Kamal Abdulla – 75
Görkəmli dilçi-ədəbiyyatşünas və yazıçı-dramaturq, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində elmi konfrans keçirilib.
Açılış mərasimində NDU-nun rektoru Elbrus İsayev yubilyarı Naxçıvanın elmi-mədəni və təhsil ictimaiyyəti adından səmimi təbrik edərək onun elmi-bədii yaradıcılığı, ictimai-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Kamal Abdulla elmi tədqiqatları və bədii əsərləri ilə milli elmimizə, ədəbiyyatımıza və ali təhsilimizə önəmli töhfələr verib. Onun yaradıcılığı və mükəmməl şəxsiyyəti NDU-da da yüksək dəyərləndirilir. Rektor yubilyara ali məktəbin “Fəxri fərmanı”nı və hədiyyə olaraq rəsm əsəri təqdim edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Kamal Abdulla dərin zəkalı alim, istedadlı yazıçı və təcrübəli elm-təhsil təşkilatçısı kimi çoxillik səmərəli fəaliyyəti ilə Azərbaycanın ən yaxşı yaradıcı ziyalılarının ənənələrini uğurla davam etdirib, söz xəzinəmizi zənginləşdirib, yüksək ixtisaslı kadrlar yetişdirib.
Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarovun moderatorluğu ilə davam edən konfransda yerli və xarici universitetlərin alimləri məruzələrlə çıxış ediblər. Azərbaycan Dillər Universitetinin professoru, akademik Muxtar İmanov “Kamal Abdullanın dilçilik və ədəbiyyat sahəsində tədqiqatları” mövzusunda məruzəsində alimin elmi irsinin milli filologiyanın inkişafına layiqli töhfə olduğunu vurğulayıb.
Rumıniyanın Yaşi Universitetinin professoru Ludmila Bejenaru isə “Kamal Abdulla dünya ədəbiyyatında” mövzusunda məruzəsində alimin beynəlxalq elmi-ədəbi mühitdə yaxşı tanındığını qeyd edib və onun elmi fəaliyyətinə kitab həsr etdiyini söyləyib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Kamal Abdullanın şeirlərinin poetik dəyərini vurğulayıb, yubilyara həsr etdiyi poemanı ona təqdim edib.
Konfransda Aqşin Bağırovun “Kamal Abdullanın Azərbaycan təhsilindəki rolu”, dosent İman Cəfərovun “Kamal Abdullanın yazıçı, alim, ictimai xadim kimi fəaliyyət istiqamətləri”, dosent Əli Həşimovun “Kamal Abdulla yaradıcılığında Dədə Qorqud araşdırmaları”, dosent Gülxarə Əhmədovanın “Kamal Abdulla dramaturiyası və teatr dili” mövzularında məruzələri də dinlənilib.
Elmi məclis teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, rejissor Nurbəniz Niftəliyevanın tələbələrin iştirakı ilə hazırladığı Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” adlı tamaşası ilə davam edib.
Sonda yubilyar göstərilən yüksək diqqət və ehtirama görə minnətdarlığını bildirib. Onun söylədiyi “Soldu nar çiçəkləri” şeiri məclisin yüksək duyğulu sonluğu olub.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri



