Ad – əməl güzgüsü

post-img

Ad vermək, ad qoymaq tarixən ən mühüm və ciddi məsələ olub. Xalqımızın ən qədim yazılı abidəsi olan “Dədə Qorqud” dastanında ulu ozan boy boy­layib, soy soylayar və hər kəsin əməlinə uyğun adlar verərdi.

Ad mərama, məqsədə uyğun ve­riləndə xüsusilə yerinə düşür və gözəl səslənir. Yenidənqurmanın ilk illərində yeni yaranan şirkət və kooperativlərə verilən bir sıra gözəl adlar indi də unu­dulmur: “Qasid” mətbuat yayımı, “Sün­bül” çörək kooperativi, “Bərəkət” çörək mağazası, “Pürrəngi” çay evi və s.

İndi paytaxtda və payonlarda heç də az olmayan şadlıq saraylarına ve­rilən adlarla onun məramı arasında çox vaxt uyğunluq tapmaq çətin olur. Məsələn, deyək ki, şadlıq sarayının “Sofiya”, “Praqa”, “San-Remo” və s. adlandırılması ilə məzmunu arasında hansı uyğunluq var? Doğrudanmı hə­min saraylarda süfrəyə bolqar və çex mətbəxinin nümunələri təqdim olunur, yaxud həmin ölkə mədəniyyəti han­sısa formada nümayiş etdirilir? Söh­bət menyudan gedirsə, eyni və oxşar yeməklər digər saray və toy məkanla­rında olduğu kimidir.

Son vaxtlaradək paytaxtda fəa­liyyət göstərən şadlıq saraylarından yalnız “Kleopatra” və “Planet”də hə­min uyğunluğu tapmaq mümkün idi. “Kleopatra”nın divarlarına bütünlüklə Misir mədəniyyəti nümunələri həkk edilib, “Planet”ə qədəm qoyanda isə, bir neçə saatlığa da olsa, sanki özünü başqa planetdə hiss edirdin.

Deyilənə görə, sovet vaxtı Mədə­niyyət Nazirliyindən uşaq mahnıları bəstəkarı Rəşid Şəfəqə zəng edərək Əməkdar mədəniyyət işçisi adı almaq üçün sənədlərini hazırlamağı tapşı­rırlar. Rəşid müəllim təəccüblənərək soruşur:

– Axı hələ Oqtay Zülfüqarova bu ad verilməyib...

Nazirlikdən təkid edirlər:

– Sənin başqası ilə nə işin? Biz səni məsləhət bilirik...

Lakin bəstəkar təklifi qəbul et­məyərək gözəl bir nümunə qoyur...

Görəsən, indi müxtəılif adlar alan­ların içərisində bircə nəfər də olsun beləsi olubmu?

Televiziya verilişlərinin birində bəstəkar, Əməkdar incənət xadimi Cavanşir Quliyevə belə bir sual ver­dilər: ”Nəyə görə sizə “Şöhrət” ordeni verilmir?”

Bəstəkar həmin suala çox maraqlı bir cavab verdi: “Əgər “Şöhrət” ordeni, həqiqətən də, şöhrətli adama verilirsə, onda o orden artıq məndə var...”

Əslində, ad mərama, əmələ, fəaliy­yət sahəsinə, görülən işə və xidmətə görə verilməlidir. Ad əməli əks etdirən güzgü olmalıdır.

İstər müəssisə və təşkilat adı ol­sun, istərsə də insan...

Süleyman QARADAĞLI

Sosial həyat