bp Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Özbəkistanın Üstyurt bölgəsində birgə fəaliyyət imkanlarını öyrənir. Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə aparılan müzakirələr həmin layihə çərçivəsində uğurlu nəticə əldə etmək üçün Azərbaycan neftçiləri ilə bacarıq və bilikləri birləşdirməyə imkan verəcək.
Qeyd edək ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, ARDNŞ və “Özbəkneftqaz” Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsünə dair saziş imzalayıblar. Bununla yanaşı, dekabrın əvvəlində Daşkənddə geoloji kəşfiyyat və karbohidrogenlərin hasilatı ilə məşğul olacaq “Ustyurt Operating Company” birgə şirkətinin ofisi açılıb. Dövlət Neft Şirkəti geoloji kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək.
Sazişin şərtlərinə uyğun olaraq ən azı 1000 kvadratkilometr sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır. Proqnozlara görə, Üstyurt bölgəsində yerləşən bloklarda 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir. Layihənin ümumi investisiya dəyəri 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
XQ

