Lənkəranın media tarixi

post-img

Tanınmış tədqiqatçı jurnalist Hacı Etibar Əhədovun “Lənkəranın mətbuat salnaməsi” kitabını müəllifin və cənub bölgəsi ictimaiyyətinin milli mətbuatımızın 150 illik yubileyinə layiqli töhfəsi adlandırmaq olar.

Hacı Etibar Əhədov yeni kitabını mənə hədiyyə edəndə 77 yaşlı qələm sahibinin 7 yaşlı uşaq kimi necə ürəkdən sevinirdiyinin şahidi oldum. Hər şeydən əvvəl deyim ki, Hacı Etibar Əhədov qələminə etibar edən və həm də etibar edilən söz adamıdır. Onun yazdığı silsilə kitablar cənub mədəniyyətinin, adət-ənənələrinin, Lənkəranın təhsil, səhiyyə, mədəniyyət və son tədqiqatında da tarixinin öyrənilməsində əvəzsiz mənbədir, salnamədir. “Lənkəranın mətbuat salnaməsi” də sanballı tədqiqat işidir.

Yeni kitabda isə Lənkəranda bölgə mətbuatının yaranması və inkişafından, müstəqillik dövründə qəzet və jurnalların nəşri tarixindən, Hacı Etibar Əhədovun təsisçi və baş redaktoru olduğu “Lənkəranın səsi” və “Aşkarlıq” müstəqil qəzetlərində istifadə edilmiş janr və forma zənginliyindən söz açılır. Redaktoru poliqrafçı alim, jurnalist Şəddat Cəfərov olan 5 bölümdən ibarət kitaba nəzəri, təcrübi məsələlərə həsr edilmiş materiallar, dostlarının müəllif haqqında xatirələri də toplanıb.

İlk bölmə “Milli mətbuatımızın Lənkəran nəşrləri” adlanır. Burada ötən XX əsrin ilk illərindən bu günümüzə kimi Lənkəranda çap olunmuş və hazırda da nəşr edilən jurnal və qəzetlər, orda çalışan jurnalistlər, çapxanalar və s. barədə arxiv sənədlərinə və qəzet nümunələrinə istinadən ətraflı məlumat verilir. II bölmə müstəqillik dövründə Lənkəranın ilk ictimai-siyasi qəzeti olan “Lənkəranın səsi” nin nəşr olunma tarixinə, bu nəşrin fəaliyyətə başladığı dönəmdə Lənkəran ictimai-siyasi-mədəni mühitində yaşanmış ən vacib hadisələrə, onun oynadığı rola həsr edilib. “Xatırladım ki, cəmi 7 nömrəsi çıxan bu qəzet Lənkəranın mətbuat tarixində iz qoymağı bacardı, həm də sonrakı müstəqil mətbu nəşrlərə vəsilə oldu.

Kitabın III bölümündə Hacı Etibar Əhədovun baş redaktoru olduğu, şəxsi vəsaiti ilə 30 il nəşr etdiyi “Aşkarlıq” qəzetinin salnaməsi əks etdirlib. Lənkəranın yazılı salnaməsinin bir parçası olan qəzetin nəşrini doğuran səbəblər, naşirin üzləşdiyi çətinliklər və s. barədə ətraflı məlumat almaq mümkündür. IV bölüm “Yaddaşımda yaşatdıqlarım”, V bölüm isə “Jurnalistikada keçdiyim yol” adlanır. Bu bölümlərdə müəlliflə birgə bölgənin digər yazarları barədə də məlumat verilir, onların yaradıcılığından söz açılır. Sonuncu bölüm oxuculara həm də Hacı Etibar Əhədovu yaxından tanımağa imkan verir.

Bölgənin, rayonun çox işıqlı adamlarının həyatını kitablarında yaşadan, “Lənkəran” ensiklopediyasının və onlarla kitabın müəllifi olan tədqiqatçı jurnalistin oxucu ilə tet-a-tet söhbəti, maraq doğurur. “Mən, babam, bir də xatirəmdə yaşayanlar”, “Mən də jurnalist oldum”, “And olsun qələmə!”, “Sizi deyib gəlmişdik, Mirzə!” başlıqları altında verilmiş xatirələr müəllifin iç dünyasının əksi olmaqla yanaşı, həm də yaşanan həyat həqiqətlərinin özəl rakursdan təhlili, jurnalistin hesabatıdır.

Son səhifədə Mirzə Cəlildən gətirilən sitatı Hacı Etibar Əhədovun özünə də aid etmək olar: “Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: - Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var!”.

Ölkə mətbuatının öyrənilməsi onun ayrı-ayrı qollarının tədqiqindən, bölgələrin, rayonların mətbuat tarixlərinin araşdırılaraq yazıya alınmasından keçir. Hacı Etibar Əhədovun yeni kitabı bu istiqamətdə imza atılan ilklərdəndir.

Esmira İSMAYILOVA,
filologiya üzrə fəlsəfə doktoru

Mədəniyyət