Poeziyamızın “əkiz” qardaşları

post-img

Eyni tale onları sənətdə “qoşa qanad”a çevirmişdi

Onlar “gündaş” olaraq dünyaya gələndə İkinci Dünya müharibəsi gedirdi. 2 ay sonra faşist Almaniyası SSRİ-yə hücum edəcəkdi və hər ikisinin məsum uşaqlığının 4 ili “itəcək”, onlar dünyaya dəhşətdən, heyrətdən böyümüş gözlərlə baxacaqdılar. Sonra İsa İsmayılzadə “Mənim oyuncağım olmayıb heç vaxt”, Ələkbər Salahzadə isə “Dava havasında yaşa dolduq” – deyəcəkdilər. İlkin uşaqlıq dövründə müharibənin köynəyindən keçdikləri üçün boyları da bəstə qalacaqdı.

Amma Ələkbər “Boy” adlı şeirində boyunun balaca olmasından gileylənsə də, o və yaxın dostu İsa yaşıdları ilə müqayisədə ədəbi yaradıcılıq yolunda erkən “boy atdılar”. Biri Qarayazıda, o biri Qubada doğulmuşdu. Gəlib Bakıda – ADU-nun filologiya fakültəsində eyni qrupda oxumuşdular. Ömürlük dost olmuşdular. İlk dəfə “Azərbaycan gəncləri” qəzetinin 1961-ci il 19 iyul tarixli sayında birgə çap olundular: Ələkbər Salahzadə “Qapılar”, İsa İsmayılzadə isə “Poçt qutusu” şeiri ilə diqqət çəkdilər. Onların ilk kitabları – “Beş yarpaq” və “Ulduzların ad günü” də eyni vaxtda işıq üzü gördü.

Daha sonra Ələkbər Salahzadənin bir-birinin ardınca “Od heykəli”, “Gözlər baxır dünyaya” , “Xatirə çiçəyi”, “Od odası” və sair kitabları çap olundu. Şeir və poemaları öz orijinallığı, bənzərsizliyi ilə diqqəti cəlb etdi. İsa İsmayılzadənin isə “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət” və başqa kitabları oxucuların maraq orbitində yer aldı və təqdirini qazandı:

Mən böldüm bu dünyanı;
yaxşısını seçdim,
ayırdım yamanından.
Qoymadım əyrisini
düz bir ayrısının keçə yanından.

Onların uğur yolu heç də hamar olmayıb. Ədəbi tənqid bəzən şeirlərini qərəzlə təhlil edib. Amma müdafiəçiləri, qayğıkeşləri də olub. Mərhum ədəbiyyatşünas, professor Yaşar Qarayev bir məqaləsində yazmışdı: “60-cı illərin narahat üslub axtarışlarında formalaşan və artıq poetik fərdiyyətlər kimi sabitləşməkdə olan imzalardan ikisi, adətən, yanaşı çəkilir: Ələkbər Salahzadə və İsa İsmayılzadə. Bugünkü poeziyada maraqlı bir poetik üslubu bu iki imzanın poetik vəhdəti daha qabarıq ifadə edir”. Xalq şairi Rəsul Rza da onları danılmaz istedadlarına görə daim müdafiə edib.

Xalq yazıçısı Anar isə yaşıdların yaradıcılıq orijinallığını, ruh yaxınlığını xüsusi vurğulayaraq yazıb: “Ələkbər Salahzadə şeiri qurur, İsa İsmayılzadə rəsm edir. Onların yaradıcılığında sükutu eşitmək qabiliyyəti, hamının gördüyünü yeni gözlə görmək və bizə yeni baxışla göstərmək bacarığı, üzdə olan şeylərin dərinliklərinə, mahiyyətinə varıb yeni mənalarını açmaq, duymaq və duydurmaq məharəti güclüdür”:

Mənim qanadlarım olub bir zaman,
Bir arzu qanadı – sevinc qanadı,
Bir ümid qanadı – sevgi qanadı,
Bir xəyal qanadı – uçmaq inadı.
Elə bilmişəm ki, dünya mənimdir...

Onların “qoşa qanad” adlanması gerçəyini Ələkbər Salahzadə hər zaman fərəhlə etiraf edirdi. İsa İsmayılzadə isə qeydlərində bildirirdi ki, Ələkbərlə onun şeirləri uzun müddət həmişə yanaşı – qəzetlərin eyni səhifələrində, jurnalların eyni nömrələrində – çap olunub, tənqidçilərin məqalələrində həmişə adları qoşa çəkilib: təriflənəndə də, tənqid olunanda da”.

Ələkbər, sanki, bu sarsılmaz dostluğu nəzərdə tutub bu kitabını “Yerimiz bir, göyümüz bir” adlandırmışdı, İsa isə ilk kitabının adını “Ulduzların ad günü” qoymaqla eyni ildə, ayda və ildə doğulduğu dostuna işarə vurmuşdu...

85 yaşı tamam olan unudulmaz şairləri ruh və tale yaxınlığı birləşdirir. “Bir xurmayı sel götürüb apardı baxışımı” – deyən Ələkbər Salahzadə də, “Gözləyin, dünyaya qayıtmağım var” – deyən İsa İsmayılzadə də poeziyasevərlərin ürəyində yaşayır.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat