Qlobal inflyasiya və ərzaq təhlükəsizliyi

post-img

Çağırışlar, reallıqlar və strateji cavablar

Son 2 ildə dünya iqtisadiyyatı ciddi sınaqlardan keçdi. Qlobal tədarük zəncirlərindəki gərginlik, enerji bazarlarında qiymət şokları və geosiyasi qarşıdurmalar yeni inflyasiya dalğası yaradaraq bütün regionlarda ərzaq qiymətlərinə ciddi təsir göstərdi. Bu proseslər Azərbaycan bazarında da özünü kəskin büruzə verdi və hökumətin iqtisadi siyasətində ərzaq təhlükəsizliyi prioritet kimi diqqət çəkdi.

Hazırda həm beynəlxalq dinamikanı, həm də ölkədaxili struktur amilləri dərindən təhlil edərək qiymət artımının səbəblərini, ərzaq idxalından asılılığın risklərini, yerli istehsalın gücləndirilməsi zərurətini və dövlətin strateji yanaşmalarını qiymətləndirmək son dərəcə mühüm önəm daşıyır. Bunun üçün, ilk növbədə, inflyasiya dalğasının mənbələrinə nəzər salmaq kifayətdir.

Xatırladaq ki, son 2 ildə inflyasiyanın dünya üzrə yüksəlişi bir neçə paralel amillərdən qaynaqlanıb. Onlardan biri enerji bazarlarında yaşanan qeyri-sabitlik olub və bu, neft, qaz və elektrik kimi enerji daşıyıcılarının qiymətlərində dünya üzrə kəskin artım baş verərkən müşahidə edilib. Bu artım kənd təsərrüfatı istehsalının maya dəyərinə birbaşa təsir göstərərək, aqrar məhsulların həm istehsal, həm də daşınma xərclərini yüksəldib.

Son illər ərzaq təhlükəsizliyinə tədarük zəncirlərinin pozulması da mənfi təsir göstərib. Buna misal olaraq qeyd edə bilərik ki, pandemiya dövründə limanların qismən bağlanması, nəqliyyat infrastrukturunda gecikmələr, konteyner çatışmazlığı kimi problemlər dünyada keyfiyyətli ərzaq məhsullarının bazarlara çıxışını çətinləşdirib. Bu vəziyyət isə qlobal ərzaq təklifinin məhdudlaşmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxarıb. Bundan başqa, xüsusilə, Avrasiya məkanında baş verən siyasi qarşıdurmalar iri ərzaq ixracatçısı ölkələrin bazarlara çıxışını məhdudlaşdırıb. Bu, özünü taxıl, günəbaxan yağı, şəkər və digər strateji məhsullar üzrə qlobal təkliflərin əhatə dairəsinin daralmasında göstərib.

Qlobal miqyasda baş verən quraqlıqlar və iqlim dəyişiklikləri də ərzaq təhlükəsizliyinə mənfi təsir edib. BMT-nin aqrar hesabatlarına görə, dünya üzrə 2023–2025-ci illərdə qeydə alınan quraqlıq nəticəsində məhsuldarlıq aşağı düşüb. Bu isə qlobal ərzaq qiymətlərinin daha da bahalaşmasını şərtləndirib. Sadalanan bu amillər nəticəsində dünyada ərzaq qiymət indeksləri rekord səviyyəyə yüksəlib. Azərbaycanın ərzaq idxalından müəyyən dərəcədə asılılığı isə bu dalğanın daxili bazarda daha kəskin hiss edilməsi ilə nəticələnib.

İdxaldan asılılıq və qiymət dinamikası

Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə qlobal ərzaq bazarlarındakı dəyişikliklərə daha həssas reaksiya nəzərə çarpır. Bu həssaslığın bir neçə səbəbi var. Əvvəla, bu gün Azərbaycanın bəzi strateji ərzaq məhsullarında idxaldan asılılığı 30-60 faiz arasında dəyişir. Xüsusilə taxıl, şəkər, bitki yağları və bəzi növ tərəvəzlər üzrə xarici tədarük həlledici rol oynayır. Beynəlxalq qiymətlər yüksəldikcə, idxal xərcləri də artır və bu, tədricən daxili pərakəndə bazara ötürülür.

Bu məsələdə daşınma və logistik xərclərin artması da, necə deyərlər, öz sözünü deyir. Belə ki, ölkəmizin coğrafi yerləşməsi əlverişli olsa da, idxal məhsullarının böyük hissəsi uzaq regionlardan gətirilir. Nəqliyyat xərcləri artdıqca, məhsulun son qiymətinə ciddi təsir göstərir.

Dünya bazarında dolların möhkəmlənməsi də ərzaq idxalını bahalaşdıran amillərdən biridir. Hər hansı kiçik valyuta dəyişməsi belə ərzaq qiymətlərində hiss olunan dalğalanmalara səbəb olur. Bu məsələdə yerli istehsalın struktur məhdudiyyətləri də təsirsiz ötüşmür. Son illərdə kənd təsərrüfatında mühüm irəliləyişlər əldə olunsa da, aqrar sektorun bəzi sahələrində məhsuldarlıq hələ də beynəlxalq standartlardan aşağıdır. Suvarma, gübrə, toxum və texnika təminatındakı müəyyən problemlər yerli istehsalın maya dəyərini yüksəldir və xarici məhsullarla rəqabəti çətinləşdirir.

Onu da qeyd edək ki, idxaldan asılılıq yalnız qiymət artımları baxımından deyil, həm də milli təhlükəsizlik kontekstində risk yaradır. Bu səbəbdən son illərdə Azərbaycan hökuməti aqrar sektorda struktur dəyişikliklər həyata keçirməyə başlayıb. Aqroparkların genişləndirilməsi ərzaq istehsalının sənaye üsulu ilə aparılmasına və məhsuldarlığın artırılmasına müsbət təsir göstərib. Təkcə son 5 ildə ölkədə onlarla aqropark istifadəyə verilib. Dövlət subsidiyalarının və kənd təsərrüfatının dəstəklənməsi də diqqət mərkəzində saxlanılıb. Elektron Subsidiya Sistemi əsasında kənd təsərrüfatında şəffaf subsidiyalaşma mexanizminin tətbiqi fermerlərin istehsal xərclərini azaldıb və məhsuldarlığı yüksəldib.

Respublikada meliorasiya və suvarma layihələrinin həyata keçirilməsinin diqqətdə saxlanılması da kənd təsərrüfatının inkişafını sürətləndirib. Ölkədə yeni su ehtiyatlarının idarə olunması strategiyası qəbul edilib, çox sayda su kanalı yenilənib və alternativ suvarma üsullarının (damcı suvarma və s.) təşviqinə önəm verilib. Su resurslarının səmərəli istifadəsi də məhsuldarlığın artmasına səbəb olub.

Yerli toxumçuluğun inkişafı da yeni mərhələyə yüksəlib. Bu mərhələdə strateji əhəmiyyətli toxum sortlarının yerli istehsalı çoxalıb. Bununla da həm xarici asılılıq azalıb, həm də məhsulun adaptasiya qabiliyyəti güclənib. Sənaye heyvandarlıq və quşçuluq təsərrüfatları genişləndirilib. Protein tələbatını yerli istehsal hesabına gerçəkləşdirmək üçün yeni iri komplekslərin yaradılmasına başlanıb. Bu sahənin dirçəldilməsi ilə idxaldan asılılıq minimuma endirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar bu gün kənd təsərrüfatının inkişafını daha da sürətləndirir və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək layihələri gerçəkləşdirilir. Bunun nəticəsində fermerlərin həyat səviyyəsi getdikcə yüksəlir, aqrar sahənin dayanıqlı inkişafı təmin edilir.

Qeyd edək ki, 30 il işğal altında qalmış Azərbaycan torpaqları minalanıb, su mənbələri çirkləndirilib, ətraf mühitə böyük ziyan vurulub. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd isə bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, dağıdılmış kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq və bu torpaqlara yeni həyat bəxş etmək olub. Bu prosesdə ən müasir aqrar innovasiyaların tətbiqi diqqətdə saxlanılıb.

Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı respublikamızın ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsində, eləcə də iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Bununla bərabər, ölkədə aqrar sektorun yeni qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr də mühüm önəm daşıyır. Bu baxımdan respublikada torpaq və su ehtiyatlarının məhdud olması şəraitində kənd təsərrüfatında qarşıya qoyulan əsas vəzifələrdən biri də məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir.

Azərbaycanda hazırda taxılçılıq regionlarında 15 min hektara qədər sahədə innovativ texnologiyalar tətbiqi, rəqəmsal həllərə üstünlük verilməsi məhsuldarlığın və səmərəliliyin artmasına müsbət təsir göstərir. Bu, eyni zamanda, əkin vaxtının dəqiq müəyyənləşdirilməsinə, lazımi gübrələrdən geniş istifadə olunmasına, torpağın nəmliyinin saxlanılmasına və məhsul yığımı üçün optimal vaxta nəzarət etməyə imkan verir.

Strateji ehtiyatların artırılması

Prezident İlham Əliyevin vurğuladığı kimi, ərzaq təhlükəsizliyi ölkənin milli təhlükəsizlik strategiyasının vacib hissəsidir. Bu baxımdan dövlətin son illərdə həyata keçirdiyi proqramlar sistemli yanaşmanın mövcud olduğunu göstərir. Eyni zamanda, ərzaq ehtiyatlarının saxlanması infrastrukturunun genişləndirilməsi qlobal bazarda baş verən şokların təsirini amortizasiya etməyə imkan verir.

Respublikamız ənənəvi idxal bazarları ilə yanaşı, digər ölkələrlə də əlaqələrini genişləndirir. Bu, həm qiymət risklərini azaldır, həm də tədarükün davamlılığını gerçəkləşdirir. Aqrar sektor yalnız daxili tələbatı ödəmək üçün deyil, həm də ixrac üçün strateji sahəyə çevrilir. Bu, kənd təsərrüfatının kommersiya potensialını artırır, investisiya cəlbediciliyini gücləndirir.

Fermerlər üçün rəqəmsal xəritələşdirmə, məhsuldarlıq proqnozlaşdırılması və elektron xidmətlər aqrar idarəetmənin səmərəliliyini yüksəldir. Bu, həm itkiləri azaldır, həm də istehsalın optimallaşdırılmasına şərait yaradır.

Lakin bu sahədə çətinliklər də var. Belə ki, ölkə iqtisadiyyatının mühüm dayaqlarından biri olan aqrar sektor uzun illərdir həm məşğulluğun təmin edilməsində, həm də ərzaq təhlükəsizliyinin qorunmasında xüsusi rol oynayır. Bununla belə, kənd təsərrüfatı sahəsində məhsuldarlığı və gəlirliliyi artırmaq üçün aradan qaldırılması vacib olan ciddi struktur boşluqlar mövcuddur. Bu boşluqlar təkcə iqtisadi nəticələr doğurmur, həm də regionların sosial inkişafına, əhalinin həyat səviyyəsinə və miqrasiya balansına birbaşa təsir göstərir.

Aqrar sektorun əsas xüsusiyyətlərindən biri onun mövsümi xarakteridir. Kənd təsərrüfatı işləri ilin cəmi bir neçə ayında intensiv olur, qalan dövrdə isə fəaliyyət zəifləyir. Bu isə ailələr üçün sabit və yetərli gəlir mənbəyi formalaşdırmır. Mövsümi məşğulluq həm işçinin sosial təminatını zəiflədir, həm də kənddə daimi iqtisadi fəallığı gerçəkləşdirə bilmir. Nəticədə insanların böyük qismi əlavə gəlir mənbəyi tapmaqda çətinlik çəkdiyindən şəhərə üz tutur.

Onu da deyək ki, torpaq islahatlarından sonra ölkədə çoxsaylı xırda ailə təsərrüfatları formalaşdı. Bu təsərrüfatlar kənd yerlərində sahibkarlığın əsasını təşkil etsə də, onların kiçik ölçülü olması istehsal gücünü məhdudlaşdırır. Ailə təsərrüfatlarının böyük qismi öz işçi tələbatını özü ödəyir, əlavə əmək qüvvəsinə ehtiyac duymur. Bu isə aqrar rayonda məşğulluq imkanlarının genişlənməsinə mane olur və iqtisadi fəaliyyətin miqyasını kiçik saxlayır.

Qiymətlərin sabitləşdirilməsi

Son illər dünyada formalaşan geosiyasi gərginliklər, tədarük zəncirlərində fasilələr və enerji qiymətlərində dəyişkənlik qlobal inflyasiya səviyyəsini tarixi maksimumlara çatdırıb. Bu proseslər daha çox kiçik və açıq iqtisadiyyatları, o cümlədən Azərbaycan kimi xarici ticarətə inteqrasiya olunmuş ölkələri təsirləndirir. Xüsusilə ərzaq və gündəlik istehlak mallarında yaranan bahalaşma əhalinin sosial rifahına təzyiq göstərir. Hökumətin məqsədi isə bu təzyiqin yükünü minimuma endirmək, sosial tarazlığı qorumaq və iqtisadi sabitliyi təmin etməkdir.

Azərbaycanda qiymət artımlarının sosial təsirlərini yumşaltmaq üçün bir sıra mexanizmlər tətbiq olunur. Məsələn, ƏDV-nin bəzi məhsullar üzrə sıfırlanması davamlı həyata keçirilir. Bu addım ərzaq bazarında bahalaşmanı aşağı salır. Bundan başqa, idxal rüsumlarının müvəqqəti azaldılması ilə rəqabət mühiti gücləndirilir. Eyni zamanda, süni qiymət artımının qarşısı alınır, bazarda şəffaflıq təmin edilir. Ünvanlı sosial yardım və minimum əməkhaqqının artırılması da inflyasiya şoklarının əhalinin alıcılıq qabiliyyətinə təsirini zəiflədir.

Beləliklə, qlobal inflyasiya dalğası son 2 ildə bütün ölkələr üçün ciddi çağırışlar yaradıb. Azərbaycanın bəzi qida məhsullarında idxaldan asılılığı bu təsirləri daha aydın hiss etdirib. Lakin son illərdə Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində atdığı strateji addımlar – aqroparkların yaradılması, suvarma sistemlərinin yenilənməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, ehtiyatların artırılması və təchizat zəncirinin diversifikasiyası ölkənin uzunmüddətli ərzaq dayanıqlığını gücləndirib.

İnflyasiya dalğaları keçici ola bilər, amma ərzaq təhlükəsizliyi daimi diqqət tələb edən strateji məsələdir. Azərbaycan da bu yanaşmanı əsas götürərək milli istehsalın artırılması, idxalın əvəzlənməsi və aqrar sahədə innovasiyaların tətbiqi istiqamətində ardıcıl siyasət yürüdür. Nəticə etibarilə ölkə həm daxili bazarın sabitliyini reallaşdırır, həm də gələcəkdə regional ərzaq mərkəzinə çevrilmək üçün möhkəm təməl yaradır.

Bu çərçivədə Azərbaycan hökumətinin inflyasiyaya qarşı formalaşdırdığı siyasət həm fiskal, həm institusional, həm də sosial müdafiə elementlərini özündə birləşdirir. ƏDV-nin sıfırlanması və ya güzəştlərin tətbiqi, ilk növbədə, istehlakçıya yönəlmiş bir mexanizmdir. Bu addımın effektivliyi bazar monitorinqi və rəqabət mühitinin gücləndirilməsi ilə daha da artmış olur. Qiymət artımlarının yalnız bazar amilləri ilə yox, bəzən də inhisarçılıqla bağlı olduğu nəzərə alınarsa, dövlətin antikollektiv fəaliyyət mexanizmlərini genişləndirməsi xüsusi əhəmiyyət kəsb edir.

Digər mühüm istiqamət gəlirlərin artırılmasıdır. Minimum əməkhaqqının mərhələli şəkildə yüksəldilməsi, sosial müavinətlərin indeksasiyası və ünvanlı sosial yardım mexanizminin genişləndirilməsi inflyasiya təzyiqinin kompensasiyasında sosial siyasətin əsas dayağıdır. Bu siyasətin mühüm üstünlüyü ondan ibarətdir ki, məhz aztəminatlı qrupa yönəldiyi üçün resurslardan daha səmərəli istifadə imkanı yaradır.

Ərzaq təhlükəsizliyi sahəsində görülən işlər isə qiymət sabitliyinin uzunmüddətli əsasını təşkil edir. Aqroparkların fəaliyyəti müasir idarəetmə, vahid infrastruktur, səmərəli suvarma və logistika imkanları təqdim edir ki, bu da daxili istehsalın həcmini artırır. Subsidiya mexanizmlərinin elektronlaşdırılması və şəffaflaşdırılması fermerlərin motivasiyasını artırmaqla yanaşı, məhsuldarlığın yüksəlməsinə gətirib çıxarır.

Bütün bunlarla yanaşı, Azərbaycan təchizat zəncirinin etibarlılığını artırmaq üçün müxtəlif ölkələrlə tərəfdaşlıq formatlarını genişləndirir. Bu, xüsusən qlobal bazarda qeyri-sabitlik artdığı bir dövrdə strateji əhəmiyyət daşıyır. Alternativ idxal mənbələrinin yaradılması xarici şokların təsirini xeyli azaldır.

Nəticə etibarilə, inflyasiya təkcə iqtisadi məsələ deyil, həm də sosial rifaha təsir edən geniş spektrli prosesdir. Azərbaycanın tətbiq etdiyi kompleks siyasət bu istiqamətdə həm qısamüddətli, həm də uzunmüddətli həll mexanizmlərinin uzlaşmasını təmin edir. Bu model gələcəkdə ölkənin sosial-iqtisadi dayanıqlılığının mühüm tərkib hissəsi olaraq qalacaq.

Vaqif BAYRAMOV
XQ







Sosial həyat