Aİ-nin “binokllu diplomatlar”ı haranı və nə üçün monitorinq etdiklərini özləri də bilmirlər
Ermənistanda yerləşdirilən Avropa İttifaqının (Aİ) “mülki” müşahidə missiyasının yaranma şəraiti və məramı barədə dəfələrlə bəhs etmişik. Paradoksallıq ondadır ki, Avropa siyasi texnoloqlarının özləri bu missiyanın funksiyasını nə qədər çox vurğulamağa çalışırlarsa, bir o qədər çox şübhələr yaranır. Əgər missiya həqiqətən də mülki xarakter daşısaydı, onun xarakteri bu qədər vurğulanmaz, öz-özünə anlaşılan normal hal kimi hamı tərəfindən qəbul edilərdi. İntəhası, bu missiyanın adının bunca hallanması müxtəlif suallar və maraqlı assosiasiyalar doğurur.
Məsələn, missiyanın həqiqi məqsədləri və Ermənistandakı fəaliyyəti barədə ciddi suallar var. “Mülki” adlandırılmasına baxmayaraq, missiyanın tərkibində istefada olan hərbi mütəxəssislərin, polis jandarmlarının yer alması heç də sülhə töhfə verəcək dinc fəaliyyətindən xəbər vermir. Bu faktlar o zaman Fransanın dominantlıq etdiyi Aİ-nin regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaq cəhdi kimi qiymətləndirilməlidir.
Aİ-nin Ermənistandakı Monitorinq Missiyası (EUMA) sosial mediada yazı dərc edərək, həyata keçirdiyi fəaliyyətinin nəticəsini məmnun halda “böyük mərhələ” adlandırıb. Hesabatda deyilir ki, Aİ-nin 25 üzv ölkəsindən və Kanadadan olan 200 nümayəndəsi Ermənistanla Azərbaycan arasındakı sərhəddə “gecə-gündüz patrul” xidməti aparmaqla məşğuldir. İlk baxışda bu sözlərin iftixar və pafosla deyildiyi kimi səsləndiyi təsəvvürü yarana bilər. Az qala, Aİ-nin dünyanı yenicə nüvə müharibəsindən xilas etmiş kimi səslənir. Bütün diplomatik incəlikləri bir kənara qoysaq, deməliyik ki, EUMA-nın bu bəyanatı açıq şəkildə kin və təxribat xarakteri daşıyır. Bunun adı siyasi təxribat və rüsvayçılıqdır. Çünki bu missiya Azərbaycanın razılığı olmadan Ermənistan ərazisində yerləşdirilib və bununla da qonşu dövlətin suverenliyinə hörmət tələb edən beynəlxalq hüququn fundamental prinsipləri pozulub. Həm də ona görə təxribat xarakteri daşıyır ki, bu bəyanat Azərbaycanın deklorativ deyil, həqiqi sülhə hazır olduğunu və bu yöndə konkret addımlar atdığı bir vaxtda ortaya çıxıb.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı birmənalı şəkildə bəyan etdi: “Azərbaycan Ermənistana yüklərin tranzitinə işğaldan sonra mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yükü Qazaxıstan taxılının daşınması olub”. Başqa sözlə desək, ölkəmiz təkcə sülhdən danışmır, həm də onun əldə olunması üçün real hərəkətə keçib. Otuz ilə yaxın ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan, yerüstü, yeraltı sərvətləri vəhşicəsinə talan edilən, mədəni irsi dağıdılan Azərbaycan dövləti öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən dərhal sonra məğlub Ermənistana özünün sülh gündəmini təqdim etdi. Bu zaman Bakı dünyanın aparıcı güclərinin, o cümlədən hazırda fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin tutduqları ermənipərəst mövqeyə baxmayaraq, bu addımı atdı. Yeri gəlmişkən, həmin həmsədr ölkələrdən biri də üç ilə yaxındır Ermənistanda “binokllu diplomatları” yerləşdirən Fransa idi. Bəli, düçar edildiyi məhrumiyyətlərə, yaşadığı ağrılara və ədalətsizliyə baxmayaraq, Azərbaycan sülhün bərqərar olmasına sadiqliyini nümayiş etdirdi və bu gün Ermənistana yüklərin daşınması üçün dəhliz açdı. Bu fonda EUMA-nın “mülki” sərhəd patrulları ilə bağlı “qürurlu” bəyanatı nəinki tamamilə yersiz səslənir, həm də ikiüzlü və təhlükəli görünür. Çünki belə bəyanatlar regionda gərginliyin hələ də davam etdiyi, xarici müdaxilənin tələb olunduğu illüziyasını yaradır. Əlbəttə, bütün bunlar sırf manipulyasiyadır, məqsəd də kifayət qədər şəffafdır: Avropa Cənubi Qafqazın gündəminə nəzarəti öz əlində saxlamaq, özünü “sabitliyin təminatçısı” kimi göstərmək istəyir. Baxmayaraq ki, faktiki olaraq bölgədə sabitliyi pozan məhz onun müdaxiləsidir.
Bir daha xatırlatmaq istərdik ki, EUMA Azərbaycanın razılığı olmadan Ermənistanla ikitərəfli saziş əsasında fəaliyyət göstərir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, yuxarıda qeyd edildiyi kimi, bu, ümumi qəbul edilmiş mənada müşahidəçi missiyası mandat statusuna malik olmayan birtərəfli təşəbbüsdür. Amma onun “regionda sülhün xilaskarı” kimi görünən nümayəndələri Azərbaycan sərhədində gəzir, durbinlə qonşu dövlətlərin ərazilərini seyr edirlər. Məhz bu amil kifayət qədər məntiqli suallar doğurur: “Bu gün sərhəddə sakitliyin hökm sürdüyünü İrəvan belə etiraf edirsə, Aİ missiyası Ermənistanı kimdən və necə “qorumağı” planlaşdırır?” “Doğma torpağında becərdiyi məhsulunu biçməyə çıxan azərbaycanlı fermerdən, yoxsa suveren Azərbaycan Respublikasının dövlət sərhədini qoruyan Azərbaycan sərhədçisindən?”
* * *
“Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan sərhədində fəaliyyətini davam etdirir”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu ilin yanvar ayında mətbuat konfransında demişdi. Onun sözlərinə görə, missiya iki ölkə arasında sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək. Amma yanvardan altı ay sonra avqust gəldi və Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı. Yəni tərəflərin daha nə “sülhyaradan vasitəçilərə”, nə də “sərhəddə insidentlərin qarşısını almağı” planlaşdıran mülki missiyalara ehtiyacı var. Əgər Aİ-nin “binokllu diplomatları” həqiqətən də müşahidə missiyasını həyata keçirmək istəyirlərsə, niyə münaqişənin davam etdiyi Rusiya–Ukrayna sərhədinə, məsələn, Xarkov və Belqorod vilayətləri arasında yerləşmirlər? Orada onlar qaynar cəbhə xəttini, əsl müharibəni və “gecə patrulları”nın risklərini tez bir zamanda hiss edəcəklər.
Bir daha reallığı əks etdirən əlahəzrət faktı xatırladaq: Azərbaycan Ermənistan üçün yük tranzitini açıb, heç bir hədə-qorxu gəlmir, rabitəni və nəqliyyatın qarşısını kəsmir. Əksinə, iqtisadi əməkdaşlıq imkanları yaradır ki, bu da özlüyündə siyasi yetkinliyin, məsuliyyətin, ən başlıcası isə sülh istəyinin sübutudur. Avropanın, nəhayət, bu mövqeyinin səmimiliyinə inanması üçün Azərbaycan başqa hansı addımları atılmalıdır? Bəlkə öz sərhədlərinin açarlarını EUMA-nın patrullarına təhvil verməlidir?
Bu məqamda xatırladılması zəruri sayılan bir məqam var: Bakı artıq bütün dünyaya sülhə xələl gətirən üçtərəfli, çoxtərəfli formatların mənasızlığını sübut edib. Təxminən otuz il ərzində ATƏT-in Minsk qrupu regionu illüziyalarla qidalandırdı. Həmsədrlər gəldilər, tərəflərlə görüşdülər, hesabat-protokollarını yazdılar, bəyanatlarını verdilər və çıxıb getdilər. Amma sonda bölgəyə sülhü gətirən Avropanın kreslo diplomatları deyil, Azərbaycanın “Dəmir yumruğu” oldu.
İndi unudulmaq uçurumunda olan Minsk qrupunun aqibətinin EUMA üçün də görk olacağına inanmaq istərdik. Bu missiyanın mövcudluğunun heç bir fayda gətirmədiyini Bakı kimi İrəvan da yaxşı anlayır. Əksinə, missiyanın sərhəd zolağında qalması həqiqi sülhə yalnız ziyan vurur, etimad mühitini zədələyir. Avropanın barmağını Cənubi Qafqazın nəbzində saxlamağa hesablanmış bu siyasi təzyiq alətinin aradan qaldırılmasının, missionerlərin çamadanlarını toplamalarının vədəsi yetişib. Bu gün Azərbaycanın Ermənistandan bu missiyanın fəaliyyətini dayandırmasını tələb eməyə tam haqqı çatır.
Əgər İrəvan həqiqətən Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin müddəalarına, yəni sülhə sadiqdirsə, nəqliyyat və iqtisadi əlaqələri inkişaf etdirmək istəyirsə, qarşılıqılı etimadın yaradılmasında maraqlıdırsa, o zaman şərti sərhədə Brüsseldən göndərilən “durbinli diplomatlara”, şübhəli təlimatları yerinə yetirən “mülki” müşahidəçilərə “Çamadanlarınızı hazırlayın!” deməyi bacarmalıdır.
İ.HƏSƏNQALA
XQ