Hərbi xidmətə məcburi köçkün kimi gedən İsmayıl Xocalıya sakin kimi qayıtdı
İyulun 8-də əsl sahiblərinin qayıdışı ilə yenidən dirçələn, gündən-günə gözəlləşən Xocalı rayonunun Ballıca kəndi daha bir sevinc həyəcanına şahidlik edirdi. Həyətləri şanlı bayrağımızla, onun rəngləri ilə bəzənmiş Hümbətovlar ailəsi həqiqi hərbi xidmətini başa vurub doğma Xocalıya qayıdan övladlarını qarşılamağa hazırlaşırdılar.
O övladlarını ki, bir il əvvəl Vətənə borcunu vermək üçün ordu sıralarına yola salanda ailə üzvləri məcburi köçkün kimi Gəncə ətrafında məskunlaşmışdılar. Bu gün isə İsmayıl Hümbətov xidmətini bitirib daha Gəncədə müvəqqəti yaşadıqları qəsəbəyə deyil, ilk dəfə olaraq Ballıcadakı öz evlərinə dönürdü...
Kənd yeni sakini olan Azərbaycan əsgərini layiqincə qarşılamaq üçün səfərbər olmuşdu. Atası Kənan, anası Samirə, nənəsi, vətən uğrunda bir oğul şəhid vermiş Afinə ana, qonum-qonşular “Yaşa, Azərbaycan!” mahnısının sədaları altında İsmayılı gətirən maşını gözləyirdilər.
Nəhayət, ailə üçün oğul, oğul üçünsə doğma yurd həsrətin bitdiyini an yetişdi. Dövlət Sərhəd Xidmətinin Laçındakı “N” saylı hərbi hissəsində bir il ləyaqətlə vətənin keşiyində dayanmış, sərhədlərimizin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqləndiyi üçün təltif olunmuş kiçik çavuş İsmayıl Hümbətov ilk dəfə Ballıca torpağına ayaq basdı, sevdiklərinə sarıldı.
Biz də “Xalq qəzeti”nin Qarabağ bürosu olaraq sevinc göz yaşlarına hakim ola bilməyən valideynlərin, yaxınların duyğularına şərik olduq, təəssüratlarını soruşduq. İsmayılın nənəsi Afinə Hümbətova bildirdi ki, azad Qarabağda, Xocalıda əsgərliyini bitirib gələn nəvəni qarşılamaq çox böyük xoşbəxtlikdir:
– Biz bu torpaqların həsrətini çox çəkmişik. Allaha şükürlər olsun ki, bu gün möhtərəm Prezidentimizin sayəsində Xocalının havasını uduruq, suyunu içirik, doğma yurdumuza sahib çıxmışıq. Artıq kəndimizdə ilk körpələr dünyaya gəlir, oğul evləndirən, qız köçürən var, əsgər yola salıb, əsgər qarşılayırıq. Elimiz-obamız yenidən xoşbəxt günlərinə dönüb.
İsmayılın atası Kənan da sevincinin həddi-hüdudunun olmadığını dedi. Qeyd etdi ki, oğlunu məcburi köçkün olduğu vaxtda hərbi xidmətə yola salıb Xocalının daimi sakini kimi qarşılamaq inanılmaz bir hissdir. Şəhidlərimizin qanları bahasına azadlığına qovuşmuş bu torpaqlara sahib çıxmaq, erməni vandallığının qurbanına çevrilmiş yurd yerlərimizin inkişaf etdirilməsinin şahidi və iştirakçısı olmaq isə hər bir Vətən övladının müqəddəs borcudur.
Duyğulu anlarla dolu görüş başa çatar-çatmaz İsmayıl yeni evləri ilə tanış oldu. Bizimlə söhbətində də bildirdiyi kimi, dövlətimiz tərəfindən evlərində yaradılan şərait çox xoşuna gəlib:
– Fəxr edirəm ki, azad Laçında hərbi xidmətimi bitirib birbaşa azad Xocalıya gəldim. Bu, həqiqətən çox qürurvericidir! Yeni evimiz də çox gözəldir. Allah bizə bu günləri bəxş edən Ali Baş Komandanımızı qorusun, ordumuzu hər zaman müzəffər etsin! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Çox şükür, mən də bugündən ballıcalıyam.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı