Anar Quliyev: Layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir

post-img

"Son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb.  2028-ci ilə qədər bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir".

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

Anar Quliyev qeyd edib ki, layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir: "Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpa olunan enerji, ekoloji yanaşmalar və müasir urbanizasiya prinsipləri əsas prioritetlərdəndir".

Milli koordinator əlavə edib ki, həyata keçirilən layihələrdən biri ildə 500 milyon kilovat-saat enerji istehsal edəcək. Eyni zamanda, "ACWA Power" şirkətinin icra etdiyi Xızı-Abşeron külək elektrik stansiyası layihəsi regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək.

Bildirilib ki, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı və Bakı İqlim və Sülh Mərkəzi ilə birlikdə WUF13 çərçivəsində "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri" təşəbbüs paketini təqdim etməyi planlaşdırır. Təşəbbüs dayanıqlı bərpa və yenidənqurma üzrə beynəlxalq standartların dəstəklənməsinə xidmət edəcək.

Nurlan ABDALOV

XQ

Son xəbərlər