Ermənistanda seçkiyə xarici müdaxilə

post-img

80 min saxta seçici “idxal”ı nəyə xidmət edir?

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca, iqtidar və müxalifət arasında qarşılıqlı ittihamlar kəskinləşir. Bu gərgin siyasi mübarizənin mərkəzində xarici müdaxilə ehtimalı da var.

Bununla bağlı Ermənistanın “Müstəqil müşahidəçi” alyansının nümayəndəsi Daniel İonnisyan bildirib ki, təşkilatın əldə etdiyi məlumatlar Moskvanın hakimiyyət dəyişikliyinə nail olmaq üçün xüsusi planlar hazırladığını göstərir. İonnisyanın qənaətinə görə, bu strateji ssenarinin tərkib hissəsi Rusiyada fəaliyyət göstərən erməni əsilli iş adamlarının seçki prosesinə maliyyə və təşkilati cəhətdən cəlb edilməsidir. İddia olunur ki, həmin sahibkarlara müxtəlif vasitələrlə təzyiq göstərilərək, onlardan seçicilərin səfərbər olunmasında fəal iştirak etmələri və müəyyən siyasi qüvvələri dəstəkləmələri tələb olunur.

Müzakirə edilən səs-küylü və genişmiqyaslı ssenarilərdən biri də Rusiyada yaşayan on minlərlə erməni əsilli şəxsin seçkilər ərəfəsində mütəşəkkil şəkildə Ermənistana gətirilməsidir. Alyansın məlumatına əsasən, təxminən 80 min nəfərin ölkəyə daşınması və səsvermədə iştirakını stimullaşdırmaq məqsədilə hər birinə 100 min rubl məbləğində ödənişin təklif edilməsi ehtimalı nəzərdən keçirilir. Bu şəxslərin, əsasən, Rusiyanın cənub regionlarından, xüsusilə Krasnodar diyarından yerüstü nəqliyyat vasitələri ilə gətirilməsi planlaşdırılır. Ekspertlər hesab edir ki, belə kütləvi daşınma seçkilərin legitimliyinə kölgə salacaq ciddi amildir.

Maraqlıdır ki bu ağır ittihamlar təkcə vətəndaş cəmiyyəti nümayəndələrinin bəyanatları ilə məhdudlaşmır, həm də dövlət səviyyəsində təsdiqini tapır. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (XKX) son açıqlamasına görə, adı çəkilməyən bir ölkədə (beynəlxalq müşahidəçilər bunun Rusiya olduğunu ehtimal edir) erməni mənşəli iş adamlarına və vətəndaşlara ciddi təzyiqlər göstərilir. İddia olunur ki, özlərini yerli xüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər sahibkarları müəyyən siyasi qüvvələri dəstəkləməyə məcbur edirlər. Bu təzyiq mexanizminə, həmçinin diaspor rəhbərləri və kriminal avtoritetlərin də cəlb olunduğu, sahibkarların hədə-qorxu ilə müəyyən siyasi qütblərə tərəf çəkilməyə çalışıldığı qeyd olunur.

Bu iddialar daxili siyasi mühitdə geniş rezonans doğuraraq artıq hüquqi müstəviyə keçib. Ermənistanın İstintaq Komitəsi XKX-dən daxil olan materiallar əsasında cinayət işi başladığını elan edib. Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi – seçki hüququnun maddi şəkildə stimullaşdırılması, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və maddi asılılıqdan istifadə etməklə səsverməyə məcburetmə bəndləri üzrə açılıb. İstintaq çərçivəsində iri sahibkarların, diaspor rəhbərlərinin və kriminal qrupların proseslərdəki iştirakı araşdırılır. Qurumdan bildirilib ki, cinayət məsuliyyətinin qaçılmazlığı prinsipinin təmin olunması üçün bütün zəruri istintaq və prosessual tədbirlər həyata keçirilir.

Məsələnin beynəlxalq miqyası da sürətlə genişlənir. Rəsmi İrəvan hibrid təhdidlərlə mübarizə üçün Avropa İttifaqından (Aİ) təcili ekspert dəstəyi istəyib. Brüsselin ölkəyə 20 nəfərlik texniki missiya göndərməsi və dezinformasiyaya qarşı 12 milyon avro vəsait ayıracağı planlaşdırılır. Avropalı tərəfdaşların bu yardımı fonunda Ermənistandakı seçkilər Qərb və Rusiya arasındakı nüfuz müharibəsinin növbəti sınaq nöqtəsi kimi qiymətləndirilir.

Beləliklə, iyunun 7-nə təyin olunan parlament seçkiləri təkcə hakimiyyət uğrunda yarış deyil, həm də ölkənin geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından həlledicidir. Baş nazir Nikol Paşinyanın komandası Qərblə əməkdaşlığı prioritet kimi təqdim edir, müxalifətin bir hissəsi isə Moskva ilə sıx münasibətləri müdafiə edir. Ermənistan cəmiyyətindəki sosial narazılıq və müharibədən sonrakı təhlükəsizlik narahatlıqları bu seçki kampaniyasını daha populist və emosional edir.

Region baxımından isə Ermənistanın daxili siyasi sabitliyi xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıq fonunda Bakı və İrəvan arasında sülh gündəliyi hələ tam başa çatmayıb. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması kimi məsələlər gündəmdə qalmaqdadır.

Bu baxımdan, Ermənistanda seçki kampaniyasının xarici müdaxilə iddiaları və daxili siyasi manipulyasiyalar fonunda keçməsi region üçün əlavə risklər yarada bilər. Seçki öncəsi siyasi rəqabət fonunda bəzi qüvvələrin revanşist və ya radikal ritorikaya müraciət etməsi ehtimalı da istisna deyil. Bu isə regionda sülh prosesinin siyasi alətə çevrilməsi riskini artırır.

Seçki prosesindəki yeniliklərə gəlincə, qeyd edək ki, 2021-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklər bu il ilk dəfə tətbiq olunacaq. Xüsusilə, partiyalar üçün seçki limiti 5 faizdən 4 faizə endirilib. Bloklar üçün isə limit 7 faizdən 8 faizə, blokun üçdən çox üzvü varsa, 10 faizə qaldırılıb. Partiyalar üçün tələb olunan depozit məbləği 10 milyondan 7,5 milyon drama (təxminən 19 min dollar) endirilsə də, bloklar üçün bu rəqəm 15 milyon dram (39 min dollar) səviyyəsində saxlanılıb. Koalisiya üzvlərinin sayına qoyulan məhdudiyyət aradan qaldırılıb və mandat bölgüsü proseduru dəyişdirilib. Yeni qaydalara görə, qalib gələn partiya səslərin üçdə ikisindən az, lakin mandatların üçdə ikisindən çoxunu alsa, onların “artıq” mandatları həddi keçməyən digər siyasi qüvvələr arasında bölüşdürüləcək. Bu dəyişikliklər parlamentdə daha çox rəngarəngliyin təmin olunmasına hesablanıb.

Politoloq Elməddin Behbudun fikrincə, Ermənistandakı vəziyyətə geniş geosiyasi çərçivədə yanaşmaq vacibdir: “Xarici müdaxilə iddiaları Ermənistanın dəyişən xarici siyasi kursunun nəticəsidir. Moskva regionda təsir imkanlarının zəifləməsini strateji risk kimi görür. Seçkilər ərəfəsində “xarici müdaxilə” mövzusunun gündəmə gətirilməsi həm də daxili siyasi mübarizənin elementidir. Bu mövzu hakimiyyət üçün elektoratı səfərbər etmək və Qərb tərəfdaşlarının siyasi dəstəyini gücləndirmək vasitəsinə çevrilir. Eyni zamanda, müxalifətin bir hissəsinin Rusiya ilə yaxın siyasi xətti müdafiə etməsi seçki kampaniyasını geosiyasi seçim müstəvisinə çıxarır”.

Politoloq vurğuladı ki, bu vəziyyət Ermənistanın daxili sabitliyi üçün əlavə risklər yaradır: “Seçki prosesində radikal və revanşist ritorikanın güclənməsi regiondakı sülh gündəliyinə də təsirsiz ötüşmür. Ermənistanın daxili siyasi sabitliyi Azərbaycanla münasibətlərin normallaşması və regionda uzunmüddətli sülh gündəliyi ilə birbaşa bağlıdır.

Azərbaycan baxımından əsas məsələ, Ermənistanın daxili siyasi mübarizəsinin regionda revanşist ritorikanın güclənməsinə gətirib çıxarmamasıdır. Bakı üçün prioritet məsələ imzalanması gözlənilən sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılmasıdır. Ermənistanda seçki prosesinin xarici təsir və daxili siyasi manipulyasiya fonunda keçməsi isə bu prosesləri ləngidə və ya siyasi alətə çevirə bilər”.

Beləliklə, Ermənistanın qarşıdan gələn parlament seçkiləri özündə təkcə daxili siyasi yarışı deyil, həm də böyük geosiyasi qarşıdurmanın elementlərini ehtiva edir. Rusiyanın təsiri, Avropa İttifaqının artan iştirakı və regiondakı yeni siyasi balans axtarışları fonunda bu seçkilər Cənubi Qafqazın gələcək siyasi arxitekturasına birbaşa təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilməlidir. Seçkilərin hansı nəticə ilə başa çatmasından asılı olmayaraq, Ermənistanın daxili sabitliyi artıq bütün regionun təhlükəsizlik gündəliyinin vacib elementinə çevrilib.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət