Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

23 oktyabr

• Prezident, Ali Baş Komandan İlham Əliyev rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilanın Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etdiyi barədə məlumat verib.

• Dövlətimizin başçısı İlham Əliyev rəsmi “Twitter” səhifəsində Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərinin işğaldan azad olunduğunu bildirib.

• Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib. Xatırladıb ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və Azərbaycan Prezidenti şəxsən özü ona Qəhrəman ulduzunu təqdim edib.

• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirib, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib. Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna zərər vurulub. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Ermənistanın Tavuş və Sisian rayonundan gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən boyun qaçırıb, mövqelərini tərk ediblər.

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı müşahidə edilib. İşğalçının idarə edilməsi praktiki olaraq pozulub. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilib.

• Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib. Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən bir taktiki pilotsuz uçuş aparatı məhv edilib.

• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər xəsarət alıb, 2156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşüb.

Baş Prokurorluq Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin son statistikasını açıqlayıb.

• Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin darmadağın olunmasının, həmçinin yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.

• Müdafiə Nazirliyi cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələrinin və döyüş texnikalarının, artilleriya bölmələrinin və komanda məntəqəsinin məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.

Mustafa KAMAL
XQ





Siyasət