Prezident İlham Əliyevin məktubuna sözardı
Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 2016-cı ilin 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəhid olmuş şəxslərlə bağlı üç gün əvvəlki başsağlığı məktubunda maraqlı məqamlar yer alır. Yazımız bu barədədir.
Ondan başlayaq ki, qardaş ölkədə 2016-cı ildə yaşanmış dövlət çevrilişinə cəhd mahiyyətcə siyasi terror idi. Türkiyənin tarixində belə olayların sayı kifayət qədər çoxdur. Dövlət çevrilişləri nəticəsində nazirlərin, baş nazirlərin edam kürsüsündə dayandığına dair səhnələr də həmçinin. Heç şübhəsiz, belə təmayüllər dövləti və dövlətçiliyi sarsıdır, inkişafı əngəlləyirdi. Hesab edirik ki, cənab Ərdoğanın tarixi xidmətlərindən biri bu sayaq mənfi təmayüllərin qarşısını alması, qardaş ölkəni tərəqqiyə daşımasıdır.
Dövlətimizin başçısı da məktubunda haqqında söz açdığımız məqama əhatəli şəkildə toxunub: “Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi”.
Bəli, 2016-cı ilin 15 iyulunda yaşananlar Türkiyəni əvvəlki illərə qaytarmaq istəyənlərin uğursuz cəhdi idi. Elə bir cəhd ki, ölkənin güclü dövlətə çevrilməsinin qarşısını almağa, ona daim siyasi təbəddülatlara məhkumiyyət aqibətini yaşatmağa hesablanmışdı. Hər halda, Prezident İlham Əliyev məktubunda “Terrorsuz Türkiyə” amili üzərində əbəs yerə dayanmır. Dövlətimizin başçısı fikirləri ilə daxili gərginliklərdən uzaq sabit Türkiyənin qlobal əhəmiyyətini önə çəkir. Əlbəttə ki, Prezident Ərdoğanın xidmətlərini vurğulamaqla: “Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu”.
Nəzərə alaq ki, çevrilişlərlə yanaşı, terror da xarici qüvvələrin, qlobal güclərin Türkiyənin inkişafını, ümumən türk milli kimliyinin yüksəlişini əngəlləmək naminə cızdıqları məkrli ssenarilərdən qaynaqlanmışdı. Bu gün qardaş ölkə əzəməti ilə həmin ssenarilərə qarşı güclü müqavimət hissinə və dayanıqlı immunitetə malikdir. Ən başlıcası isə cənab Ərdoğanın sayəsində əldə edilmiş yüksək status və onun verdiyi güc Türkiyəyə dünya ölkələri sırasında söz sahibliyini qazandırıb. Nəticədə bu günün Türkiyəsi özü ilə hesablaşmanı nəinki zərurətə, eyni zamanda məcburiyyətə çevirməyi bacarmış qüvvədir. Bu qüvvənin uzunmüddətli hədəflərə hesablanmış siyasi strategiyası və həmin strategiyanı həyata keçirmək üçün möhkəm iradəsi, yenilməzliyi və prinsipiallığı var.
Bəli, terrorsuz Türkiyə beynəlxalq müstəvidə ümumtürk konsolidasiyasını dönməz prosesə çevirmək, türk dünyasını qlobal güc mərkəzi kimi formalaşdırmaq əzmini daşıyan dövlətdir. Eyni zamanda, terrorsuz Türkiyə bütövlükdə region, yaşadığımız siyasi coğrafiya baxımından da son dərəcə vacib amildir. Hər halda, PKK terror qruplaşmasının silahı yerə qoymaq qərarı adi məsələ sayıla bilməz. Bu da öz növbəsində xarici qüvvələrin uzun zamandır həyata keçirdikləri siyasi oyunların iflası deməkdir. Həmin oyunların isə hədəfi yalnız Türkiyə olmurdu.
Fikrimizin təsdiqi kimi, 44 günlük Vətən müharibəsi dönəmini yada salaq. Həmin vaxt, konkret olaraq, 2020-ci ilin dekabrında Almaniyanın nüfuzlu “freitag.de” informasiya-analitik portalında məşhur siyasi icmalçı Mark Lambsdorfun “PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqaləsi dərc edilmişdi. O, müharibədə terrorçuların erməni işğalçıları ilə birlikdə döyüşdüyünə dair faktlar açıqlanmışdı.
Ümumən, Ermənistan-PKK əlaqələri ötən əsrin 90-cı illərindən başlanmışdı. Zaman zaman birincinin ikinciyə gizli dəstək verdiyi də məlumdur. Ermənistanın sabiq rəhbərlərinin və bəzi diaspor təşkilatlarının terrorçu təşkilata simpatiya ilə yanaşdıqları da həmçinin. Görünür, məhz bu simpatiyanın nəticəsi idi ki, I Qarabağ müharibəsində də ermənilərin cərgələrində PKK-nın fəalları döyüşmüş, 1993-cü ildə qurumun Ermənistandakı bazaları işğal altındakı Qarabağa keçirilmişdi.
II Qarabağ müharibəsinə gəldikdə, Türkiyə və Azərbaycan rəsmilərinin Ermənistanı PKK və YPG üzvlərini döyüşə cəlb etməkdə günahlandırmaları xatirimizdədir. Digər tərəfdən, PKK və erməni millətçilərinin ASALA kimi terror təşkilatlarının ortaq ideoloji xətti – türk düşmənçiliyini əsas götürərək fəaliyyət göstərdikləri də danılmazdır.
Sonda belə nəticəyə gəlirik ki, terrorsuz Türkiyə sabit və inkişaf etmiş Türkiyədirsə və “Terrorsuz Türkiyə” amilinin regional əhəmiyyəti də varsa, deməli, bu amil bütövlükdə regionun inkişafı və tərəqqisi baxımından son dərəcə müstəsna əhəmiyyətə malikdir. Bildirdiklərimizi ümumiləşdirərək bu qənaətə də gələ bilərik ki, Azərbaycan 44 günlük müharibədəki Zəfəri ilə təkcə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, eyni zamanda, Ermənistanın terror dövləti obrazına sarsıdıcı zərbə vurdu. Deməli, regionun inkişafına müstəsna töhfə baxımından ölkəmizin rolunu bir daha xüsusi vurğulamağa ehtiyac var. Əminik ki, Türkiyə və Azərbaycan qardaşlığı və bu qardaşlığın özünü əməli iş müstəvisində göstərdiyi tərəfdaşlıq daha qlobal vəzifələrin icrasına köklənməklə, sülh, sabitlik, firavanlıq və rifah naminə möhkəm və dayanıqlı formul müəyyənləşdirəcək. Qardaşlığımızın sarsılmazlıq və bütövlük əsasları ilə yeni naliyyətlərə imza atacağı da şübhəsizdir.
Ə.RÜSTƏMOV
XQ