Hazırda ölkə ərazisində epidimioloji vəziyyət necədir?

post-img

Hazırda ölkə ərazisində epidimioloji vəziyyət tam nəzarət altındadır. Mövsümlə əlaqədar olaraq ümumi respirator virus infeksiyalarının artımı müşahidə oluna bilər və bu məqsədlə bütün müraciət edən xəstələrə epidemioloji nəzarət gücləndirilmiş qaydada aparılır.

Bu barədə XQ-ə sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qripəbənzər və ya ağır respirator simptomlarla tibb müəssisələrinə müraciət edən şəxslərdən nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin virusoloji laboratoriyasında müayinə edilir. Mövsümi qrip virusları aşkarlanarsa, xəstə klinik vəziyyətinə uyğun olaraq müalicə aldığı müvafiq tibb müəssisəsində nəzarətə götürülür.

Həmçinin ölkədə hər il qripə qarşı vaksinasiya aparılır. Mərkəz xüsusi olaraq risk qrupuna aid şəxsləri – səhiyyə işçiləri, hamilə qadınlar, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı insanları peyvəndləməyə çağırır. Qripə qarşı vaksinasiya ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Eyni zamanda, respirator infeksiyalardan qorunmaq üçün əl gigiyenası, qapalı məkanlarda maskadan istifadə, xəstəlik əlamətləri olduqda izolyasiya kimi tədbirlərə əməl olunması tövsiyə olunur.

Sosial həyat