Dünya hazırda mürəkkəb və çoxşaxəli problemlərlə üz-üzədir. Müxtəlif regionlarda baş verən etnik münaqişələr, humanitar böhranlar, siyasi qarşıdurmalar və beynəlxalq münasibətlərdə ədalətsiz yanaşmalar qlobal sabitliyi sarsıdır. Bu problemlər dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsini vacib edir.
Dialoq, qarşılıqlı hörmət və birgə fəaliyyət dünya miqyasında sülh və təhlükəsizliyin təmin olunmasının əsas vasitələrindəndir. Azərbaycan son illərdə beynəlxalq səviyyədə qlobal problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib. Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dövlətləri, siyasətçiləri, ekspertləri və ictimai xadimləri bir araya gətirir. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu dünya siyasətçilərini və ekspertlərini bir araya gətirərək qlobal çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. XIII Qlobal Bakı Forumunda müzakirə mövzusu keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması idi. Forum və panel sessiyalar mövcud ziddiyyətlərin və problemlərin həlli yollarının müzakirəsi üçün geniş imkan yaratdı.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev regionun inkişafından, sülhün möhkəmləndirilməsindən, iqtisadi əməkdaşlığın genişləndirilməsindən və qlobal problemlərin həllinə Azərbaycanın verdiyi töhfələrdən danışdı.
Ölkəmizin başçısı açıq şəkildə bildirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Bu baxımdan regional təhlükəsizlik Azərbaycan üçün həmişə birinci yerdə olub. Prezident qeyd etdi ki, Azərbaycan ədalətsiz yanaşmalara məruz qaldı. Qarabağ işğalının həllini öz üzərinə götürmüş Minsk qrupunun 28 illik fəaliyyəti nəticə etibarilə uğursuz oldu. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki tərəfə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Azərbaycan isə ikitərəfli formatda, üçüncü tərəf olmadan sülhə nail oldu. Prezident enerji təhlükəsizliyi mövzusuna toxunaraq bildirdi ki, neft və qaz qiymətlərinin kəskin dalğalanması yalnız istehlakçılar üçün deyil, istehsalçı və ixracatçı ölkələr üçün də problemlər yaradır. Yüksək qiymət neft istehsalçıları üçün faydalı görünə bilər, amma suveren fondlara investisiya qoyan ölkələr üçün birjaların çöküşü ciddi itkilərə səbəb olur. Bu səbəbdən Azərbaycan OPEC+ formatında məsuliyyətli üzv kimi tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarıdır. Ölkəmiz ortaq həllərin tapılmasına böyük səylər göstərmiş və bu fəaliyyət yüksək qiymətləndirilmişdir. Bundan başqa, panel iclaslarda da Qlobal Bakı Forumu ciddi məsələlərin müzakirəsi ilə davam etdi. Sessiyalarda beynəlxalq əməkdaşlıq, regional təhlükəsizlik, enerji sabitliyi və qlobal iqtisadi proseslərin tənzimlənməsi kimi aktual mövzular ətraflı şəkildə araşdırılaraq problemlərin həlli yolları müzakirə olundu. Səsləndirilən fikirlər bir daha göstərdi ki, Qlobal Bakı Forumu bütün dünya üçün əhəmiyyətli bir platformadır. Dünyanı narahat edən problemlərin ölkəmizdə həlli yollarının araşdırılması isə Azərbaycanı beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi tanıdır. Bir sözlə, Azərbaycan artıq beynəlxalq dialoq mərkəzinə çevrilib. Bu da qüdrətimizin və böyüklüyümüzün göstəricisidir.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

