Bu, Azərbaycanın Asiya nəhəngi ilə münasibətlərinin üstün göstəricisidir
Azərbaycan və Çin arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı əlaqələr yalnız rəsmi səfərlər və sənədlərlə məhdudlaşmır, ticarət, energetika, nəqliyyat, turizm və humanitar sahələrdə də konkret nəticələrlə özünü göstərir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və Çinin qlobal təşəbbüsləri fonunda bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır və davamlı inkişaf dinamikasına malikdir.
İkitərəfli münasibətlərin müsbət tendensiyaya malik olmasının nəticəsidir ki, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Bu, həm də iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qeyd edək ki, Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” artıq iyulun 17-dən etibarən qüvvəyə minib. Bu, təkcə iki dövlət arasında hüquqi prosedurların sadələşdirilməsi deyil, eyni zamanda, strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş mühüm addımdır.
Sənədə əsasən, Azərbaycan və Çin vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər vizasız səfər edə biləcəklər. Hər bir səfərin müddəti 30 günü, ümumilikdə isə bir il ərzində 180 günü keçməmək şərtilə ölkələr arasında sərbəst gediş-gəliş mümkün olacaq. Bu, ilk növbədə vətəndaşların səyahət imkanlarını genişləndirəcək, insan təmaslarını artıracaq və diplomatik əlaqələrin inkişafına yeni impuls verəcək.
Strateji tərəfdaşlıq çərçivəsində imzalanan bu saziş humanitar və iqtisadi əlaqələrin genişlənməsi üçün də geniş imkanlar açır. Viza rejiminin ləğvi nəticəsində qarşılıqlı turizm axınında ciddi artım gözlənilir. Turistlərin sayının artması isə həm xidmət sektorunun inkişafına, həm də yeni iş yerlərinin yaranmasına şans verəcək. Yada salaq ki, Çin hazırda dünyanın ən böyük turist ixracatçısı kimi beynəlxalq bazarda mühüm rol oynayır. Çin vətəndaşlarının xaricə səyahət statistikası göstərir ki, bu ölkədən gələn turistlər, sayları az olsa belə, turizm imkanlarına malik dövlətlər üçün mühüm iqtisadi faydalar verir. Başqa sözlə, çinli turistlərin səfər etdiyi ölkələr üçün bu, gəlir və inkişaf baxımından böyük fürsətdir. O baxımdan Çin turistlərinin cəmi 1 faizinin, təxminən, 1,5 milyon nəfərin Azərbaycana gəlməsi ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.
Çinli turistlər səyahət zamanı orta məbləğdə vəsait xərcləyən qrup kimi də tanınır. Dünya Bankı və Ümumdünya Turizm Təşkilatının məlumatlarına əsasən, bir çinli turistin orta xərci 1000–1500 dollar arasında dəyişir. Bu göstəriciyə əsasən 1,5 milyon turistin Azərbaycana gəlməsi ölkəmizə ildə 1,5–2,25 milyard dollar qazandıra bilər.
Bunlar perspektiv üçün nəzərdə tutulan göstəricilərdir. Ötən il Çindən Azərbaycana gələn turistlərin sayı 1,9 dəfə artaraq 45 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1,8 dəfə artıb. Yəni, artım tempi gələcəyə böyük ümidlər yaradır.
Onu da qeyd edək ki, turizmin inkişafı yalnız iqtisadi amil deyil, eyni zamanda, mədəni irsin qorunması və tanıdılması baxımından da əhəmiyyətlidir. Azərbaycan və Çin kimi qədim sivilizasiyalara malik ölkələr arasında bu sahədə əməkdaşlığın dərinləşməsi mədəni mübadilələrin daha da artmasına səbəb olacaq.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım XQ-yə bildirdi ki, vizasız rejim, eyni zamanda, sahibkarlıq və biznes dairələri arasında əlaqələri intensivləşdirəcək, ortaq layihələrin həyata keçirilməsinə zəmin yaradacaq: “Vizasız rejim, həmçinin işgüzar dairələrin hərəkətliliyini artıracaq, sərmayə yatırımlarını təşviq edəcək və iki xalq arasında birbaşa təmasların inkişafına töhfə verəcək. Bu, həm də sahibkarlar və investorlar üçün qarşılıqlı səfərlərin qısa zamanda həyata keçirməsi deməkdir. Həmçinin real vaxtda bazar araşdırmaları, yerli tərəfdaşlarla birbaşa danışıqlar aparmaq və əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından böyük üstünlükdür. Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artması və yeni iqtisadi əməkdaşlıq formatlarının qurulması üçün vizasız rejim mühüm hüquqi təminat və praktiki alətdir”.
Onu da qeyd edək ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Daha doğrusu, 4-cü ən böyük ticarət tərəfdaşıdır. Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1,4 milyard dolları keçib. Hazırda Azərbaycanın ticarət və şərab evləri Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”ə də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərin inkişafına töhfə verirlər. Çin şirkətləri ölkəmizdə geniş miqyasda təmsil olunurlar. Cari il may ayının 1-nə olan statistikaya görə, Azərbaycanda 320-yə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir. Bundan sonra bu fəaliyyət sahələri daha da genişlənəcək. Eyni zamanda, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün vizasız rejim ciddi imkanlar açacaq. Əvvəllər yalnız iri şirkətlərin resursları hesabına reallaşa bilən xarici bazara çıxış imkanı artıq daha geniş sahibkar təbəqəsi üçün mümkün olacaq. Bu da ümumilikdə hər iki ölkənin iqtisadiyyatında rəqabət mühitini genişləndirəcək, innovasiyaların tətbiqini sürətləndirəcək və yeni iş yerlərinin açılmasına səbəb olacaq”.
Vizasız rejimin təhsilə də müsbət təsir göstərəcəyini vurğulayan deputat tələbə mübadiləsinin artmasının, iki ölkə arasında akademik əlaqələrin güclənməsinin və mədəni əməkdaşlığın dərinləşməsinin gözlənildiyinə diqqət çəkdi: “Bütün bunlarla yanaşı, vizasız rejim “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirəcək. Çinlə Avropa arasında körpü rolunu oynayan Azərbaycan üçün bu, həm iqtisadi, həm də geosiyasi çəkisinin artması deməkdir”.
Fatma Yıldırım sonda onu da dedi ki, viza rejiminin ləğvi iki ölkə arasında, sadəcə, texniki deyil, siyasi, iqtisadi və mədəni baxımdan böyük əhəmiyyət daşıyan qərardır: “Bu addım Azərbaycanla Çin arasında etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsinə, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Hesab edirəm ki, intensiv qarşılıqlı səfərlər vasitəsilə müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi mümkün olacaq. Bu isə hər iki tərəf üçün iqtisadi dividendlərin əldə olunması deməkdir”.
P.ƏFƏNDİYEV
XQ