Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də BMT-nin Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirak etmək məqsədilə Nyu-Yorkda rəsmi səfərdə olub.
30-a yaxın ölkənin nümayəndə heyətlərinin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların çox sayda təmsilçiləri və ekspertlərinin iştirak etdiyi tədbirin yüksəksəviyyəli seqmentində çıxış edən Baş prokuror qeyd edib ki, müasir dövrün əsas bəlalarından olan korrupsiyaya qarşı mübarizənin təsirliliyini təmin etmək üçün onun miqyasının müəyyən edilməsi, başqa sözlə, ölçülməsi ilkin şərtdir: “Lakin bu fəaliyyət sabit, qərəzsiz və obyektiv meyarlara söykənməlidir. Ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə hazırlanan yeni metodologiyanın bu boşluğu dolduracağına inanırıq”.
Tədbir çərçivəsində Baş prokuror və BMT-nin Qanunun Aliliyi və Təhlükəsizlik İnstitutları ofisinin rəhbəri Faisal Shahkar arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin Azərbaycan tərəfindən irəli sürülən konkret layihələrin dəstəkləndiyi bildirilib.
Bundan əlavə, konfrans çərçivəsində Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüş keçirilib.
Drago Kos Azərbaycan Prokurorluğuna Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev Akademiyanın fəaliyyəti dövründə 20-yə yaxın prokurorluq əməkdaşının qurumun magistr proqramlarının məzunu olduğunu qeyd edib.
Tədbir çərçivəsində Baş prokurorla Səudiyyə Ərəbistanı, Mərakeş və digər ölkələrdən olan tərəfdaşlar arasında görüşlər keçirilərək qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
XQ

