Türk dünyasında elmin perspektivləri: AMEA-nın yeniləşmə kursu kontekstində

post-img

IV MƏQALƏ

Rəqəmsallaşmanın elm və təhsilə təsiri

Məsələnin bu cür qoyuluşu göründüyü kimi sadə və bəsit həll edilə bilən deyildir. Çünki söhbət cəmiyyət və dövlətin mövcudluğu ilə yanaşı, təkamülünün fundamental özəlliklərindən gedir. Artıq elmi camiyə rəqəmsallaşma və süni intellektin təhsillə elmin mahiyyətinə nüfuz etdiyini təhlil edir. Bunun mümkün sosial, hüquqi, təfəkkür və bütövlükdə insan kimliyi kontekstlərində düşünülməsi belə həyəcanlandırıcıdır. İnsan şüurlu varlıq kimi tamamilə dəyişə bilər ki, bu zaman variantlardan biri də toplumun və dövlətçiliyin özünəməxsusluğunun yox olması ola bilər. Buradan hər bir ölkədə elmi fəaliyyətin yaradıcılıq və institutlaşma kontekstində təşkilinin nə dərəcədə əhəmiyyətli olduğu aydınlaşır. Qısa müqayisə aparaq.

Müstəqil dövlət elə elmi yaradıcılıq və fəaliyyət (institutlaşma anlamında) istiqaməti seçə bilər ki, sürətlə texnoloji-praktiki uğura çatar, ancaq cəmiyyətin mənəvi-mədəni və sosial-psixoloji identikliyini (kimliyini, özünütəsdiq sərhədlərini) itirə bilər. Bu inkişafdır yoxsa deqradasiya? Fəlsəfi tədqiqi gərəkdir.

Başqa bir ssenaridə isə ön sıraya cəmiyyətin mənəviyyatı, əxlaqı, sosial-psixoloji, tarixi və dövləti xüsusiyyətləri kimi faktorlar çıxarıla bilər. Bu halda, elmi inkişafın sərhədlərini necə müəyyən etmək olar? Hansı faktorlar və kriteriyalar bu yanaşmada səmərəli olar? Bu suallara da cavab axtarışları zəruridir.

Ancaq söhbət konkret zaman çərçivəsində praktiki tətbiqi zərurət olan strateji fəaliyyət məqamlarını da ehtiva edən kursların hazırlanmasından gedəndə, bütövlükdə situasiya dəyişir. Çox əsaslı və məharətlə təməl prinsiplər müəyyən edilməli və elmi fəaliyyətin çərçivəsi elə müəyyənləşməlidir ki, dövlət, cəmiyyət və fərdin inkişafı təmin olunsun. Burada AMEA-nın vurğuladığımız ilk üç prioritet istiqamətlərinin başqa çox əhəmiyyətli funksiyası üzərində dayanmaq lazımdır.

Bu baxış bucağında hansı səbəblərdən elmi təşkilat rəhbərliyinin rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik kimi dəbdə olan məsələləri birinci və ya ikinci deyil, məhz üçüncü sıraya çəkmişdir. Həm də bu vacib elmi inkişaf xəttini Prezident İlham Əliyevin strateji inkişaf kursu çərçivəsində Azərbaycançılıq və Türk Dövlətləri Təşkilatında (TDT) elmi tərəqqi məsələlərindən dərhal sonra təqdim etmişdir. Bu məqamın fəlsəfəsi nədən ibarətdir?

Dövlətçilik “sahəsi”ndə kəsişmə “zonası”

Bu mövzuda öncəki məqalələrimizdən aydın görünür ki, AMEA üçün yeniləşmənin əsas istiqaməti Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu ilə bağlıdır. Bu bağlılıqda AMEA azərbaycançılıq məfkurəsini əhatəli tədqiq etməklə bütövlükdə ölkə elmi camiyəsində Azərbaycanşünaslığın mərkəzi (yəni aparıcı, əsas, istiqamətverici təşkilat) olmağı hədəfləmişdir.

Bu yanaşmanın fəlsəfəsinin nüvəsini ölkənin baş elmi təşkilatının sosio humanitar elmlər üzrə (yaradıcılıq və elmi fəaliyyətin təşkilinin sintezində) fəaliyyətinin bütün hallarda Azərbaycançılığın ideya, məfkurə və hədəf kimi idrakı və dövləti “hüdudlarından” kənara çıxmayacağı təşkil edir. Təkrar vurğulamaq istərdik: bu, ideoloji çərçivə deyil, Azərbaycan aliminin və elmin insitutlaşması ruhunun rasional, məntiqi, tam elmyüklü dərketmə və institutlaşma ontologiyasıdır (söhbət sosio humanitar elmlərdən gedir). Bu sərhəddən kənara çıxan ən yaxşı ideya belə, sual yarada bilər və qeyri-adekvat hesab oluna bilər.

Bu Ana Magistral Elm Yolunun strateji hədəfi də dəqiq müəyyən edilmişdir: Azərbaycanşünaslıq tariximizdə ilk dəfə olaraq ideoloji təməldən ayrılıb, dövlətçilik naminə elmi dərketmə müstəvisində ön sıraya çıxarılır. Bu anlamda Azərbaycanşünas olmaq siyasi-coğrafi sərhədlər daxilində “idrakı funksionallıq” hüdudlarında var-gəl etmək demək deyildir. Həmin xəyali sərhəddən kənara çıxmamaq kimi yaradıcılıq qarşısına sərhəd qoymaq demək deyil.

Əksinə, elmi yaradıcılığı və institusional formalaşmanı daim inkişaf etdirmək, təkmilləşdirmək yolu ilə müasir sosio mədəni elmin yüksək üfüqlərinə can atmaqdır. Bu zaman, anlamaq və unutmamaqdır ki, elm müstəqil güclü dövlətçilik fonunda Azərbaycançılıq, Azərbaycanşünaslıq “qiyafəsi”ndə alimliklə məfkurəçiliyi sintez etməlidir.

Burada ideyadan nəzəri təlimə (konsepsiyaya, nəzəriyyəyə) əhəmiyyətli transformasiya əsasında məfkurəçiliyin ontologiyasına keçid məqamı mövcuddur. Bununla azərbaycançılıq-azərbaycanşünaslıq-məfkurəçilik “məntiqi-rasional” idraki xəttində elmi yaradıcılıqda biliyin alınması ilə onun dövlətçilik aspektində konseptuallaşmasının “elmi ontolojiləşməsi”nin təməli qoyulur. Müasir elmi idrakımız üçün strateji mahiyyətli tarixi hadisədir.

Yeniləşmə kursunun ilk iki müddəasının fəlsəfi mahiyyətinin mühüm bir cəhəti isə üçüncü prioritetin məzmunu fonunda aydın görünür.

Elmi vizyonun genişlənməsi

Birinci prioritet istiqamətin idraki “hüdudu” maraqlı tərzdə ikinci istiqamət vasitəsilə genişlənmişdir. Burada əhəmiyyətli cəhət ondan ibarətdir ki, AMEA rəhbərliyi bu idraki genişlənməni də dövlətçilik strategiyası çərçivəsində həyata keçirməyi bacarmışdır. Belə ki, elmi yaradıcılığın nəzəri-konseptual və metodoloji əhatəlilik miqyasının Türk dünyası kontekstində genişlənməsi, birinci prioritet istiqamətdəki Azərbaycançılıq və Azərbaycanşünaslığın idrakı və ruhani hüdudları üzərində həyata keçirilir.

Belə ki, TDT miqyasında da Azərbaycançılıq məqamı mərkəzi yer tutur. Çünki eyni səviyyə və ortaq məqsəddə olduğu türkiyəçilik, qazaxıstanlılıq, özbəkistançılıq, qırğızıstançılıq və digərləri ilə ziddiyyət təşkil etmir. Əksinə, onlarla sinerjidə Türk dünyasında elmi tədqiqatları və elmi fəaliyyətin təşkilini ən müasir səviyyəyə yüksəltmək üçün imkanlar yaradır.

Buna görə də ikinci istiqamət kimi akademiyada da Türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsini, bu sahədə konkret proqramların hazırlanıb həyata keçirilməsini ehtiva etməsi nəzəri-metodoloji özəlliklərin geosiyasi aspektdə yaradıcı fəaliyyətə transformasiyanın maraqlı nümunəsidir. Bununla AMEA yeniləşməsi kursunun yaradıcı və təşkiledici sferalarında birinci istiqamətin ümumi çətiri altında ikinci “müdafiə-sərhəd” xətti qurulmuş olur. Bunun dövlətçilik və elm üçün faydası nədir?

Mənəviyyatsızlaşma riskinin sıfırlanması

Əlbəttə, müasir yüksək texnologiyalar və yeni sosial memlər (kodlar, obrazlar) olmadan davamlı tərəqqidən danışmaq mücərrəd işdir. Rəqəmsallaşma, süni intellektin tətbiqi və kibertəhlükəsizlik məsələsi bu sırada aparıcı rol oynayırlar. Deməli, AMEA üçün üçüncü prioritetin bu kimi ən müasir elmi yeniliklər kontekstində müəyyən edilməsi tamamilə zəruri və rasionaldır.

Burada üçüncü prioritetin ilk iki prioritet istiqamət fonunda koqnitiv və motivəedici funksiyası xüsusi məna daşıyır. Belə ki, yüksək elmi-texnoloji trend bütün hallarda həm elmi yaradıcılığın, həm də AMEA-nın yeniləşmə miqyasının iki prioritetin müəyyən etdiyi sərhədlərdən kənara çıxması riskini sıfırlayır. Bütün hallarda güclü dövlət quruculuğu strategiyası və Azərbaycançılıq şərtləri əsas götürülür. Üstəlik, Türk dünyası miqyasında dövlətlərin birliyi və məfkurəvi tərəqqi sərhədi aşılmamalıdır. Deməli, AMEA faktiki olaraq elmi yaradıcılıq və elmi fəaliyyətin həm milli, həm də ümumtürk miqyaslarında yeni tələblərə uyğun təşkili modelini hazırlamışdır.

Burada vurğulanan üç prioritet elmi yaradıcılıq və fəaliyyətin təşkili kontekstlərində tam olaraq bir-birini tamamlayır. Üçüncü prioritetin cəmiyyəti mənəviyyatsızlaşdırmaq riskini ilk iki prioritet konkret kriteriyalar üzrə minimuma endirir.

Onu vurğulayaq ki, toplumsal tərəqqi ilə mənəvi-əxlaqi və digər dəyərlərin inkişafı vacib fəlsəfi-elmi problem kimi bütün dünya dövlətləri qarşısında durur. Bu əsasda sinergetiklər “NBİKS texnologiyalar”ın fəlsəfəsi məsələsini çox aktuallaşdırmışlar. NBİKS - nano-, bio-, info-, koqnitiv (nəzəri idraki)-, sosio- texnologiyaların vəhdətini ifadə edir. Buraya sonuncu “sosio”nun əlavə edilməsi məhz cəmiyyətin mümkün mənəviyyatsızlaşması riskini aradan qaldırmaq üçündür.

Bizim üçün əhəmiyyətli olan məqam ondan ibarətdir ki, AMEA Türk dünyasında məsələni bu cür geniş əhatədə və harmoniyada qaldıraraq, onu konseptullaşdıran, nəzəri ilə praktiki-tətbiqi aspektləri vahid ziddiyyətsiz struktur-funksional formaya salan ilk elmi təşkilatdır!

Yekun qənaət

Türk dünyasında elmin perspektivləri konseptual və sistemli yanaşma tələb edən problemdir. Bizcə, bu, hər şeydən öncə, iki səbəbə görə problemdir. Birincisi, elm Türk dünyası üçün strateji mahiyyət kəsb edən sahədir və nə qədər ki, bu dünya var həmin vəzifə də qarşıda dayanacaqdır. Yəni həlli kəsilməz prosesdir. İkincisi, hər tarixi mərhələdə bu problemin uğurlu həlli uyğun konsepsiya nümunəsi hazırlamağı tələb edir. Çünki həm elmdaxili məntiqi özəllik, həm də geniş miqyasda geosiyasi dinamika daim yenilənir. Deməli, buna uyğun da konsepsiyalar hazırlanmalıdır ki, real şərtlər daxilində konkret fəaliyyət göstərməyin “elmi kompası” türklərdə olsun. İndiki mərhələdə elm bəşəriyyət üçün o dərəcədə əhəmiyyətli olmuşdur ki, faktiki olaraq bütün kosmosa insan elmi-texnoloji “eynəkdən” baxır. Hazırda alimlər “kosmotexnisizm”dən bəhs edir, inkişafı bu kriteriya prizmasında qiymətləndirir.

Hətta bir sıra tədqiqatlarda bütövlükdə bəşəriyyətin Böyük Antropoloji Keçid edəcəyini proqrnozlaşdırırlar. Yəni süni intellekt, yeni yüksək texnologiyalar insanın özünün mahiyyətini, psixologiyasını, yaşam fəlsəfəsini, dünyagörüşünü, sosial-mədəni həyatını kökündən dəyişə bilər. Bu Böyük Keçidi “sinqulyarlıq”, yəni tamamilə yeni keyfiyyət səviyyəsinə yüksəliş adlandırırlar. Bu o deməkdir ki, sinqulyar nöqtədə və ya zonada ona qədər olan heç bir fəlsəfi və elmi krtiteriya yaranmış vəziyyəti adekvat dərk etməyə yetərli olmayacaq.

Bu fikirlərin işığında AMEA-nın yeniləşmə kursu, 2030-cu ilə qədər olan strateji inkişaf konsepsiyası və 2025-2030-cu illər üçün elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsi ən azı dörd mühüm məsələni aktuallaşdırır və predmetik reallaşma kontekstində gündəmə gətirir.

Birincisi, AMEA milli miqyasda elmin davamlı (qalıcı) tərəqqisinin dövlət quruculuğu strategiyası çərçivəsində əsas parametrlərini müəyyənləşdirir.

İkincisi, ölkənin digər təşkilatlarını analoji addımlar atmağa dəvət edir.

Üçüncüsü, bu prosesi Türk dünyası səviyyəsinə genişləndirməyin nəzəri, konseptual və predmetik-tətbiqi şərtlərini formalaşdırır.

Dördüncüsü, hər bir türk dövlətinin elmi təşkilatının bütövlükdə elmi fəaliyyətə daha faydalı ola bilməsi üçün qiymətləndirmə modeli təklif edir.

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət