Bu dünyada yaxşılıqlar qalacaq...

post-img

Kirpiyi ilə od götürən, daş üstündə gül bitirən, bağ bəsləyib bar gətirən babalarımız olub bizim. Tarixdə iz qoyan babalarımızı düşünəndə kəndimizdəki Dağbəyi baba gözlərim önünə gəlir həmişə.

O, insanla insan, təbiətlə təbiət, quşla quş dilində danışırdı. Məqamında dediyi hər kəlmə, hər söz su kimi duru, dağ havası kimi təmiz, Vətən dili kimi diri idi. Zirvəli dağların təmiz havasını ciyərlərinə çəkə-çəkə, durna gözlü bulaqların suyundan içə-içə o dağ adamı kəndin yaddaşında “Dağ baba” kimi qalıb. Yerişi, duruşu, qartal baxışı ilə dağa bənzəyirdi. Adı özünə, özü də adına yaraşırdı Dağbəyi babanın. Ömründən qərinələr ötməsinə baxmayaraq, ürəyində arzuları azalmırdı. Qəddi-qaməti cavanlıq şaxlığını, həyat şuxluğunu itirməmişdi.

Dağbəyi babanın belə şux qalmasına səbəb yaylaqlar qoynunda mühit tapması, ömrünü-gününü at belində keçirməsi, içdiyi süd, yediyi bal- qaymaq idi. Dağbəyi baba ömrünün yeniyetməlik çağlarından taa 100-ü haqlayana kimi mal-heyvan saxlamaqla məşğul oldu. Şura hökumətinin vaxtında da kolxozun malabaxanı idi. Eldə özünə görə yaxşı ad almışdı. Hörmətli, qeyrətli və şöhrətli bir kişiydi.

Onun söz-söhbəti, öz sığalında elə duzlu-məzəli alınırdı ki... O, yaylaqdan enib elin yığnağına düşəndə onun söz-söhbətinə qulaq kəsilənlər çoxalırdı. Bir qış günü meşə ətəyində ocaq başında onun şirin söhbətinə qonaq olmuşdum. Üstündən illər ötsə də, Dağbəyi baba ilə olan söhbətimizi yaxşı xatırlayıram. Onun bu nizamda hasilə yetən söhbətini “Xalq qəzeti”nin oxucularına ərmağan edirəm:

– Dağbəyi baba, heç naxırçılıqdan bezdiyin vaxt olubmu? Yəni bu xasiyyətlə başqa sənətdə işləyə bilərdin?

– A dərdin alem, sənətin xasiyyətə nə ziyanı var? Mən ministr də olsaydım, bu xasiyyətdə qalasıydım. Yayı yaylaqda, qışı qışlaqda yaşayıram. Özümə başqa sənət seçsəydim, bəlkə belə şux qalmazdım. Bu dağlarda vəfalı qarımla günüm xoş keçdiyinə görə, iştahım da, kefim də həmişə yaxşı olur. Malım-atım il uzunu çöllərdədir. Heç canavardan da qısqanclığım yoxdur. Mal-heyvanımın keşiyini çəkən qanıq itlərim var.

... Bir il qış yaman sərt gəlmişdi. O qədər qar yağmışdı ki, yerimək mümkün deyildi. Amma qar üstündəki izləri görəndə bildim ki, bu, canavarın izidir. Bir də gördüm inəklər imrəndi. Sən demə, yalquzaq tövlənin həndəvərində imiş. İtlər canavarın hənirini aldılar-boğub öldürdülər.

Bu xəbər kəndə yayılanda bir imkanlı adam dedi ki, nə istəyirsən verim, bu itlərin birini mənə ver. Dedim ki, yox! Bu kənddə hamı mənim “yox” sözümə yaxşı bələddir. Bir dəfə kolxozun mal fermasında yeyinti olmuşdu. Əvəzini malabaxanlardan çıxmaq istəyirdilər. Yuxarıdan göstəriş gəlmişdi ki, malabaxanlar maaş cədvəlinə imza atsınlar, amma aylıq məvacibləri kolxozun nəfinə keçsin. Mən buna əvvəldən “yox” demişdim. Qərəz, naxırçıların hamısı maaş cədvəlinə qol çəkdilər, guya məvacibi aldılar. Növbə mənə çatanda öz adımın qabağına imza atmaq əvəzinə yekə bir “Yox” yazdım. Nə qədər minnət etdilər, hədə-qorxu gəldilər, xeyri olmadı. Dedim kişidə söz bir olar. Mənim o yeyintidən xəbərim yoxdur.

Bir dəfə kolxozun sədri istəyirdi ki, onun da danasını mal-qaramla birlikdə yaylağa aparım. Amma fermadakı yeyinti söhbətindən sonra bu işə qol qoymaq istəmirdim. Düşünürdüm ki, indi də bir danaya görə yaxam kolxoz sədrinin əlində qalacaq. Mallar örüşə gedəndə gördüm ki, sədrin danası naxıra heç yovuşmur. İnəklər kövşək vurub yeyirdi. Onun danası isə ota yaxın düşmürdü. Yazıq heyvanı anadan olandan tövlədə saxlayıb. Gün işığına həsrət qoymuşdu. Dedim ay sədr, sənin kor dananı yaylağa apara bilmərəm.

... Gərək mal-qaranı yaxşı saxlayasan ki, o da səni saxlasın. Bax, saxladığım mal-qaranın məhsulunu yeyirik, imkansızlara pay veririk. Pula ehtiyac olanda mal-heyvanın balasını satırıq. Oğul evləndiririk, qız köçürürük. Hələ onu demirəm ki, kəndin xeyirində-şərində neçə-neçə imkansıza əl tutmuşam. Əl tutmaq Əlidən qalıb. Gərək sağ əlin verdiyini sol əl bilməsin.

Son illər maldarlıqla məşğul olanlar mal-heyvanını satıb şəhərə köçürdülər. Mən bundan çox narahat olurdum. Düşünürdüm ki, yaylaqlarımız boşalanda yadlar gəlib yiyələnəcək. Sonra dedim ki, qoy köçən köçsün, özləri bilər, mən heç yana köçən deyiləm.

Öz təsərrüfatımı daha da böyütdüm. Bir hissəsini güneyli, bir hissəsini də qüzeyli dağlara ötürdüm. Bu yallar, yamaclar, biçənəklər hamısı mənə qaldı. İlin də elə vaxtıdır ki, çöl quşları, güllü biçənəklər adama gəl-gəl deyir. Bir müddətdən sonra eşitdim ki, şəhərə köçənlər kor-peşman geri qayıdıb. Özləri də boyunlarına aldılar ki, səhv ediblər. Naxırçının, çobanın şəhərdə nə işi var?! Onun məskəni yaylaqlardır. Təki ömür yolu yarıda qırılmasın. Naxırçı olmağın, çoban olmağın nəyi pisdi? Əsas məsələ insan olmaqdır.

Allaha şükür, təknədə çörəyim, dağarcıxda duzum bol. Canım sağlam, Allah verən ruzim bol. Övlad-uşaq, nəvə-nəticə də dörd yanımı bürüyüb. Sağolmuş törəmələrimin bəzilərinin adını və yaşını da unutmuşam.

Dağbəyi babanın xeyirxah əməllərini saymaqla qurtarmaz. Özündən sonra işıqlı əməlləri qaldı. Dağlarda məskən salan o nurani-pirani baba meşə zolağında bağ salıb, bulaq tikdirib. İndi Dağbəyi babanın yurdu el-obanın ziyarət yerinə çevrilib. Dağbəyi bulağından su içənlər ona rəhmət oxuyur.

Beləcə, insanın özündən sonra əməlləri ölçülür, biçilir. İnsan yaxşı əməlləri ilə seçilir. Həyat bir gün qaynayır, daşır. Bir gün də qaranlıqlaşır. Amma necə olsa da, işıqlı əməllər qalacaq. Bu dünyada yaxşılıqlar qalacaq...

Həzi HƏSƏNLİ,
şair-publisist



Sosial həyat