Dünya Güləş Birliyi (UWW) Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirir. Bununla bağlı ali qurumun www.beachwrestling.org saytında geniş yazı yerləşdirilib. Məqalənin mətnini ixtisarla XQ-nin oxucularına təqdim edirik.
–2019-cu ildə ilk dünya çempionluğunu qazanmasından 2025-ci ildə çoxsaylı qızıl medallarla nəticələnən uğurlu çıxışına qədər keçən 6 il Azərbaycanı sınaq məqsədli bir təşəbbüsdən dünyanın ən güclü və ən geniş qurulmuş çimərlik güləşi proqramlarından birinə sahib ölkəyə çevirdi.
İnkişafın təməli və tətbiq olunan yarış formatı
Azərbaycan Güləş Federasiyası (AGF) 2019-cu ildə çimərlik güləşinə strukturlaşdırılmış yanaşma tətbiq edərək U17 yaş qrupundan böyüklərə qədər uzanan inkişaf yolunun əsasını qoydu. Cəmi üç il ərzində Azərbaycanın U17 və U20 milli komandaları artıq dünya və Avropa titullarını qazanmağa başladı ki, bu da proqramın nə qədər sürətlə inkişaf etdiyini və yetkinləşdiyini göstərirdi.
AGF beynəlxalq çimərlik güləşi formatını qəbul etdi. Qum üzərində hazırlığa start verildi və burada əsas diqqət tarazlıq, dözümlülük və çimərlik güləşinə xas olan partlayıcı hücum texnikalarına yönəldi. Bu sistemli yanaşma indiyədək altısı qızıl olmaqla 12 dünya çempionatı medalı qazandırıb. Onlardan biri 4 qat dünya çempionu İbrahim Yusubovdur.
Daxili bazanın qurulması və qadınların idmana böyük dönüşünün təmin edilməsi
2025-ci ilin iyulunda keçirilən və 150 iştirakçının yer aldığı çimərlik güləşi üzrə Azərbaycan çempionatında ilk dəfə qadınlar arasında da yarışlar keçirildi və bu, idmanın ölkə daxilində əhatəsini genişləndirən, qadın idmançılar üçün beynəlxalq arenaya çıxış yolu yaradan mühüm mərhələ oldu. Bu, federasiyanın daha geniş strategiyasını əks etdirirdi: yalnız kişilər arasında elit nəticələrə yönəlmək əvəzinə, bütün bölmələr üzrə davamlı və dayanıqlı idmançı axını yaratmaq.
Beynəlxalq nəticələr: 2019–2025
Azərbaycanın beynəlxalq arenada yüksəlişi 2019-cu ildə başlandı. Həmin il Oyan Nəzəriani Dünya Seriyasının ilk mövsümündə +90 kiloqramda titul qazanaraq həm “Big Gun” ləqəbini aldı, həm də ölkəsinin çimərlik güləşində ilk dünya çempionu kimi tarixə düşdü. Bu uğur ardıcıl nailiyyətlərin əsasını qoydu. 2022-ci ildə İbrahim Yusubov Rumıniyanın Konstantsa şəhərində keçirilən Dünya Seriyasının finalında 90 kiloqramda titulunu qazanaraq Azərbaycanın böyüklər arasında ikinci dünya çempionluğunu əldə etdi. Onun çıxışını 70 kiloqramda mütəmadi olaraq kürsüyə yüksələn Ramiz Həsənov tamamladı. O, 2022-ci ildə ümumi hesabda gümüş medal qazandı. İki il sonra isə 80 kiloqramda eyni uğuru təkrarladı. Bu nəticələr Azərbaycanı beynəlxalq səhnədə ciddi rəqib kimi təsdiqlədi. 2024-cü ildə Yusubov artıq dominant fiqura çevrilmişdi. O, ardıcıl Dünya Seriyası titullarını qazanaraq taktiki peşəkarlığı və soyuqqanlılığı ilə seçildi. Onun uğurları növbəti nəsil güləşçilərə – Vüsal Əliyev və Sahib Dadaşova ilham verdi və onlar da böyüklər arasında medal mübarizəsinə qoşulmağa başladılar. 2025 mövsümü isə indiyə qədər ən uğurlu dövr oldu. Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının finalında İbrahim titulunu qoruyaraq ardıcıl 4-cü dünya çempionluğuna imza atdı. Vüsal isə böyüklər arasında debüt mövsümündə 80 kiloqramda qızıl medal qazandı. Bu, komandanın tarixdəki ən güclü nəticələrindən birinə çevrildi.
Gənclər arasında da tarixi bir addım atıldı. Yunanıstanın Katerini şəhərində keçirilən U17 dünya çempionatında Ülviyyə Musayeva (55 kq) qızıl medal qazanaraq, Azərbaycan tarixində çimərlik güləşində ilk qadın dünya çempionu oldu. Bu turnirin nəticələri 2026 Gənclər Olimpiya Oyunları üçün kvotaların müəyyənləşdirilməsində də nəzərə alınacaq.
Gələcəyə baxış
Oyan Nəzərianinin və İbrahim Yusubovun son qarşılanma mərasimi zamanı səsləndirdiyi fikirlərin də yer aldığı yazının son cümlələri belədir:
AGF-nin növbəti hədəfi yarışlarda kişilər arasında tam heyətlə çıxış etməkdir. Federasiya paralel olaraq, qadınlar və gənclər üzrə inkişaf proqramlarını genişləndirir və bu istiqamətə xüsusi milli layihələrlə dəstək verir. Yusubovun mentorluq roluna keçidi, Nəzərianinin vaxtilə özü çıxış etdiyi komandaya rəhbərlik etməsi və Musayevanın yeni nəslin ən parlaq istedadlarından biri kimi yüksəlişi fonunda Azərbaycanın çimərlik güləşi bazası bu gün heç vaxt olmadığı qədər güclüdür.
XQ





