Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Hüseyn Cavid Məqbərəsini ziyarət edib, məzarının üzərinə tər gül dəstələri qoyublar.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə nazirliyin şöbə müdiri Pərvin Həsənov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı xidmətlərindən danışıb, görkəmli dramaturqun yaradıcılığı və əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirib.
Qeyd olunub ki, görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verib. Ulu Öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin uzaq Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb.
Tədbir AMEA Naxçıvan Bölməsinin əməkdaşı Ramiz Quliyev və Hüseyn Cavidin ev-muzeyinin və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundovun çıxışları ilə davam edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Muxtar Qasımzadə Hüseyn Cavidin portretini muzeyə hədiyyə edib.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Yazıçılar birliyinin üzvləri Hüseyn Cavidə həsr etdiyi şeirlərini səsləndirib.
Sonra muzeyin ekspozisiyasına baxış olub.
S.Həsənov
XQ



