“Azərbaycanın Zəfəri” kosmosa çıxarılıb

post-img

Ölkənin ilk mini-peykini paytaxt məktəbliləri hazırlayıblar

Ölkə tarixində ilk dəfə “Azərbaycanın Zəfəri” məktəbli peyki orbitə çıxarılıb. Peyki Bakıdakı 297 nömrəli məktəbin şagirdləri hazırlayıblar. Kosmik aparatı orbitə "SpaceX" şirkətinin "Falcon 9" raketi buraxıb. "PocketQube" tipli, ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib ki, bu buraxılış Avstriyaya məxsus "UniSat-5" platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən "WREN" (Almaniya), "T-LogoQube" (ABŞ) və "QBScout-1" (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

“Azərkosmos”dan XQ-yə bildirdilər ki, Azərbaycanın ilk mini-peyki Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından uğurla orbitə göndərilib:

– KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan “PocketQube” tipli peyk artıq kosmosdadır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin 5 illiyinə həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir. Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur. Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir.

Layihədə iştirak edən şagirdlərlə də həmsöhbət olduq. Vaqif Osmanov bildirdi ki, layihəyə qoşulmağı tamamilə təsadüfi olub:

– Layihə haqqında eşitdim, maraqlı gəldi və iştirak etdim. Müraciət prosesinə də adi yanaşmışdım, amma layihə ilə yaxından tanış olduqca maraqlı bir mühit və öyrənmək üçün böyük imkanlar olduğunu gördüm. Kosmosa marağım əvvəldən vardı, sadəcə peşə kimi düşünmürdüm. Bu layihə ilə bu maraq daha da gücləndi və özümü bu sahədə sınamaq imkanı qazandım. Peyk hazırlamaq mənim üçün böyük təcrübə oldu. Ölkəmiz üçün belə bir işin içində olmaq qürurvericidir. Yeni şeylər öyrəndim, komanda ilə işləməkdən zövq aldım və proses ərzində özümü həm həyəcanlı, həm də motivasiyalı hiss etdim.

Layihənin digər iştirakçısı Nicat Cümşüdlü qeyd etdi ki, texnologiya sahəsində həmişə aktiv olub və bu sahəyə ciddi maraq göstərir:

– Bu layihəni görəndə düşündüm ki, bu, mənim üçün ideal imkandır. Layihəyə qatıldım və ən yaxşı iştirakçılar arasında yer aldım. Bu proses mənim üçün həm maraqlı, həm də motivasiyaedici oldu. Maraq əvvəldən var idi. Ümumiyyətlə, texnologiya və kosmos mövzuları ilə çoxdan məşğulam və bu sahədə ən yaxşı şagirdlərdən biri kimi tanınıram. Hətta hazırda “STEP IT Academy”də təhsil alıram. Layihə isə bu marağı daha da gücləndirdi və mənə real təcrübə qazandırdı.

Peyk hazırlamaq mənim üçün böyük bir addımdır. Bu həm özümü inkişaf etdirmək, həm də bildiklərimi real layihədə tətbiq etmək imkanı verdi. Özümü həm həyəcanlı, həm də qürurlu hiss edirdim, çünki bu proses göstərdi ki, düzgün yoldayam və qarşıma qoyduğum məqsədlərə çata biləcək gücdəyəm.

Layihənin daha bir iştirakçısı Harun Adgözəlov isə dedi:

– Bu layihə haqqında ilk dəfə məlumatı görəndə maraq oyandı və düşündüm ki, niyə də sınamayım? Hər şey bir növ macəra kimi başladı və proses irəlilədikcə daha çox həvəs yarandı. Əvvəldən bu sahəyə marağım olub. Layihəyə qoşulandan sonra bu maraq daha da ciddi istiqamət aldı və artıq bu mövzunu daha dərindən öyrənmək istəyi yarandı. Peyklə bağlı işlərdə iştirak etmək mənim üçün yeni bir təcrübə və özümü sınamaq imkanı oldu. Bir tərəfdən çətin idi, digər tərəfdən isə çox motivasiya verirdi. Hər addımda nəsə yenilik öyrənirdim və bu proses özümə inamı artırdı. Ümumilikdə, həm maraqlı, həm də qürurverici bir təcrübə kimi yadda qaldı.

Sonda qeyd edək ki, məktəblilərin belə mühüm uğura imza atmaları ölkə adına böyük qürur mənbəyidir. Bu hadisə gənc nəslin vətənə necə bağlı olduğunu göstərir. Həmçinin onların elmi-təcrübi araşdırmalara və müasir texnologiyalara olan böyük marağı da xüsusi vurğulanmalıdır. Məktəblilərin hazırladıqları “Azərbaycanın Zəfəri” peykinin orbitə buraxılması gənclərin innovativ ideyalarının gerçək layihələrə çevrilə bildiyini sübut edir. Bu da öz növbəsində ölkədə formalaşan yeni kosmik mədəniyyətin əsasını qoyur.

Musa BAĞIRLI
XQ







İqtisadiyyat