Sənaye Universi­tetinə sənəd verdim. İki imtahandan keçdim, üçüncüyə girmədim. Bir ildən sonra sənədlə­rimi İncəsənət İnstitutuna verdim və qəbul ol­dum. Valideyinlərim məni həkim görmək istə­yirdilər. Dedim, öz istədiyim peşəni seçmişəm, daha dinmədilər. Sevdiyim filmlər, aktyorlar məni oraya yönəltmişdi. 

Ali məktəbi bitirəndən sonra hərbi qul­luğumu Moskvada Dövlət Kino Xidmətinin kinobazasında keçirdim. O dövrün böyük kino xadimləri ilə görüşdüm, ünsiyyətdə ol­dum. “Gürcüstanfilm”lə, “Mosfilm”lə işlədim. Azərbaycanda “Nəsimi”, “Qatır Məmməd”, “Səmt küləyi” filmlərinin çəkilişlərinə gəldim. Yəni əsgərlik dövrüm film çəkilişlərində keç­di. Hərbi xidmətdən sonra Moskvada qalıb işləmək təklifini alsam da, Bakıya döndüm. Amma, təəssüf ki, burada heç kim məni işə götürmədi. Artıq Akademik Dram Teatrına rəhbərlik edən ustadım Əliheydər Ələkbərov dünyasını dəyişmişdi. Kinostudiyada da mü­hit başqa idi, Adil İsgəndərov işdən azad edilmişdi. Üz tutdum Mədəniyyət Nazirliyinə. Nazir müavini Məmməd Ziyadovla görüş­düm. Mənə dedi ki, Lənkəranda teatr açırıq, get bir il orda işlə. Təcrübəlisən, yeni teatrda sənə ehtiyac var, sonra baxarıq. Beləliklə, o bir il oldu 51 il... 

– Ötən böhran illərində əyalət teatrının durumu necə idi? Lənkəran teatrı bu gün hansı qayğılarla yaşayır?

– Lənkəran Teatrı da ölkənin bütün teatr­larının yaşadıqları çətinliklərlə üzləşib. Sovet İmperiyası dağıldı, rayonlarda böyük sənaye müəssisələri bağlandı, iş yerləri azaldı və in­sanların paytaxta axını başladı. Vaxtilə 250–300 min nəfər yaşayan Lənkəranda əhalinin sayı xeyli azaldı. Təbii ki, Lənkəran Teatrı pay­taxt teatrlarından daha çox problemlərlə üzlə­şir. Əgər bu gün bizim 50–70 daimi tamaşaçısı­mız varsa, bu böyük uğurdur. Əslində, çətinlik heç bunda da deyil. Əsas çətinlik əyalət teatr­larında kadr çatışmazlığıdır. Mədəniyyət və İncəsənət Universitetinin məzunları rayonlarda işləmək istəmirlər. Bakıda qalıb telekanallarda, özəl kinostudiyalarda işləməyə üstünlük verir­lər. Ona görə də bölgələrdə aktyora böyük eh­tiyac var. Aktyor televiziyada, kinoprodakşnda deyil, teatrda yetişir. Çoxdan həllini gözləyən bu problem sanki heç kəsi maraqlandırmır. Mə­dəniyyət Nazirliyi, sadəcə olaraq, məsləhət gö­rür ki, əyalət teatrları sənət studiyaları yaradıb orda özləri üçün kadr yetişdirsinlər. Bəs Mə­dəniyyət və İncəsənət Universitetinin yüzlərlə məzunu hara gedir? Nə qədər ki, incəsənət və mədəniyyətlə bağlı tədris müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyindədir, bu problem həllini tapmayacaq. 

– Razılaşın ki, istedadlı aktyor əyalətdə də parlaya bilər. Orada uğur qazanmağın sizin kimi nümunəsi var. Lənkəran Teatrı sənət taleyinizdə yüksəliş səhnəsi olub, bu­rada Xalq artisti fəxri adını almısınız... 

– Mənim Lənkəran Teatrına bağlanmağı­mın səbəbi bu sənətə vurğunluğumdur. Köçə­ri quşun yuvası olmur, – deyirlər. Sənətdə ilk addımlarımı atdığım, böyük obrazlar yaratdı­ğım o sənət ocağına xəyanət edə bilməzdim. Lənkəran Teatrı fəaliyyətə başladığı gündən ordayam.

– Siz həm də Lənkəran Dövlət Universi­tetinin müəllimi olmusunuz. Teatr təcrübə­nizi gənclərə necə öyrədirsiniz? 

– Tələbələrə estetika, etika və kulturologi­yadan dərs demişəm. Bu universitetdə bir il aktyorluq şöbəsi də açıldı. Cəmi bir tələbəm vardı, təəssüf ki, növbəti il şöbə bağlandı. Nax­çıvan Dövlət Universitetində aktyorluq fakültəsi fəaliyyət göstərir. Lənkəranda, Şəkidə univer­sitetlər də var, teatrlar da. Bu universitetlərdə də aktyorluq fakültələri açılsa, çox demirəm, ildə 10 nəfər tələbəmiz olsa, onlardan 3-ü nor­mal aktyor kimi yetişər. Onda əyalət teatrları kadr problemi yaşamaz. 

– Bəs Lənkəran Teatrının özündə yetişən gənc aktyorlar varmı?

– Var, niyə yoxdur. Elə teatrın əsas yükünü onlar çəkirlər. 

– Teatr Forumunda iştirak etmisiniz. Fo­rum səhnəyə yeni ab-hava gətirdimi? Qar­şıya qoyulan məqsədlər necə gerçəkləşdi­rilir? 

– Forumda səsləndirilən problemlərin həl­li ilə bağlı fikirlər elə orada da qaldı. Sözü demək, çıxış etmək asandır. Problemlərin həlli yollarını axtarıb tapmaq lazımdır. SSRİ vaxtı istedadlı uşaqları teatra gətirirdik, sonra onları təhsil almağa göndərirdik. İndi belə bir imka­nımız yoxdur. Perspektivinə inandığımız gənci burda hazırlayıb göndəririk, sənət imtahanını uğurla verir, amma fənn imtahanlarından keçə bilmir... 

– Lənkəran Dövlət Dram Teatrında çox­saylı obraz yaratmısınız. 75 yaşlı aktyor indi özünə sənət hesabatını necə verir? 

– 75 yaşlı aktyorun, Xalq artistinin sənət hesabatı necə ola bilər? Bu uzun illərdə 200-dən çox müxtəlif rollar ifa etmişəm. Amma hələ də arzusunda olduğum obrazlar var. Bilirsiniz, qəribə zamanda yaşayırıq. Rejissorun hazırla­maq istədiyi tamaşada aktyor oynamaq istəmir, aktyor arzuladığı əsəri isə rejissor qəbul etmir. Əgər təcrübəli aktyor əsəri, obrazı dəyərlən­dirirsə, rejissor onu niyə istəməsin? Sadəcə, özlərini əziyyətə salmırlar. İndi baş rejissoru­muz Anar Babalı Cavid Zeynallının “Tanrı quşu gəlmədi” əsərinin motivləri əsasında tamaşa üzərində işləyir. Məşqlərdən görürəm ki, uğurlu tamaşa alınacaq. 

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ

Müsahibə