Gəncə Teatrı Tbilisidə “ən yaxşı”lardan oldu

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı Ozurqetidə Nodar Dumbadze Beynəlxalq Teatr Festivalında iştirak edib.

“Nodar Dumbadze – gürcü ədəbiyyatı” adı altında on gün davam edən festivalda 15 gürcü teatr truppası ilə yanaşı, Azərbaycan, İspaniya, Özbəkistan, Qazaxıstan İsrail və Yunanıstan teatrları da qatılıb və tamaşaçılara 21 səhnə əsəri təqdim edilib. Qaliblərə 12 nominasiya üzrə xüsusi mükafatlar, diplomlar və hədiyyələr verilib.

Gəncə Dövlət Milli Dram Teatrı və Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrının birgə layihəsi əsasında tamaşaçılara Nodar Dumbadzenin “Kukaraça” tamaşası təqdim olunub və festivalın “Ən yaxşı müştərək layihə" nominasiyası ilə təltif olunub. Müştərək layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərov, tamaşanın quruluşçu rejissoru Gürcüstan respublikasının əməkdar incəsənət xadimi Vasili Ciqoqidze, quruluşçu rəssamı Lomqul Murusidzedir.

Gəncə Dövlət Dram Teatrının baş rejissoru Elşad Əhmədov deyib ki, biz beynəlxalq festivalda Azərbaycan mədəniyyətini, onun teatrını layiqincə təmsil edə bildiyimizə görə çox sevinirik.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə



Mədəniyyət