Yaxın Şərq böhranı dünyaya ağrı yaşadır

post-img

Qardaş Türkiyə yenidən hədəfə alınıb

Yaxın Şərqdə cərəyan edən hadisələr dünya mediasının diqqət mərkəzindədir. Bu dəfə də nüfuzlu informasiya mənbələrinə istinad etməklə martın 13-də ABŞ/İsrail–İran hərbi qarşıdurmasında müşahidə olunan son hadisələri və ona beynəlxalq reaksiyanı oxucuların diqqətinə çatdırırıq.

“Times of Israel”: İsrailin Baş naziri Benyamin Netanyahu regionda genişlənən qarşıdurma fonunda ilk dəfə mətbuat konfransı keçirib. İranda rejim dəyişikliyi ehtimalına toxunan Netanyahu bildirib: “Biz bunun üçün ən uyğun şəraiti yaradacağıq. Dünən etdiyimiz kimi, bu gün də hava zərbələri endiririk ki, İran xalqına küçələrə çıxmaq üçün lazım olan imkan yaradılsın”. Baş nazir, həmçinin İsrailin hücumları nəticəsində İranın bir neçə nüvə aliminin həlak olduğunu vurğulayıb. O, İran üçün "azadlığa aparan yeni bir yolun yaxınlaşdığını" və ölkənin gələcəyinin vətəndaşlarından asılı olduğunu bildirib.

“Fox News”: ABŞ lideri Donald Tramp “Fox News”-a müsahibəsində bildirib ki, İkinci Dünya müharibəsindən bəri heç bir ölkə İran qədər hücuma məruz qalmayıb: “Biz onların raketlərinin əksəriyyətini, bir çox dronlarını, raket və dron istehsalı müəssisələrini məhv etdik. Biz onları İkinci Dünya müharibəsindən bəri heç kimin yaşamadığı bir güclə vururuq”.

“Oman News Agency”: Omanın Sohar vilayətində pilotsuz uçuş aparatının düşməsi nəticəsində iki nəfər həlak olub. Bundan əlavə, bir neçə nəfər yaralanıb. Mənbənin məlumatına görə, PUA Əl-Əvahi sənaye rayonuna düşüb. Həlak olanlar xarici vətəndaşlar olub. Daha bir pilotsuz uçuş aparatı da Sohar vilayətində vurulub.

“CNN”: ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyat zamanı istifadə etdiyi “KC-135” göydə yanacaqdolduran təyyarənin İraqın hava məkanında qəzaya uğradığını açıqlayıb. Bildirilib ki, Mərkəzi Komandanlıq KC-135 təyyarəsinin itkisindən xəbərdardır: “Hadisə “Epik Qəzəb” əməliyyatı zamanı İraqın hava məkanında baş verib və xilasetmə işlərinə iki təyyarə cəlb olunub. Təyyarələrdən biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz yerə eniş edib”.

“Haber Global”: Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada İrana qarşı yeni təhdidlər səsləndirib. İranın donanmasının və hava qüvvələrinin məhv edildiyini iddia edən ABŞ lideri Tehranın əlində olan raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və digər vasitələrin məhv edilməsinin davam etdirildiyini bildirib: “Misli görünməmiş silah gücümüz, limitsiz sursatımız və kifayət qədər vaxtımız var. Bu gün bu ağılsız murdarların başına nələrin gələcəyini izləyin”. İranın 47 ildir bütün dünyada günahsız insanları öldürdüyünü iddia edən Tramp bildirib ki, “indi onları öldürənin özü olduğunu düşünür və bundan böyük qürur duyur”.

“Israel Defence Forces”: İsrail Tehran, Şiraz və Əhvazdakı bir sıra hərbi obyektlərə, o cümlədən ballistik raket istehsalı və saxlanması üzrə yeraltı anbara bir neçə dəfə aviazərbələr endirib. Məlumata görə, Şirazdakı yeraltı obyekt İran tərəfindən İsrailə doğru atılması nəzərdə tutulan ballistik raketlərin istehsalı və saxlanması üçün istifadə edilib. İsrail hərbçiləri Tehranda İranın HHM sisteminə məxsus bir neçə obyektə, o cümlədən əsas bazaya, eləcə də İranın müxtəlif silahların, o cümlədən HHM sistemləri və ballistik raket komponentlərinin istehsalı üçün istifadə etdiyi obyektlərə zərbələr endirib.

“Mehr”: Tehranda “Müqəddəs Qüds” günü yürüşünün keçirildiyi ərazidə partlayış baş verib. Həmin vaxt Tehran sakinləri şəhərin əsas küçələrində toplaşaraq İran bayraqları ilə Tehran Universiteti istiqamətində yürüş keçiriblər. Bildirilib ki, İsrail ordusu Tehranda insanların etiraz aksiyası üçün toplandığı əraziyə təxliyə xəbərdarlığı edib.

“WANA News Agency”: ABŞ və İsrailin İran ərazisinə hücumları nəticəsində 24,5 mindən çox mülki obyekt, o cümlədən 19,77 min yaşayış binası zədələnib. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Hüseyn Kolivand bildirib. Onun sözlərinə görə, 4,5 mindən çox ticarət obyektinə ziyan dəyib. O, sözlərinə əlavə edib ki, hücumlar nəticəsində 154 nəfər həlak olub, 195 müəllim və şagird yaralanıb, 69 məktəb isə zədələnib.

“Türkiyə Milli Müdafiə Nazirliyi”: İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib. Məlumatda bildirilib ki, İrandan Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib: “Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir”.

“Reuters”: Prezident Donald Tramp bildirib ki, zərurət yaranarsa, ABŞ gəmilərin Hörmüz boğazından keçidini müşayiət edəcək. Neft tankerələrinin strateji əhəmiyyət daşıyan boğazdan keçməsinə yardım edib-etməyəcəyi barədə suala cavab verən Tramp deyib: “Əgər lazım olsa, bunu edərik. Amma ümid edirəm ki, hər şey yaxşı gedəcək. Görək nə baş verəcək”. O, əlavə detalları açıqlamayıb. ABŞ lideri, eyni zamanda, İrana ağır zərbələr endirməyə davam edəcəyini vurğulayıb.

Beynəlxalq medianın yayımladığı xəbərlərdən göründüyü kimi, tərəflər qarşıdurmanı hələlik dayandırmaq niyyətində deyil. Mövcud vəziyyət göstərir ki, gərginlik yaxın günlərdə səngiməkdən daha çox, yeni mərhələyə keçmək ehtimalı ilə xarakterizə olunur. Hələlik hadisələrin sonrakı inkişafı qeyri-müəyyən olaraq qalır.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Siyasət