Ağdam rayonunda bu yöndə davamlı və səmərəli iş aparılır
Regionların dinamik inkişafı, bununla bağlı genişmiqyaslı layihələrin həyata keçirilməsi ölkəmizin iqtisadi gücünün, həmçinin siyasi qüdrətinin artmasını şərtləndirən əsas amillərdəndir. Bu inkişafın davamlılığının təmin edilməsi isə bölgələrdə vətəndaşların sosial rifah halının yüksəldilməsi, onların problemlərinin dinlənilməsi və qanunvericiliyin tələbləri çərçivəsində aradan qaldırılması, ədalətlilik prinsiplərinin qorunması ilə birbaşa bağlıdır.
Prezident İlham Əliyevin 2025-ci il noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən çıxışında vurğuladığı kimi: “Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”.
Vətəndaş müraciətinə fərdi yanaşma
Dövlət başçısının xalq–məmur münasibətlərinin düzgün qurulması ilə bağlı tələblərinin icrası Ağdam rayonunda da hər zaman diqqətdə saxlanılır, vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırdıqları problemlərin həlli üçün zəruri addımların atılması rayon rəhbərliyinin prioritet fəaliyyət istiqamətlərindən birini təşkil edir.
Bu sahədə görülən davamlı işlərlə bağlı söhbətimizdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov bildirdi ki, müraciət edən hər bir vətəndaşa fərdi yanaşmaq, ilk növbədə, onların problemlərini yaradan səbəbləri aradan qaldırmağa çalışmaq lazımdır:
– Əgər hansısa sakin bizə müraciət edirsə, deməli, onun nəyəsə ehtiyacı var, hansısa çətinliklə üzləşib. Odur ki, həmin vətəndaşı diqqətlə dinləməklə yanaşı, ona öz doğman kimi baxmalısan, fərqli xarakterə malik insanların müxtəlif məzmunlu problemlərini aradan qaldırmaq üçün mütləq fərdi yanaşmalısan. Belə olanda vətəndaş da ürəklə, çəkinmədən dərdini deyir və həll olunacağına inanır.
Ağdamın Birinci Qarabağ və Vətən müharibəsində verdiyi şəhidlərin, qazilərin sayını nəzərə alsaq, az qala rayon əhalisinin yarısı imtiyazlı ailələrin üzvləridir. Hər zaman nəzərə alırıq ki, onlara qayğı və diqqət göstərmək lazımdır”.
Rəqəmlər nə deyir?
Ağdamda sakinlərinin müraciətlərinə baxılması, onların problemlərinin dinlənilməsi və həlli ilə bağlı görülən işlərin statistikası ürəkaçandır. Üstəlik, bu statistika müasir qanunvericiliyin tələblərinə uyğun olaraq vahid elektron informasiya sistemində də əksini tapır və icrası nəzarətdə saxlanılır.
Qurumdan “Xalq qəzeti”nə verilən məlumata görə, 2025-ci ilin 10 ayı ərzində Ağdam RİH başçısı aparatına 1984 müraciət daxil olub. Bu müraciətlərin 1563-ü, yəni 78.7 faizi bilavasitə rayon əhalisi tərəfindən edilib. Ümumi müraciətlərin 1177-si qısa müddətdə həll olunub ki, bu da müraciətlərin 60 faizinin öz həllini tapması deməkdir.
Rayon rəhbərinin vətəndaşlar üçün hər həftənin 3-cü günü RİH-in inzibati binasında qəbulu, əhali ilə əlaqələrin davamlılığını təmin etmək məqsədilə isə əvvəlcədən tutulmuş qrafik əsasında hər həftənin 5-ci günü rayonun ayrı-ayrı yaşayış məntəqələrində, eyni zamanda, ayda bir dəfə məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı şəhərində səyyar görüş-qəbulları keçirilir. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları və digər imtiyazlı şəxslər hər gün növbədənkənar qəbul olunurlar. Həmçinin rayon rəhbərliyi mütəmadi olaraq şəhid ailələri və qazilərlə onların evlərində görüşlər keçirir, problemləri yerində öyrənilir.
Cari ilin 10 ayında yerlərdə keçirilən 39 səyyar görüş-qəbullarda 3387 vətəndaş iştirak edib, 152 nəfər müxtəlif sahələri əhatə edən məsələlər qaldırıb. Əhalini narahat edən problemlər, onların təklifləri qeydə alınaraq həlli istiqamətində mümkün olan məsələlərin icrası təmin edilib, RİH tərəfindən həlli mümkün olmayan məsələlər barəsində isə müvafiq dövlət qurumlarına rəsmi müraciətlər olunub.
Sakinlər nə istəyirlər?
Vətəndaş müraciətləri əsasən birdəfəlik maddi yardımların verilməsi, Vətən müharibəsi zamanı təmas xəttində yerləşən yaşayış məntəqələrində zərər dəymiş evlərin təmiri, məcburi köçkünlərə yemək xərci – vahid aylıq müavinətin ödənilməsi, məcburi köçkünlərin evlə təmin olunması, məşğulluq və sosial müdafiə məsələləri, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi üçün yeni subartezian quyularının qazılması, torpaq sahəsi ilə təmin olunmaqla bağlıdır.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərə qayıdış və qeydiyyata düşmə, vətəndaşların işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarını ziyarət etmələrinə, orada olan qəbiristanlıqların təmizlənməsinə şərait yaradılması, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin olunması, şəhid adlarının əbədiləşdirilməsi, əlillik dərəcələrinin təyin edilməsi və digər mövzularda müraciətlər də üstünlük təşkil edir.
Rəhbərliyin cavab tədbirləri
Rayon rəhbərliyi tərəfindən bütün müraciətlər diqqətlə dinlənilərək müvafiq tədbirlər görülür. Belə ki, vətəndaşlar tərəfindən daxil olan kollektiv müraciətlər daha çox kəndarası yolların təmiri, rayonun mövcud ərazisində təbii su mənbələrinin olmaması səbəbindən vətəndaşların əkin sahələrinin suvarılmasında su çatışmazlığının aradan qaldırılması və içməli su ilə təmin olunmaq üçün suvarma və içməli subartezian quyularının qazılması ilə bağlı olub.
Qaldırılan kollektiv müraciətlərdən bəziləri, məsələn, kəndarası yolların çəkilməsi rayonun daxili imkanları hesabına həll edilib, eyni zamanda, dövlət əhəmiyyətli yolların çəkilməsi, yeni subartezian quyularının qazılması, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq dövlət və hökumət orqanlarına müraciət olunub.
Vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyəti qurumların rəhbərləri ilə birlikdə lazımi tədbirlərin görülməsi davam etdirilir.
Əhalinin maddi yardıma ehtiyacı olan təbəqəsinin problemləri də imkan daxilində qarşılanır. Qəbullar zamanı müraciət etmiş aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara tikinti materialları verilib, maddi yardımlar edilib.
Hesabat dövründə rayonun Ergi qəsəbəsində layihədən kənar qalmış ərazilərə də (17 yaşayış məntəqəsi) rabitə xətti şəkilib və beləliklə, rayonun bütün yaşayış məntəqələri yüksəksürətli rabitə və internet xətti ilə tam təmin olunub. Həmçinin işğaldan azad olunmuş Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində də rabitə və internet çəkilişi başa çatdırılıb.
Qərvənd kəndində keçirilən səyyar görüş-qəbul zamanı kənd sakinlərinin əkin sahələrinin suvarılması üçün istifadə olunan subartezian quyusunun elektrik xəttinə qoşulmasına köməklik göstərilməsi barədə qaldırdığı məsələ yerində həll edilib, quyu elektrik xəttinə qoşularaq vətəndaşların istifadəsinə verilib.
Görülən işlər sırasına Mirəşelli kəndində vətəndaşın həyətinə gedən içməli su xətti bərpa olunması, Quzanlı köçkün qəsəbəsində şəhid atası Əhmədov Eldar İsa oğlunun evinin və hasarının təmiri, İkinci Alıbəyli qəsəbəsində zərərvericilərə və həşəratlara qarşı dezinfeksiya işlərinin aparılması, Mərzili kənd sakini 1-ci qrup əlilə əlil arabasının verilməsi, Gülbaharlı kəndinə gedən avtomobil yolunun səthində yaranmış çalaların asfalt-beton qarışığı ilə təmiri, Sarıcalı kəndi ərazisində kəndarası 3 km uzunluğunda yolun çınqıl və şebellə düzəldilməsi də daxildir.
Səyyar qəbullar zamanı edilmiş müraciətlərə əsasən, RİH tərəfindən, həmçinin Təzəkənd qəsəbəsində qəsəbədaxili yollarda, Hacıməmmədli kənd qəbiristanlığına gedən yolda, Birinci Baharlı qəsəbəsində gedən 1.5 km yolda təmir işləri aparılıb, Quzanlı qəsəbəsi ərazisində daxili küçələrdə yollar tam asfaltlanaraq vətəndaşların istifadəsinə verilib. Birinci Baharlı qəsəbəsində yaşayan Gülablı kənd sakini, şəhid anası Abbasova Limunə Hüseyn qızının müraciəti də diqqətə alınaraq yaşadığı küçəyə gedən yola çınqıl tökülərək təmir olunub.
Eyni zamanda, Birinci Alıbəyli qəsəbəsində fəaliyyəti dayandırılmış poçt filialının bərpa olunması üçün RİH tərəfindən “Azərpoçt” MMC-yə, rayon ərazisində olan məcburi köçkün qəsəbələrinin su xəttinin yenilənməsi üçün isə Dövlət Su Ehtiyatları Agentliyinə müvafiq müraciətlər edilib.
Görülən işlər qeyd olunanlarla yekunlaşmır. Belə ki, qəbullar zamanı müraciət etmiş vətəndaşların, xüsusilə də şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının, eləcə də imkansız şəxslərin müxtəlif problemlərinin həll edilməsi məqsədilə RİH tərəfindən ümumilikdə 10 min manata yaxın maddi yardımlar olunub. Həmçinin rayonun Baş Güneypəyə kənd sakini, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, şəhid Novruzov Əsəddin Curu oğlunun və Əhmədağalı ərazisində minaya düşərək vəfat edən Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, Xanı ləqəbli Əhmədov Səyyaf Fiqan oğlunun dəfn mərasimləri və qəbirüstünün götürülməsi RİH tərəfindən təşkil edilib.
Şəhid ailələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq, rayon rəhbərliyi tərəfindən Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında 2024-cü ilin aprel ayında təməli qoyulan mərasim evi 2025-ci il sentyabrın 27-də - şəhidlərimizin Anım Günündə istifadəyə verilib.
Ağdamda sakinlərin problemlərinin həlli, onların müraciətlərinin dinlənilməsi və qayğılarına həssaslıqla yanaşılması istiqamətində işlər davam etdirilir.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri




